Ermənistanda qızları öldürürlər: “Həvva olmasa, Adəm neynəyəcək?”

Almaniyanın “Spiegel” jurnalı erməni cəmiyyətinin eybəcərliyindən yazdı - "Qız doğulacaq, yoxsa oğlan? Bizim evdə qıza yer yoxdur”

“Başqa ölkələrlə müqayisədə Ermənistanda qadınlar daha çox hamiləliyi yarımçıq kəsmək zorunda qalırlar. Bir oğul çox vaxt bir qızdan üstün tutulur. Hamilə qadınlar qız uşaqlarından qurtulmaq üçün hətta qeyri-qanuni yollara əl atırlar”. Almaniyanın ən nüfuzlu nəşrlərindən olan “Spiegel” dərgisi belə yazır.

“Qız olacaq, yoxsa oğlan?" Ermənistanda bu sualın cavabı çox vaxt ölüm-qalım dilemmasına çevrilir. Hər il ölkədə 1400 qız uşağı doğulmur, çünki onların doğulmasına süni şəkildə imkan vermirlər. Hamiləlik yarımçıq kəsilir, çünki qız uşağı istəmirlər”.

Ermənistanda belə bir fikir geniş yayılıb ki, oğlan uşaqları dəyərlidir, qız uşaqları isə ailəni ziyana salmaqdan başqa bir işə yaramır. Bu, düşüncə adət-ənənəyə bağlıdır və erməni cəmiyyətində ciddi rol oynayır: “ Oğlan nəslin davamını təmin edir, ailənin irsinə sahib çıxır və yaşlaşmış valideynlərin qayğısına qalmaq da onların borcudur. Qızlar isə böyüdükdən sonra başqa ailəyə köçüb gedirlər", Narine Beglaryan belə deyir. O, Ermənistanın paytaxtı İrəvanda Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunda (UNFPA) işləyir.

Dərgi qeyd edir ki, keçmişdə ailələr bir oğlan və ya bir qızın doğulacağını gözləməli olurdular. Sonra texnoloji tərəqqi hamiləliyə müdaxilə etdi. 1990-cı illərin ortalarından bəri Ermənistanda ultrasəs aparatlarından istifadə olunur. O vaxtdan bəri, hamiləliyin 12-ci həftəsindən etibarən doğulacaq körpənin cinsiyyətini müəyyən etmək olur. Hamiləliyin14-cü həftəsində isə doğulacaq uşağın cinsiyyətini aydın şəkildə görmək mümkündür.

O zamandan, xüsusən 2000-ci ildən bu yana cinsi bölgü balansı pozulub. 2000-ci ildə doğulan hər 120 oğlan uşağına cəmi 100 qız düşürdü. Eyni zamanda, Ermənistanda daha az uşaq doğulur. 1960-cı illərdə bir ailənin orta hesabla dörddən çox uşağı vardı, bu gün isə ailələrdə olan uşaqların sayı heç ikiyə çatmır.

Mädchen in Armeniens Hauptstadt Eriwan: In vielen Familien zählen Töchter weniger als Söhne

"Ermənistanda qayınanalar hamilə qadına və ya onun ərinə təzyiq göstərirlər. Çox vaxt qadınının özü də belə bir qərar verir. Çünki qadın oğul gözləyən ərini sevindirmək istəyir, ona gözlədiyi hədiyyəni verməyə çalışır", Karine Saribekyan “Spiegel”ə açıqlamasında belə deyir. O, Səhiyyə Nazirliyinində “Ana və Uşaq Sağlamlığı” şöbəsinin rəhbəridir.

İkinci və üçüncü uşağın mütləq oğlan olması baxımından hamilə qadınlara təzyiq xüsusilə güclü olur.

Ümumiyyətlə, abortun bölgədə uzun bir ənənəsi var: Sovet İttifaqında onlar ailə planlaşdırmasının bir elementi, bir növ kontrasepsiya vasitəsi idi. Xanım Saribekyan deyir ki, o vaxt hər qadına on-on beş abort düşürdü və bu, normal idi. Bu ənənən bu gün də öz təsirini göstərməkdədir. 2016-cı ildə aparılan bir araşdırma göstərir ki, indiyə qədər erməni qadınların demək olar ki, yarısı hamiləliyi yarımçıq qoyub.

