ŞAHMATÇININ ATASINDAN AZAD RƏHİMOVA SƏRT İTTİHAMLAR

 “Vasif Durarbəyli hələ 2006-cı ildə 14 yaşlılar arasında dünya ikincisi və Avropa çempionu olduqda belə onunla maraqlanmadılar. Təxminən sentyabrdan yanvara qədər heç kim onu axtarmadı. Sanki sıradan nəticə göstərib”.

Hurriyyet.org bildirir ki, bunu apasport.az saytına açıqlamasında Azərbaycanın tanınan şahmatçısı Vasif Durarbəylinin atası Sabir Ələkbərov deyib. Hazırda ABŞ-da təhsil alan qrossmeysterin gələcək karyerasında ciddi problem yaranıb. Atasının sözlərinə görə, aşağı yaş qruplarında dünya və Avropa çempionu, beynəlxalq turnirlərin qalibi olmasına baxmayaraq, övladı biganəliklə üzləşib. Artıq 25 yaşlı Vasiflə Azərbaycan Şahmat Federasiyası (AŞF) arasında ciddi narazılıqlar yaranıb. Ələkbərov bildirib ki, oğlu ilk ciddi uğurlarını qazandığı vaxtdan haqsızlıqlarla üzləşib: “Hələ 2006-cı ildə məcburiyyət qarşısında qalib, bunu mətbuata açıqlamışdım. Ardınca federasiyadan “niyə belə etdiniz, ilin sonunda biz bunu nəzərə alacaqdıq” söylədilər. Gənclər və idman naziri Azad Rəhimovun köməkçisi məni nazirliyə dəvət etdi. Oğlumun kompüter və yarışlara yollanmaq problemi ilə üzləşdiyini dedim. Rəhimov da kompüter verdi. Sonra bildirdi ki, yarışların Əsasnaməsini gətir, sizi turnirə özüm göndərəcəm. 1 il bitdikdə federasiya buna qıcıqlandı ki, məktubsuz yarışa necə gedirsiz? Ardınca yenidən əlaqələr kəsildi. Nazirin köməkçisi həmin vaxtdan indiyədək bizi qəbul etmir”.
Ələkbərov vurğulayıb ki, indiyədək federasiya tərəfindən övladına lazımı dəstək göstərilməyib. Bir çox müraciətlərdən sonra isə Mahir Məmmədov “SOCAR-Georgia” MMC-nin baş direktoru kimi 2008-ci ilin avqust ayının 11-dən 24-ə kimi Gürcüstana təlim-məşq toplanışına göndərib: “Ardınca yenidən adi qaydada hazırlıq keçsə də, 2010-cu ildə Vasif dünya çempionu adını qazandı. Həyatında yenə hansısa dəyişikliklər olmadı. 2014-cü ildə də mundialın qalibi olduqdan sonra çoxsaylı müraciətlərə əsasən, Moldovaya təlim-məşq toplanışına göndərmək qərarına gəldilər”.
Ələkbərovun sözlərinə görə, Moldova hazırlığı da yarımçıq olub və bunda AŞF-nın vitse-prezidenti Faiq Həsənov problem yaradıb: “Dedilər ki, məşqçini özünüz tapın. Bunu etdikdən sonra federasiya prezidenti Elman Rüstəmovun bu sahə üzrə köməkçisi də nə lazımdı edəcəklərini söylədi. 10 günlük hazırlıq üçün bütün məsələləri həll etdik. Bu zaman Həsənov ortaya çıxdı. Məşqçi Viorel Baloqanla əlaqə yaradaraq, çox yüksək məbləğ istədiyini dedi. 1 gün üçün 200 avroya razılaşmışdıq. Moldovada qalmaqla, gündəlik qida xərclərini qrossmeyster tərəfindən verilməsini məcbur etdi və dedi ki, biz sizə cəmi 2000 avro verəcəyik. Baloqan da “əgər elədisə, 7 gün məşğul olacam” cavabını verdi. Vasif lazımı kursu tamamlanmadı. Bunun üçün məhz həmin 3 gün çatmayıb. Nəticə çıxarın, əvvəl hər şeyi bizə həvalə etdilər. Bunu biz bacardıqdan sonra Həsənov dedi ki, guya biz çox məbləğ demişik və azaltdı”.
