Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi

“Səfirliyin nümayəndələrinə deyib ki, ya məni öldürün, ya da sığınacaq verin”

Çingiz Abdullayev həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr edib. O, 1956-ci ilin mayın 28-də SSRİ vaxtında həmfikri, dostu Cahid Hilaloğlu ilə birgə cümhuriyyətin yaranmasının 39-cu ildönümü münasibəti ilə üçrəngli bayrağımızı Qız Qalasının üzərinə sancıb. Siyasi mübarizəsinə görə ömrünün 40 ilini sürgünlərdə, həbslərdə, ruhi xəstəxanlarda keçirib.Çingiz Abdullayevin yaşadığı dəhşətli həyat, naməlum taleyi barədə onun qardaşı qızı Töhfə Eminova ilə hömsöhbət olduq. Töhfə xanım hazırda ailəsi ilə birlikdə ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayır. Orada fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasına sədrlik edir.

Töhfə Eminovanın Azvision.az-a müsahibəsini təqdim edirik:

— Töhfə xanım, istərdim ki, əminizin həyatı haqqında bizə ətraflı məlumat verəsiniz.

— Əmimgil iki qardaş olublar. Onlardan biri atam Aydın Abdullayev, digəri Çingiz Abdullayevdir. Çingiz əmim 1929-cu ildə Laçın rayonunda dünyaya gəlib. Mənim nənəm ginekoloq olub. Həmin vaxt Laçında işləyirmiş. Daha sonra ailələri Bakıya köçüb. Əmim məktəbi bitirdikdən sonra Teatr İnstitutuna daxil olub. Orada sovet rejimi ilə mübarizə aparan dostu Cahid Hilaloğlu ilə tanış olub. Ondan sonra hər ikisi bütün ömrünü siyasətə bağlayıb. Mən həmişə əmimin həsrətində olmuşam. Başı siyasi məsələlərə qarışdığından onu çox görə bilmirdim. Yalnız ad günlərimdə gələ bilsəydi gələrdi, gələ bilməsəydi Moskvadan zəng vurub iki dəqiqəlik təbrik edərdi. Ondan artıq danışmırdı ki, yerini bilərlər. Çünki KQB ona nəzarət edirdi.

Yadıma bir epizod düşdü. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində 4-cü sinifdə oxuyurdum. Bir gün KQB məni məktəbdən götürüb evimizə apardı.Valideynlərimə dedilər ki, siz Moskvaya gedəcəksiniz, pasportlarınızı götürün. Moskvaya çatanda bizi digər KQB nümayəndələrinə təhvil verdilər. Onlar isə valideynlərimi və məni Amerika səfirliyinə apardılar. Biz orada xəbər tutduq ki, Çingiz əmim həbs olunanda Amerika səfirliyinə qaça bilib. Oradan siyasi sığınacaq istəyib. Anamla atamı ora gətirməkdə məqsəd əmimlə danışıb, onu dilə tutmaq idi. Məni isə maşında girov saxlamışdılar ki, birdən valideynlərim geri qayıtmaz. Amma onların başqa bir ölkəyə köçmək fikri yox idi. Atam əmimi heç cür razılığa gətirə bilmirdi. O, vətənə qayıtmaq istəmirdi. Orada atam əmimə bir şillə vurdu. Dedi ki, sənə görə ailəm əziyyət çəkir. Yadımdadır, bir də gördüm əmim ikinci mərtəbədən pərdəni qaldırıb mənə baxır. Ona demişdilər ki, uşaq maşının içindədir. Məni çox istəyirdi.

 

20 ilə yaxın əmimi Maştağa Psixiatrik Xəstəxanasında saxlayıblar. Moskvadan belə bir qərar verilmişdi ki, ona ruhi xəstə adı qoyulsun. Əmimin heç bir xəstəliyi yox idi. Danışırdı ki, dərman verəndə içmir, iynə vurmağa qoymur. Buna görə də 20 il xəstəxana həyatına dözdü. Huşunu itirməmişdi. Orada qəzetlər oxuyurdu. Bütün məlumatlara sahib idi. Amma danışmırdı, xoflu idi. Xəstəxananın baş həkimi Tofiq Abbasov atamın yaxın dostu idi. Ancaq o vaxtlar heç nəyə baxmırdılar.

