Üç təməl: Milli, Dövlət və Ərazi Təhlükəsizliyi

Hər bir dövlətin və millətin təhlükəsizliyi çox geniş anlayışdır. Buraya hərbi, siyasi, iqtisadi sahələrdən tutmuş ekoloji və informasiya təhlükəsizliyinə qədər geniş spektrlər daxildir.

Bu gün Azərbaycanın qanunverici və icra orqanları sadalanan sahələrin hər biri üzrə zəruri qanun və qərarları qəbul edərək, onları həyata keçirmək istiqamətində mühüm addımlar atır.

İctimai-siyasi sabitliyin qarantı

1993-cü ildə Ümummilli lider bir tərəfdən cəmiyyətdə sosial-psixoloji tənəzzülün və siyasi gərginliyin aradan qaldırılması imkanlarını səfərbər edir, dövlətin möhkəmləndirilməsi istiqamətində işlər aparır, digər tərəfdən də kənardan Azərbaycanı təhdid edən təhlükələrin qarşısının alınması üçün çoxşaxəli fəaliyyət göstərirdi. Azərbaycanın daxili və xarici təhlükələrdən uzaqlaşması, varlığının qorunması və inkişafının təməli, qeyd etdiyimiz kimi, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyi o illərdə qoyulurdu. Həmin siyasi kursun layiqli davamçısı İlham Əliyev bu təməllər üzərində qurulan Azərbaycanın təhlükəsiz inkişafını sistemləşdirərək yeni hədəflərə doğru istiqamətləndirdi. İlham Əliyev bu gün dövlətin suverenliyinin, müstəqilliyinin, Konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin mənafelərinin daxili və xarici təhdidlərdən qorunması yönündə siyasəti uğurla davam etdirir.

Milli Məclisdə qəbul olunmuş,  75 bənddən ibarət Hərbi Doktrinada qeyd olunur ki, Azərbaycanın yeganə düşməni Ermənistan və torpaqlarımızın işğal altında saxlanılması Azərbaycanın ən böyük təhlükəsizlik problemi olmaqdadır. 1990-cı illərin ortalarında yaranan ATƏT-in Minsk Qrupunun bu müddətdə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etməməsi vəziyyəti daha da gərginləşdirir. Halbuki, Minsk Qrupuna həmsədr olan dövlətlər - Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya Cənubi Qafqazda maraqları olduğunu gizlətmirlər. Ancaq adıçəkilən dövlətlərin Cənubi Qafqazın başlıca probleminin - Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün fəaliyyətlərini məqbul saymaq olmaz. Gəlin ATƏT-in Minsk Qrupunun münaqişənin həllini sürətləndirmək yönündə apardığı bir neçə görüş və danışıqlara qısaca nəzər yetirək...

Həmsədrlər niyə acizdirlər?

Uzun illər danışıqlarından sonra vasitəçilər Praqada münaqişənin həllinin əsas istiqamətlərini tərəflərə təqdim etdilər. Qeyri-rəsmi olaraq buna Praqa prosesi adı verildi. Vasitəçilər bunun ardınca ATƏT xarici işlər nazirlərinin Madrid toplantısında Praqa prosesinin davamı kimi yeni plan irəli sürdülər. Praqa prosesinə dəstək verən Azərbaycan hakimiyyəti bəzi qüsurlarına rəğmən, Madrid planını da qəbul etdi. Çünki həm Praqa, həm də Madrid prosesi özündə münaqişənin mərhələli həllini ehtiva edirdi. Yəni, birinci mərhələdə Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlar boşaldılmalı, məcburi köçkünlər geri qayıtmalı, DQ-nın statusu və digər məsələlər isə ikinci mərhələdə müzakirəyə çıxarılmalıdır. Azərbaycan bu planı qəbul etdi və dövlət başçısı İlham Əliyevin də söylədiyi kimi, aylarla Ermənistandan cavab gəlmədi ki, gəlmədi. Həmişəki kimi, Ermənistan hakimiyyəti məsələni uzatmaqla məşğuldu. Həmsədrlər isə özlərinin hazırladıqları planı Ermənistana qəbul etdirməkdə acizlik nümayiş etdirmişdilər.

Bu arada cəbhə bölgəsində vəziyyət gərginləşdi, atəşkəsin pozulması halları çoxaldı. Heç də təsadüfü deyil ki, Ermənistan hakimiyyətinin növbəti təxribatı nəticəsində baş vermiş silahlı insident zamanı Azərbaycan ordusu bir çox strateji əhəmiyyətli əraziləri, həmçinin Lələ təpə kimi əhəmiyyətli mövqeni geri aldı. Düşmənin bu cür təxribatlarının sonu hər dəfə olduğu kimi, ciddi itki verərək geri çəkilməsi və Ermənistanın indiki cinayətkar hakimiyyətinin istefası tələblərinin çoxalmasıyla nəticələnir.  

