Qurd (Qurdlar) tayfasını necə kürd ediblər?

ƏSİL TARİXİMİZİ ÖYRƏNƏK!

«Qurd üzü mübarəkdir, qurddan bir xəbərləşəyin»

Kitabi Dədə Qorqud

 

Tarix Vətən deməkdir. Tarix Ana deməkdir. Vətənin müdafiəsi tarixdən başlayır. Bu gün informasiya savaşı gedir. Bu savaşın iki qolu var: Hərbi aspekt, Tarixi aspekt. Əsgər sözünü dedi. Tarixi aspektdə isə fərarilik edirik…

Elə Qurdlar tayfasından başlayaq və bu tayfanın nümayəndələri olmuş Ərmənşahilərin qurucuları olan Sökmən el Qutbi, Səlahəddin Əyyubi, Nizami Gəncəvi və saysız sərkərdələr, mütəfəkkirlər yetirmiş Qurdlar tayfası haqqında bilgiləri sizinlə bölüşmək qərarına gəldim. Bu hazırlanmaqda olan «Dilin tarixi, Tarixin dili» adlı kitabımdan alıntılardır.

«Kitabi-Dədə Qorqud» dastanlarında Qazan xanın dilindən qurdun totem olmasına bir neçə dəfə eyham vurulur: «Qurd üzü mübarəkdir, qurddan bir xəbərləşəyin», «Ayvan qurd əniyi erkəgində bu köküm var», «Qara başım qurban olsun qurdum, sana» və s. Göstərilən həmin ifadələrdən də aydınlaşır ki, qurd qədim türklərdə ilk çağlardan totem olmuşdur.

Türklərdə yaşam yerlərində tayfa, daha sonra məhəllə bölgüsü əslində Türk şəhərsalma mədəniyyətinin qədimliyi ilə bağlıdır. Ərəbcə «məhəllə» sözü «bucaq» anlamında işlənir və bu bölgü bu gün də müasir şəhərsalmada istifadə olunur. Qədim türklərdə məhəllə sözü «Ün, İn, Şin, Şen», indiki «Tin» sözünün ərəbcə deyilişidir. Məsələn, tabğaçların saldığı Peşin, bu gün çinlilərin Pekin adlandırdığı (digər adı Baybalık) adlandırdığı şəhər əsində 5 məhəllədən ibarət olub.

Qurdlar tayfasının adıyla Azərbaycanlılar yaşayan bütün bölgələrdə Dərbənddən Kolanı təpələri (Suriya) və Kərkükə (İraq) qədər tooponim olaraq qalır. 17-18-ci əsrlərdə Şuşa 17 məhəlləyə bölünmüşdü. Onlardan 9-u Aşağı məhəllə (Seyidli məhəlləsi, Culfalar məhəlləsi, Quyuluq məhəlləsi, Çuxur məhəllə məhəlləsi, Dördlər qurdu məhəlləsi, Hacı Yusifli məhəlləsi, Dörd çinar məhəlləsi, Çöl qala məhəlləsi, Qurdlar məhəlləsi), 8-i isə Yuxarı məhəllə (Saatlı məhəlləsi, Köçərli məhəlləsi, Mamayı məhəlləsi, Xoca Mərcanlı məhəlləsi, Dəmirçilər məhəlləsi, Hamamqabağı məhəlləsi, Merdinli məhəlləsi, Təzə məhəllə) idi. Naxçıvan şəhərində aşağıdakı məhəllələr qeydə alınıb: 1. Sarvanlar. 2. Oruc məhlə.3. Köhnə Qala. 4. Xoşulu. 5. Əlixan. 6. Çaparxana. 7. Ziyilarxı. 8. Bilici. 9. Şahab. 10. Xoylu. 12. Təzəkənd, yaxud Uzun Divar. 12. Qurdlar.