Rəhmətlik anam Çingizin yolunda çox əziyyət çəkdi. Hamı əmimdən üz döndərmişdi. Çünki KQB-nin qorxusu var idi. Hər kəs öz ailəsi ilə məşğul olurdu. Anam isə onu atmırdı. Mən anamla əmimin saxlanıldığı Maştağa Psixiatrik Xəstəxanasına gedirdik. Ona yemək aparırdıq. Çingiz əmimi ən ağır ruhi xəstələrin yanına salmışdılar. İstəyirdilər ki, onların arasında qalıb ağlını itirsin. Bir dəfə biz ora gedəndə baş həkim anama dedi ki, Rəhilə xanım, bəlkə içəri girməyəsiniz, ora çox təhlükəlidir, uşaqla gəlmisiniz. Anam dedi, qorxma, Çingiz haradadırsa, orada sakitlik olar. Əmimin daxilində, vücudunda o qədər liderlik qabiliyyəti var idi ki, ruhi xəstələri də idarə edirdi. O, işarə verən kimi xəstələrin hamısı sakitcə keçib qıraqda oturdular. Bizə heç kim mane olmadı. Əmim yeməyindən orada dostlaşdığı bir xəstəyə də verdi. Çingizin liderliyi daxildən gəlirdi. Ona dərmanalar verirdilər, iynə vururdular, amma heç cürə sındıra bilmirdilər. Əmim 20 ildən sonra oradan çıxa bildi. Həmin vaxt mən artıq institut tələbəsi idim.

 

— Ondan sonra əminizlə görüşə bildinizmi? Sizinlə əlaqə saxlayırdımı?

— Əmim xəstəxanadan çıxandan sonra bizə gəlmədi. Bilirdi ki, KQB onu izləyir. Evimizə gəlsəydi, ailəmiz üçün böyük problem yaradacaqdı. Buna görə də birbaşa Moskvaya gedib, oradan anama zəng vurdu ki, yaxşıyam, mən xəstəxanadan çıxmışam. Atamla çox danışmırdı. Çünki atam ona hirsli idi. Əmimə görə atamı işdən çıxarmaq istəyirdilər. Mənim üçün də böyük təhlükə var idi. Məktəbdən qova bilərdilər.

— Moskvaya getdikdən sonra nələr baş verdi?

— O, Moskvada yenidən Amerika səfirliyinə müraciət edib, sığınacaq istəyib. Onun müraciətinə müsbət cavab verilib və ABŞ-a yola salınıb. Orada 6 ay qalıb. Çingiz əmim özü Nyu-Yorkdan bizə zəng edib dedi ki, hər şey yaxşıdır, artıq Amerikadadır. Bildirdi ki, orada gözündən əməliyyat olunub. Onun katarakta xəstəliyi var idi. Daha sonra öyrəndik ki, İsveçrənin Bern şəhərinə köçüb. 1993-cü ildə Berndən zəng vurub bildirdi ki, mən bacardım, SSRİ dağıldı. 1956-cı ildə Qız Qalasından bayrağı asdım, indi isə bu rejimin dağılmasının şahidi oldum. Sonra əlavə etdi ki, narahat olmayın, hər şey yaxşıdır. Mən ali məktəbi bitirdiyim il idi. Məndən də soruşdu ki, işlərin necədir və s. Çingizlə sonuncu dəfə həmin vaxt danışa bildik. Ondan sonra bu günə kimi əlaqə qura bilmədik.

 

— İsveçrəyə köçəndən sonra ailə həyatı qurmuşdumu?

— Xeyr, ailəli deyildi. Çünki həyatını həbslərdə keçirmişdi, evlənməyə vaxtı qalmamışdı.

— İndi həyatda olub-olmaması ilə bağlı məlumatınız varmı? İsveçrəyə köçdükdən sonrakı həyatı haqqında nələri bilirsiniz?