Bir çox qadın hamiləliyi öz bildiyi üsullarla bitirməyə çalışır. “Cytotec” dərmanı hamilə qadınlar arasında xüsusi ilə populyardır. 1985-ci ildə bu dərman Amerikanın nəhəng “Pfizer” şirkəti tərəfindən bazara çıxarılmışdı. Əslində bu dərman mədə xorası xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub. Ancaq hamilə qadınlar bu dərmandan istifadə etdikdə uşaq düşməsi prosesi də baş verir. Bu dərman Ermənistanda 4 avroya satılır.

Kinder spielen in Armeniens Hauptstadt Eriwan (Archivbild)

Almaniya nəşri bildirir ki, Ermənistanda hamiləliyin qız məsələsinə görə yarımçıq kəsilməsinə etiraz edənlər çoxdur. Onlardan biri də İrəvandan 125 kilometr aralıda, ölkənin şərqindəki Geğarkunik vilayətində (Göyçə gölünün ətrafı) yaşayan İrina Hovhannisyandır. O, kukla teatrında üzərində “Əgər Həvva olmasaydı, Adəm neynəyərdi?” şüarı yazılmış plakat göstərir. Tamaşaçılara mövcud problemdən söhbət açır.

O deyir ki, 2060-cı il kritik bir il olacaq, çünki işlər belə davam edərsə, bu ölkənin demoqrafik balansı kəskin şəkildə pozulacaq. 2060-cı ilə qədər Ermənistanda böyük bir qız çatışmazlığı problemi yaranacaq.

Bu mövzu ilə bağlı “Spiegel” jurnalında başqa bir məqalə də gedib. “Ich wollte nicht mehr leben" (Mən daha yaşamaq istəmirdim) başlıqlı yazıda isə qız uşağına hamilə olan erməni qadının başına gələn hadisələr təsvir olunub. Qadın deyir: "Mətbəx masasının üstündə iki ədəd “Cytotec” həbi var idi. Bildirdim ki, o dərmanı atsam, bətnimdəki uşaq öləcək. Qayınanam dedi:" Bizim evdə qız uşağı üçün yer yoxdur ". Günortadan sonra bir də soruşdu: “Niyə indiyə qədər həbi atmamısan?”

Ona söz verdim ki, tezliklə həbləri qəbul edəcəm. Bu yeddi il əvvəlin söhbətidir. İndi qırx yaşım var və qayınanamdan əlli kilometr aralı kiçik bir mənzildə qızımla yaşayıram”. Adının gizli qalmasını istəyən qadın “Spiegel”in əməkdaşına bildirib.

"Warum eine Tochter, kein Sohn?": Diese armenische Frau, die anonym bleiben möchte, wurde von ihrer Familie gedrängt, abzutreiben

Qadın deyir ki, Geğarkunik əyalətində yerləşən universitetdə gələcək ərimlə tanış oldum. On üç ildən sonra evləndik. Nə dostlar, nə də ailə üzvləri nə vaxtsa boşanacağımızı heç təsəvvür belə edə bilməzdilər. O dövrdə yaxşı münasibətlərimiz olduğu üçün qayınanamla birlikdə yaşamaq istədim.

İlk qızım oldu, ona nənəsinin adını qoyduq. Ancaq nənə hey soruşurdu: “Niyə qız doğdun, oğul yox?'

Sonra qaynım öldü. Qayınanamın üç oğlu vardı: biri öldü, ikincisi boşandı, üçüncüsü isə mənim ərim idi. Yenidən hamilə idim. Qayınanamın artıq iki oğul nəvəsi vardı və mən də nəslin davamı üçün oğlan doğmaq arzusunda idim. Ancaq müayinədən keçəndə bəlli oldu ki, qız uşağına hamiləyəm.

Hamiləliyin altıncı ayına daxil olmuşdum. Özümü yaxşı hiss etməsəm də ev işləri ilə məşğul idim. Ərim evə gələndə, əvvəlcə anasını, sonra məni öpürdü.

