Təhsilli işsizlər ordusu yaranır: Universitetlərdə yeni pul mənbəyi

Azərbaycanda mövcud universitetlərin nəzdində 2 illik sub-bakalavr pilləsi (kolleclər) yaradıla bilər ki, bu da gənclərin orta ixtisas təhsili ilə əhatə olunma səviyyəsinin artırılmasına yönəldilib. Bu barədə Azərbaycan prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir. Qeyd olunur ki, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılacaq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialının qiymətləndirilməsi aparılacaq.

Peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması planına əsasən, həmin müəssisələrin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması təşviq olunacaq. Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan təhsili 2009-cu ildə qəbul edilmiş təhsil haqqında qanunla sub-bakalavr termini ilə tanış oldu: “Bu istiqamətdə ilk addım texnikumların kollec adlandırılması ilə atıldı. Təəssüflər olsun ki, 2010-cu ildə baş verən dəyişiklik yalnız təhsil müəssisələrinin adlarında oldu, tədris və təhsilin kolleclərdə inkişafı baş vermədi, elə əvvəlki kimi zəif olaraq qaldı.Danılmaz faktdır ki, hal-hazırda kolleclər əmək bazarının tələblərinə uyğun olan kadr hazırlığını həyata keçirə bilmir.Yəni, bu pilləni bitirənlər keyfiyyətli təhsil ala bilmədiklərinə görə sonradan işlə təmin olunmada ciddi problem yaşayırlar.İlkin nəzərə çarpan dəyişiklik o olacaq ki, əvvəllər kolleci bitirənlərin diplomuna kiçik mütəxəssis yazılıb.Ancaq indi yeni "Təhsil haqqında" qanuna uyğun olaraq onlar sub-bakalavr olacaqlar. Bundan başqa bu dəyişiklik ali təhsilli mütəxəssislərə yardımçı hazırlamaq imkanı verəcək. Üçüncüsü, yardımçı mütəxəssisi dövlət az vəsait xərcləməklə yetişdirəcək. Mənim əldə etdiyim məlumatlara görə, kolleci bitirən tələbələrə xüsusi güzəştlərin tətbiqi də nəzərdə tutulur. Məsələn, tələbə kolleci bitirəndən sonra təhsilini davam etdirmək istəsə, o, ali məktəbi 3 ilə bitirəcək. Bundan əlavə, sub-bakalavrın keçdiyi fənlərin kreditləri qəbul olduğu ali məktəbdə tanınarsa, onda o, qısaldılmış proqram əsasında yəni 4 ilə yox, 3 və ya 3,5 ilə tədrisini başa çatdıra bilər.
Kolleclərin Ali təhsil müəssisələrinin tərkibində olmasına gəlincə, ekspert qeyd edib ki, artıq bu istiqamətdə işlərə başlanılıb: “Bir müddət əvvəl Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı qərar verib. Uzun müddət müstəqil fəaliyyət göstərən 14 kollec birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib. Belə ki, Nazirlər Kabinetinin məlum qərarı ilə orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub. Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci, Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb. Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.Bunlarla yanaşı, Kooperasiya universitetinin və Odlar Yurdu universitetinin tərkibində eyni adlı kolleclər də fəaliyyət göstərir.Hesab edirəm ki, onların fəaliyyəti təhlil edilsə, yeniliyin effektivliyi daha çox olar”.

Yeganə Oqtayqızı
Cebhe.info

13:47