Münaqişənin həllinin alternativ yolu yox deyil                                              

Əvvəl-axır rəsmi Yerevan vasitəçilərin hazırladığı son həll planını qəbul etməli, ya da Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan alternativ vasitələr barədə düşünmək məcburiyyətində qalacaq. Danışıqlar heç bir nəticə verməyəcəyi təqdirdə günü-gündən hərbi qüdrətini artıran, peşəkar orduya, müasir hərbi texnikaya malik Azərbaycanın bu savaşı başlayacağı və mütləq qələbə çalaraq əzəli torpaqlarını geri qaytaracağı şübhəsizdir. Dövlət başçısı beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü ilə xalqların öz müqəddəratlarını təyinetmə hüququnun Dağlıq Qarabağ münaqişəsinin həllilə ziddiyyət təşkil etmədiyini söyləyib. Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyinetmə hüququ tanınır.     

Prezident İlham Əliyev dünyada mövcud olan ən yüksək statuslu muxtariyyət modelinin Dağlıq Qarabağa tətbiqinin mümkünlüyünü dəfələrlə bildirib. Amma erməni separatçıları nə Madrid prinsiplərini qəbul edir, nə də yüksək muxtariyyət modelinə ciddi yanaşırlar. Bu halda düşmən Azərbaycana münaqişənin həlli üçün alternativ yollara əl atmaqdan başqa seçim imkanı qoymur.  Ölkəmizin hərbi büdcəsi bütövlükdə Ermənistanın büdcəsindən dəfələrlə çoxdur. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandanın qarşıya qoyacağı istənilən vəzifəni yerinə yetirmək qabiliyyətindədir.                         

Azərbaycanın uzaq və yaxın qonşuları ilə münasibətləri təhlükəsizliyimizin davamlı hala gəlməsində vacib rol oynayır. Ermənistandan savayı münasibətlərdə ciddi problem yaşadığımız ikinci dövlət yoxdur. Gürcüstanla siyasi və iqtisadi münasibətlər, həyata keçirilən birgə layihələrin (Bakı-Tiflis-Poti neft və Bakı-Tiflis-Ərzurum qaz boru xətləri, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Qars dəmiryolu) həcmi o səviyyəyə çatıb ki, qonşu ölkənin keçmiş prezidenti Mixail Saakaşvili hətta Azərbaycanla konfederasiyanın yaradılması zərurətindən danışırdı. Çünki Tiflisdə yaxşı anlayırlar ki, qonşu Ermənistanla müqayisədə məhz Azərbaycanla münasibətlər Gürcüstanın inkişafının və təhlükəsizliyinin qarantıdır. Gürcüstanın indiki hakimiyyəti də bunu anlayır, ikitərəfki əlaqələrin inkişafına çalışırlar.

Qərb qonşumuzdan fərqli olaraq, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, təəssüf ki, bu, rəsmi Tehranın işğalçı Ermənistanla sıx münasibətlər qurmasına mane olmur. Ermənistan keçmiş illərdə və elə indi də iqtisadi mövcudluğunu məhz İranın yardımları hesabına gerçəkləşdirir. Uzun illərdir iki ölkə arasında enerji və nəqliyyat layihələri gündəmə gətirilir. Buna rəğmən, Azərbaycan üçüncü ölkənin daxili işlərinə qarışmamaq siyasətindən çıxış edərək İranla dinc və mehriban qonşuluq münasibətlərinə üstünlük verir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra Rusiya ilə münasibətlərdə müəyyən gərginlik hökm sürürdü. Bu gərginlik 2000-ci ildən etibarən azalmağa başladı. Rusiyada hakimiyyət başına gələn Vladimir Putin ilk xarici səfərini məhz Azərbaycana etdi. İki dövlət arasında siyasi təmaslar və ticarət mübadiləsi artdı. Tərəflər mübahisəyə səbəb olan Xəzərin hüququ statusu ilə bağlı razılığa gəldilər, su sərhədlərini müəyyənləşdirdilər.

İkili standartlara son! 