Bir dəfə qayınanam ərimə qışqıraraq dedi: “Sənin arvadın mənimlə danışmır!” Bundan sonra ərim məni döydü. Qayınanam evlilik yatağımızdan bütün yastıqları və yorğanları götürdü və başqa bir otaqda oğlu üçün yataq açdı. Gecəni hamam dəsmalına sarılaraq keçirdim.

Qayınanam abort etməyimi tələb edəndə ağlayaraq evdən çıxdım. Qayınanamın bacısına üz tutdum, dərdimi ona dedim. “Niyə sirrimizi yayırsan”, deyən qaynanam evə döndükdən sonra mənimlə dalaşdı.

O vaxt boşana bilməyəcəyimi düşünürdüm. Evliliyi davam etdirmək istəyirdim. Ancaq ərim spirtli içki içir, problemlərdən yayınmağa çalışırdı.

Qayınanam isə abort etməyimdə təkid edirdi. O, “Cytotec” həblərini zorla mənə verdi. Sonda mən o həbləri atası oldum.
Daha sonra hamiləlik testi keçirdim. “Cytotec” həbi qəbul etsəm də testin nəticəsi müsbət çıxdı.

Evi tərk etmək qərarına gəldim. Qızıl üzüklərimi və boyunbağını çıxardıb onlara verdim. Ərim mənim getməyimi istəmirdi. Ancaq qayınatam aramızda dayanıb dedi: “ Bu, sənin seçimindir”. Mən müvəqqəti olaraq bacımgilə köçdüm və boşanmaq üçün məhkəməyə müraciət etdim.

Sonra həkimə getdim. Dərman öz təsirin göstərmişdi. Həkim dedi ki, uşağın olması çox risklidir. Dostlar və qohumlar mənə dedilər: "Çox qadın abort edir, sən də onlardan biri". Ancaq mən artıq yaşamaq istəmirdim. Mən bir insanı öz bətnimdə öz əllərimlə öldürmüşdüm. Yalnız böyük qızım yaşamaq üçün mənə güc verirdi.

Keçmiş həyat yoldaşım məndən soruşdu ki, niyə ikinci uşağımın doğulmasına imkan vermədin. Ona üzləşdiyim təzyiqləri xatırlatdım.

Keçmiş ərim işləmir, yenə içir. Qanuna görə, o, mənə maddi dəstək verməlidir, amma kömək etmir. Mən də heç nə istəmirəm. Hər şeyə rəğmən onu sevdim və sevəcəyəm. Həyatımda başqa kişinin olamasını heç ağlımın ucundan da keçirmirəm. Biz boşandıqdan dörd il sonra qayınatamın yas yerində qayınanamı gördüm. Məni qucaqladı. Bəlkə də peşman olmuşdu.

İstəmirəm ki, hansısa qadın mənim etdiyim səhvi təkrarlasın. Bu barədə İrəvandan olan dostlara, hətta dostlarımın dostlarına da deyirəm. Deyirəm ki, qızların hamısı doğulmalıdır, dünyaya gəlməlidir. Heç kəs qıza hamilə olan qadınları aborta məcbur etməməlidir.

Ermənistanda demoqrafik vəziyyətin ağır olması köhnə söhbətdir. Alman jurnalının təqdim etdiyi məqalələr də bu faktı bir daha təsdiqləyir. Bu mövzu ilə bağlı “Yeni Müsavat” olaraq bizim də müəyyən araşdırmalarımız var. Tezliklə həmin yazını da oxucularımızın müzakirəsinə verəcəyik.

Elbəyi Həsənli, Sürix

https://www.spiegel.de/politik/ausland/armenien-warum-frauen-zur-selektiven-abtreibung-gedraengt-werden-a-1291646.html?fbclid=IwAR1IKBbFp0IddWzxtBH615gh82gBrL8dcPh_oKXyUC4HYYghdDF8AJ4X5Wk#

https://www.spiegel.de/politik/ausland/armenien-eine-frau-erzaehlt-von-ihrer-abtreibung-a-1291660.html?fbclid=IwAR0tRo-qWB8uPZ81GFjLbyDuyN-YDUhqD5MvKyWqbaxmyOLrnn30NxNNE5Y

19:34