Şamaxı şəhərinin 35-dən artıq məhəlləsi olub: İçəriqala, Qaladibi, Sarıtorpaq, Garuslar, Quşçular, İmamlılar, Padarlar, Cuhudlar, Talışlar, Qəriblər, Axundlar, Laləzar məhləsi, Şaxəndan, Şıxminaz, Qarabazar, Ərdəbilli, Alaqayınlı, Qırmızı məhlə, Cırta-pırta, Aşağı Qalabazar, Yuxarı Qalabazar, Moltanı məhləsi, Ağçılar məhləsi, Ərəblər məhləsi, Bozavand məhləsi, Yuxarı İmanlı, Aşağı İmanlı, Şapuran, Şeyxsehirli, Şəhidlər, Meydan, Narağac, Pirküleyiş, Yuxarı Qala, Kövsərli, Ucarlı, Yarıslı, Qala bazar, Dərəməhəllə (S.Ə.Şirvaninin yaşadığı məhəllə), Qurdlar, Gürcübazar, Başmanbazar , Minaxor ( min axur).

Şəki Giləkli, Gəncəli, Yuxarıbaş, Çaqqal dərəsi, Qurdlar, Dırrar, Dəyirmanarxı, Ağvanlar və s.

Göyçayda Qurdlar məhəlləsi, Ağdamda Qurdlar kəndi, Kolanılarda Qurdlar tirəsi (yanlış olaraq kürdlər də deyilir), Naxçıvan MR ərazisində Ordubad rayonunda Düylün və Vənənd çaylarının suayrıcında yerləşən Qurd adlı dağ və Ağdam, Bərdə rayonlarında yerləşən Qurdlar yaşayış məntəqələri, Gədəbəydə Qurdlar kəndi, Şəki rayonu ərazisində Qurddağ oronimi və Bakı şəhəri ərazi vahidliyində Qurdyalı dağı, Qurd qapısı, məhz həmin tayfanın adı ilə bağlıdır. Mənbələrin verdiyi məlumata görə kəngərli tayfasının tirələrindən biri qurd adlanmışdır.

Azərbaycan mifologiyasında Qurdla bağlı bir əsatirdə deyilir: «Bir tayfa varımış. Bu tayfanın başçısı sonsuzmuş. Çox qurbandan, nəzir-niyazdan sonra onun bir oğlu olur. Uşaq dörd-beş yaşına çatır, amma yeriyə bilmir, heç ayaq üstə də dura bilmir. Atası başlayır ağlamağa ki, bəs mən öləndən sonra bu şikəst oğlumun axırı nə olacaq?

Elə bu vaxtı düşmənlər basqın edirlər, bütün tayfanı qırıb-çatırlar. Bütün kişiləri öldürüb, arvad-uşağı qul eləyirlər. Bu uşağı da şikəst olduğuna görə aparmırlar, atırlar bir daşın dibinə ki, qurd-quş yesin. Düşmənlər tutduqları əsirləri götürüb gedəndən sonra buraya bir Qurd gəlir. Uşağı əmizdirir, sonra götürüb aparır öz yuvasına, başlayır bunu saxlayıb bəsləməyə. Neçə illər keçir, uşağın ayaqları açılır. Özü də bir pəhləvan olur ki, gəl görəsən, əl atmağıynan yüzillik çinarı kökündən çıxarmağı bir olur. Nərəsi gələndə şir, pələng girməyə deşik axtarır. Oğlanın adı hər yana yayılır. Düşmənlər də bunun sorağını eşidib gəlillər onu öldürməyə. Ancaq bir yandan oğlan, bir yandan da Qurd bunların əhədin kəsir, bir nəfərini belə sağ buraxmayıb hamısını öldürür. Sonra həmin pəhləvan gedir tayfasının sağ qalanlarını da qurtarır, gəlirlər öz topraqlarına, oğlanı başçı seçib başlayırlar yaşamağa.

O vaxtdan bu tayfaya qurdlar tayfası deyirlər».

Maraqlı bir faktdan yan ötmək olmaz. “Gürcüstanın həyatı”, yaxud “Kartlis Tsxovreba” 12-ci əsrdə toplanmış orta əsr salnamələrinin toplusu hesab olunur. Əsər qədim və müasir tarixə bölünür, antik hissəyə 10 tarixi əsər, o cümlədən Kartlinin (Kartli sakinləri) mənşəyi haqqında hekayə daxildir.

Burada bir rəvayətə görə, bütün Qafqaz xalqlarının — ermənilərin, kartlilərin (gürcülərin), vaynaxların, minqrellilərin və başqalarının Tarqamos adlı tək atası olub. Tarqamos Nuhun oğlu Yafətin nəvəsi idi.