...Əfsuslar olsun ki, Rusiya torpaqlarımızı işğal edən Ermənistana dəstəyini azaltmayıb. Əksinə, Rusiya tarixən olduğu kimi, Ermənistanı öz patronajlığına götürərək ona hamillik etməkdən vaz keçmir. Beş il öncə İrəvana səfər edən Rusiyanın eks-prezidenti Dmitri Medvedev prezident Serj Sərkisyanla hərbi sazişi yeniləyərək Rusiyanın Ermənistandakı hərbi bazasının müddətini 49 illiyə uzatdı. Üstəlik, həmin sənədə hərbi bazanın Ermənistanın təhlükəsizliyinin təminatçısı olması maddəsi də əlavə olundu. Aydındır ki, bu saziş Azərbaycanın siyasi və ictimai dairələrində sakit qarşılana bilməzdi. Rusiya prezidentinin İrəvan səfərindən bir neçə gün sonra Azərbaycana rəsmi səfər etməsi məhz bu narazılıqla bağlı idi. Rusiyanın eks- prezidentinin Bakıda imzaladığı sənədlər ondan xəbər verirdi ki, əslində Moskva üçün Cənubi Qafqazda ən faydalı tərəfdaş Azərbaycandır. Həqiqətən də Rusiya imkansız və dotasiyaya möhtac Ermənistanla müqayisədə Azərbaycanla daha geniş əməkdaşlıq perspektivinə malikdir. D.Medvedevin İ.Əliyevlə Bakıda imzaladığı qaz anlaşması bunun bariz nümunəsidir. Bu mənada rəsmi Kreml Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı mövqeyinə göz gəzdirməli, vasitəçiliyini bu yöndə qurmalıdır.

Azərbaycan xarici siyasətində Qərb istiqamətinə, Avropa Birliyi və ABŞ-la münasibətlərə xüsusi önəm verir. Ölkəmizi bölgənin açar dövləti kimi qəbul edən Vaşinqton Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarına çatdırılmasında, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakına görə rolunu yüksək qiymətləndirir. Əlbəttə, ABŞ-ın indiki hakimiyyəti və prezident Trampın ölkəsinin Qavqazda məhz Azərbaycana daha yaxın, strateji baxımdan daha gərəkli olmaq arzusu gələcəkdə işguzar və diplomatik əlaqələrin genişlənəcəyindən xəbər verən amildir. Söz yox ki, Trampa qədər də ABŞ-Azərbaycan münasibətləri heç də soyuq deyildi. Misal üçün, Barak Obama hakimiyyəti dövründə dövlət katibi Hillari Klintonun və müdafiə naziri Robert Qeytsin Azərbaycana səfər etmələri önəmli hadisə idi. Bütün bunların məntiqi davam kimi, prezident İlham Əliyev Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə bir araya gələrək, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi apardı Ümumilikdə, Azərbaycan ABŞ üçün çox əhəmiyyətli və strateji, geosiyasi baxımdan əlverişli ölkələrdən sayılır.

Sevincimiz bir, kədərimiz bir

Azərbaycanın bölgədə ən yaxın və sadiq müttəfiqi Türkiyədir. İki qardaş və strateji müttəfiq dövlətlər arasındakı münasibətlər tək özlərinə aid olmayıb, Cənubi Qafqazda sülh və əmin-amanlığı yaradacaq gücə malikdir. Türk dünyasının iki böyük şəxsiyyəti - Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri ilə Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı bu müttəfiqliyin dünənki, bugünkü və gələcək konturlarını müəyyənləşdirib. Azərbaycan və Türkiyənin hazırkı hakimiyyətləri bu siyasəti uğurla davam etdirirlər. 7 il bundan öncə, 2010-cu ilin avqustun 16-da strateji müttəfiqlər aralarındakı münasibətlərdə yeni səhifə açıldı. Azərbaycan və Türkiyə prezidentləri Bakıda "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə imzaladılar. Az sonra İstanbulda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılmasına dair bəyannamə imzalandı. Həm müqavilə, həm də Tərəfdaşlıq Şurası mövcud münasibətləri daha üst səviyyəyə qaldırmaq imkanındadır.

...Mürəkkəb bölgədə varlığını ləyaqətlə qoruyan, sürətli inkişafa nail olan Azərbaycan həm Dağlıq Qarabağ münaqişəsinin həllində, həm də yaxın və uzaq qonşularla münasibətlərdə bir prinsipdən çıxış edir: həyata keçirilən siyasət Azərbaycanın milli, dövlət və təhlükəsizlik maraqlarına xidmət etməlidir. Bu siyasətin alternativi yoxdur!

Nəsimi HƏSƏNOV (QARABAĞLI)
"Dünya Azərbaycanlılarının Vətənpərvərləri" İctimai Birliyinin (DAVİB) prezidenti 

525.az

22:56