“S-400”lər döyüş vəziyyətinə gətirildi: Qarşıdurma dərinləşir

Yanvarın 14-dən etibarən Krım yarımadasındakı döyüş növbəsinə S-400 “Triumf” zenit-raket alayı yerləşdirilib. Rusiya Silahlı Qüvvələrinin  Cənub  Hərbi dairəsinin mətbuat xidmətindən  açıqlama verib:“Cənub Hərbi Dairəsinin 4-cü Hərbi Hava Qüvvələrinin zenit-raket alayı  və Hava Hücumundan Müdafiə Qüvvələri Krıma dislokasiya edilib”. Qeyd edilir ki, 2016-cı ildə Sevostopol-Feodosiysko zenit-raket alayı müasir HHM sistemi hesab olunan S-400 “Triumf”la təmin edilib. Rusiyanın Krımda S-400 “Triumf” raketlərini döyüş növbəsinə cəlb etməsi  yarımada ətrafında hərbi gərginliyi yenidən artıra bilər. Çünki bu raketlər  Ukrayna ilə yanaşı bütün Şərqi Avropa üçün təhlükə yaradır. Bu baxımdan,  Rusiyanın həmin raketləri Krımda komanda döyüş məntəqəsinin ixtiyarına verməsi daha çox NATO-nun regionda təsirinin qarşısını almağa yönəlib. NATO-Rusiya sərhədinin şimal-şərq cinahı boyunca gərginlik artmaqdadır. Yanvarın 10-da ABŞ NATO-nun Polşa və Baltikyanı ölkələrdəki silahlı qüvvələrinə dəstək məqsədilə 250 zireli texnika və  “Abrams” tankları göndərib. Buna cavab olaraq, Rusiya müdafiə məqsədilə Moskva ətrafında “S-300” raketləri yerləşdirib. NATO-Rusiya sərhədinin cənub cinahında da qarşıdurma dərinləşir. ABŞ-ın Rumıniyadakı Hava Hücumundan Müdafiə Sisteminin qarşısını almaq üçün görünür Rusiya Krım istiqamətindən hərbi mövqeyini gücləndirmək qərarına gəlib.  Rusiyanın hərbi fəallığının artması eyni zamanda NATO-nun Qara dəniz regionunda hərbi və siyasi təsirinin qarşısını almaq məqsədi daşıyır. Artıq Donald Trampın hakimiyyəti dövründə də respublikaçıların Rusiyaya qarşı yumşaq mövqe nümayiş etdirməyəcəyini söyləmək olar.  Kremlə qarşı antipatiyası ilə seçilən Ceyms Məttsin yeni müdafiə naziri təyin edilməsi, səlahiyyətləri başa çatan dövlət katibi Con Kerrinin bu günlərdə Gürcüstana, vitse-prezident Co Baydenin isə Ukraynaya gözlənilən səfəri Qara dəniz regionunda ABŞ-ın təsirinin artması ilə bağlı Moskvada narahalıq yaradıb. Bu arada respublikaçı senator Con Makkeynin Rusiyaya qarşı “Reyqan prinsipləri”ni işə salmağı təklif etməsi  yaxın perspektivdə geostrateji sabitliyin olacağını istisna edir.

Müşfiq Abdulla
Cebhe.info

15:46