— İllərdir ki, əmimi axtarıram. İsveçrənin diaspora sədri ilə əlaqə saxladım. O, bizə kömək edəcəyini dedi. Amma indiyə kimi heç kim onun haqqında eşitməyib. Bəlkə də yaşayır, bəlkə də dünyasını dəyişib.

— Əminizlə bağlı mətbuatda gedən yazılarda onun birabaşa İsveçrə səfirliyindən viza aldığı yazılır. Sizə isə Amerika səfirliyini qeyd etdiniz. Bu, bir qədər çaşqınlıq yaradır.

— Doğrudur, əmim İsveçrənin Moskvadakı səfirliyindən də sığınacaq istəmişdi. Ancaq bu baş tutmamışdı. Çünki ona viza verilənə qədər Moskva otelində qalmağı təklif etmişdilər. Toxunulmazlığına təminat vermişdilər. Ancaq KQB əmimi aldatmışdı. Onu qaldığı oteldə həbs edib, oradan da Maştağadakı xəstəxanaya gətirmişdilər. Məhz buna görə Çingiz əmim ikinci dəfə ABŞ səfirliyini seçmişdi. İsveçrə neytral ölkədir. ABŞ-ın isə maraqları var idi. O, Amerika səfirliynə getmək üçün günlərlə müşahidə aparıb. Səfirliyin qapısı saat neçədə açılır, bağlanır, maşın nə zaman gəlir və s. Onda belə bir qanun var idi ki, ayağın səfirliyin torpağına dəyirdisə, səni heç kim kənara ata bilməzdi. Səfirliyin qapısı açılanda əmim özünü tez içəri salmışdı. Səfirliyin nümayəndələrinə deyib ki, ya məni öldürün, ya da sığınacaq verin.

 

— Çingiz bəy həbsdə olduğu illərdən sizə nəsə danışırdımı?

— O, bizə gələndə evin içində danışmırdı. Yalnız ayaqyolunda söhbət edirdi. Deyirdi, onu güdən KQB agentlərində aparat var ki, o hər yerdə yazır. Ayaqolunda isə alınmır, səsi götürə bilmir. Bu barədə çox məlumatlı idi. O, istiqamətini, yerini heç vaxt bizə demirdi. Qorxurdu ki, KQB sıxışdırar və atamgil onun yerini deyər.

— Bəs silahdaşı Cahid Hilaloğlunun sonrakı taleyi ilə bağlı məlumatınız varmı?

— Cahidin sonrakı həyatı haqqında dəqiq məlumatlı deyiləm. Yalnız onu bilirəm ki, onlar bayrağı birlikdə Qız Qalasına qaldırmışdılar. Cümhuriyyət dövründə Məmməd Əmin Rəsulzadənin ətrafındakı 8 nəfərdən biri ata tərəfdən qohumumuz olub və ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Çingiz əmim də onlarla çox yaxın olub. Onda bütün əlaqələr var idi. Əmim onların yolu ilə gedib mübarizə aparırdı. İstəyirdi ki, Lerik vasitəsi ilə İrana, İrandan isə Türkiyəyə getsin. SSRİ-ni onlarla birləşib dağıtmaq istəyirdi.

Yeri gəlmişən deyim, çox adam elə bilir ki, əmim institutu bitirə bilməyib. Həqiqət isə budur ki, əmim təhsilini qiyabi də olsa başa vurub. Olduqca ziyalı, ağıllı insan idi. “Qolos Ameriki”ya dəfələrlə müsahibə vermişdi. Demək olar ki, ilk radio diktorlarından biri olub. Hələ institutda oxuyarkən yaxşı diksiyasına, danışıq qabiliyyətinə görə radioya dəvət edilib.

 

 

 

Töhfə xanımın anası

 

Şahanə Rəhimli
Azvision.az

P.S. Xatırladaq ki, Çingiz Abdullayev əslən Laçın rayonundan və Cahid Hilaloğlu isə Ağdam rayonundan olub. Bir nəslə örnək məşəqqətli bir mübarizə yolu keçiblər…

13:19