Ələkbərov bildirib ki, titullara yiyələnən oğlu 2015-ci ildə reytinqinə görə 4-cü yerdə olsa da, yenə də komandada ögey münasibətlə üzləşib: “Beynəlxalq qrossmeyster, dünya və ya Avropa çempionluğu, habelə ölkədə reytinqinə görə 4-cü yer də heç bir əsas vermədi ki, oğluma əmək haqqı versinlər. Bu məsələni qaldırdıqda yığmanın üzvü olmadığını dedilər. Mən “bu hansı əsasla seçilir” sualını verdikdə, Həsənov dedi ki, bunu komandanı baş məşqçisi seçir. 2012-ci ildə mərhum şahmatçımız Vüqar Həşimov xəstələndikdə baş məşqçi Vladimir Tukmakov məsələ qaldırdı ki, milliyə gələcək üçün əvəzedici hazırlanmalıdı. Həmin vaxt “Naxçıvan Open”i izləyib, seçimini də etdi. O, Vasifin üzərində dayandı. Ardınca bəyan etdi ki, onu millidə görmək istəyirəm. Ukraynalı mütəxəssis Durarbəylini əsas komandaya hazırlamaq və oğluma 1000 manat maaş verilməsi barədə də federasiyanı məlumatlandırdı. Təəssüf olsun ki, Tukmakovun bu sözləri rəhbərliyin xoşuna gəlmədi və yanvardan sonra komandadan uzaqlaşdırıldı. Məsələ də bağlandı. Həmin vaxtdan da millinin üzvləri necə seçilir, hələ də bilinmir. Əmsala görə deyirlər. Bu adam 4-cüdüsə niyə milliyə düşmədi və niyə indiyə kimi maaş almır? Hansı statuslar əsas götürülür?”
Qrossmeysterin atası oğlunun sosial durumundan da narazıdı: “Oğlumun əmsala görə qərarlaşdığı yerdən üzü yuxarı və aşağı hamısına ev verildi. Hansı ki, 5 il öncə Eltac Səfərlidən sonra dedilər ki, növbə sizdədi. Ancaq bunu da etmədilər. Ötən il adımızın ev siyahısına salındığını dedilər. 6 nəfərli ailə 39 kv2-lik evdə yaşayırıq. Vasif gəlib burda necə hazırlaşsın, necə evlənsin?”
Ələkbərov problemlərin haradan qaynaqlandığına da aydınlıq gətirib. O qeyd edib ki, tutarlı olmayan fakta görə oğlu ilə prinsip aparılır: “İllər öncə federasiyada kiməsə dərəcə vermək üçün oyun təşkil etmişdilər. Həsənov əvvəldən deyil, yarışa az qalmış oğluma birbaşa “burda oynamalısan” dedi. Vasif də “Mən orda əmsal itirə bilərəm, niyə gəlməliyəm ki?” cavabını verib. Bu da onun xoşuna gəlməyib və həmin vaxtdan da bu problem də davam edir”.
Sabir bəy vurğulayıb ki, oğlu vəsiqə qazandığı yarışlara aparılmayıb və əvəzində onun yerinə başqaları yollanıb: “Vasif 2013-cü ildə Dünya Kubokunda iştirak hüquqa yiyələnmişdi. Həmin yarışa Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov əmsala görə düşdü. Sonradan kimsə yarışdan imtina etdi və Eltac Səfərli də Dünya Kubokuna dəvət olundu. Amma federasiya prezidentinin bu 3 şahmatçı ilə yanaşı, yarışa getmək hüququna malik olmayan Rauf Məmmədov yollandı. Vasifi aparmadılar. Bu da psixoloji cəhətdən uşağa təsir edir. Yaxud, Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasına hazırlıqlar, təlim-məşq toplanışları reklam xarakteri daşıdı. Yarışa 2 ay qalmış Elman Rüstəmovun Murad adlı köməkçisi zəng etdi ki, bəs Vasif hardadı? Məşqə gəlməlidi, yığmanın heyətindədi. İkinci komandada I lövhədə oynamalıdı. ABŞ-da oxuduğunu xatırlatdım. Əlaqə saxladım, xəbəri olmadığını dedi. Təcili bilet alındı və gəldi. Sonra maaş üçün müqavilə bağlanmalı idi. Vasif köməkçiyə anlaşma ilə razılaşmadığını bildirdi. Murad da rəhbərliyə çatdırmalı idi. Yarışa az qalmışdı, məsələ qaldırdılar ki, guya biz kimisə şantaj edirik. Oğluma dedim ki, turnir Azərbaycan üçündü, oyna. Amma məsələ tam başqa idi”.
Ələkbərovun sözlərinə görə, Olimpiada ərəfəsində də oğlunun hüquqları pozulub: “Azərbaycanda cəmi 7 şahmatçı 2600-dən yuxarı xala malikdi. Onlardan da Şəhriyarla Teymur 2700 çox yığıblar. Bir nəfər isə legioner Arkadi Naydiçdi. Eşitdiyimə görə, ayda 8000 avro verirlər. Oğlum hazırlansaydı, əcnəbiyə niyə o qədər pul verilirdi ki? Olimpiadada 4 nəfərdən Rauf Məmmədovla Eltac Səfərlinin hərəsinə 6000, Qədir Hüseynova 4000, oğluma 1500 manat maaş kəsmişdilər. Özü də onlara ya fevral, ya da aprel ayından əmək haqqı verilirdi. Bu hansı meyarladı, mənə çatmır. Hələ məsələ qaldırıblar ki, ABŞ-dan gəlib-getmə pulu da maaşın içindədi. Biz də müqaviləyə qol çəkmədik, açıq qaldı. Axırda xəzinədar zəng etdi ki, pul burda yığılıb qalıb. Cəmi 4 ayın pulunu verdilər. ABŞ-da təqaüd almır, həmin pula doğurdan da ehtiyac vardı. Müqaviləsiz filansız bir kağıza qol çəkib, pulumuzu götürdük”.
O, bildirib ki, AŞF-nın vitse-prezidenti Məmmədovun köməkliyi də uzun çəkməyib. Qurum rəsmisi 2013-cü ilin aprelində federasiya adından deyil, “SOCAR-Georgia” MMC-nin baş direktoru kimi lazımı dəstək olmağa başlayıb. 1-2 aylıq fasilə də olsa da, 1 il davam edib: “İstəyirəm ki, səbəbini biləm, Vasifin oxuduğu dövrdə xəbərdarlıq edilmədən niyə belə oldu? Ondan sonra yenə Həsənov ortaya girdi ki, federasiya sizə köməklik edəcək. Sentyabrda 500 manat yardım verdi. Onu da ərizə ilə müraciət edəndən sonra fasilələrlə və yanvar, ya fevralda yenidən saxladılar. Dedilər ki, Olimpiadada olacaq. Ondan sonra bu günə kimi heç nə vermirlər. Müraciətlərim cavabsız qalır. Həsənovun icazəsi olmadan, federasiyada milçək uça bilməz. Hər şeyi atır Rüstəmovun köməkçisi Muradı üstünə”.
Ələkbərov sonda gənclər və idman naziri Azad Rəhimova müraciət edib. O bildirib ki, nazirlə görüşüb, bir sıra məsələləri onunla müzakirə etmək arzusundadı.

Hurriyyet.org

11:00