Tarqamos qəhrəman idi. Babil qülləsi tikiləndə və insanlar müxtəlif dillərdə danışmağa başlayanda Tarqamos ailəsini və uşaqlarını götürərək qəbiləsi ilə birlikdə yeni torpaqlara getdi. O, başqaları üçün əlçatmaz bir yer seçdi — Ararat və Masis dağları arasında. 600 il yer üzündə yaşadığı üçün çoxlu sayda övladı, nəvəsi var idi. Zaman keçdikcə Ararat və Masis arasındakı torpaqlar artıq onun bütün nəslini qəbul edə bilmədi və buna görə də onlar yeni torpaqlar axtarmağa başladılar. Türklərin Yafəs oğlan, digər dini mənbələrdə Yafəs Türklərin atası sayıldığını hər kəs qeyd — şərtsiz qəbul olunan teoloji həqiqətlərdəndir.

SASANİ MÖHRÜ

Lakin bizdən bu mifoloji məlumatları oğurlayaraq dəyişənlər unudublar ki, dünya türkdən başlanır. Bunu 1000 ildir danmağa, silməyə və gizləməyə çalışanlar artıq günəşi gizləməyin mümkün olmadığını anlamaqdadırlar. Tariximizi öyrənmək üçün indiki üsullardan imtina edilməlidir. Oğuzların və oğurların salnamələrini dərk etmədən yazılan tarix, tarixçilərin təbirincə desək, “Asiyanın dərinliklərində”, “əsrlərin burulğanında” itir. Bir qayda olaraq, oğuzlar və oğurlar Orta Asiya bölgəsi və xüsusən Altay dağları və ya Tolqa və Selenqa çaylarının bölgəsi ilə əlaqələndirilir. Eyni zamanda, təxminən e.ə. 150-ci illəri Ptolemey hunları, eləcə də Avropa Sarmatiyasında Aqatirsləri, Savarları və Roksolanları xatırladır. Bu türk tayfaları ilə Orxon bölgəsi arasındakı məsafə Portuqaliya ilə Ural arasındakı məsafəyə bərabərdir. Qohum tayfaların oxşar məsafə ilə ayrılması ilə bağlı oxşar dəlillər 1223-cü ildə Şimali Qafqazdakı tatarların qıpçaqlar arasında qohum tayfanı tanıdıqları vaxta təsadüf edir.

Üstəlik Hind Avropa yalanları və avrosentrizmin kahinləri Qərbdə Türk izlərini, Türk tarixini görməzdən gələrək Altay nəzəriyyəsini önə sürüb. Bu mürtəce və saxta ideologiya Anadoluda və Azərbaycanda türkün izini silməklə bütün ilkin mənbələri tərcümə edərək öz istəklərini və öz saxta tarixlərini ortaya qoymaqdadır. Maraqlı fakt odur ki, bu istəyin cızdığı dairəni qorumaq üçün əsarətdə olan ölkələrdə Akademiya sistemləri təsis edilib. Bu yazıda mənim yazdıqlarım Azərbaycan tarixi üçün qadağan bir mövzudur və bunu bilən alimləri tanımıram. Qurdlar tayfasının simasnda Azərbaycanın istənilən ən kiçik tayfasının tarixini yaza bilsək bütün dünya tarixi alt-üst olar.

Öncə bildirim ki, istər Anadoluda, istərsə Cənubi Azərbaycanda bu tayfanın adıyla bağlı yüzlərlə toponimlərin mövcud olduğunu qeyd etdik. Qədim mənbələrdə Kurtii (Kurtiyə) adlı bir dövlətdən söz açılır. Bu əslində elə Qurdlar dövləti deməkdir. İlkin mənbədə (Kurtlar) Kurtii (yun. Κύρτιοι, lat. Cyrtii) Atropatenanın dağlıq ərazilərində yaşayan döyüşkən tayfa kimi adı keçir.

Xatırlatmaq yerinə düşər ki, Mahmud Kaşğari bir mənalı olaraq yazır ki, dağda yaşayan türkə kürd (bəlkə də kurd, indiki qurd anlamında) deyilir.

İlk dəfə Polybiy Kurtilərın Selevkilər İmperatorluğuna qarşı üsyan edən Midiya satrapı Molonun muzdluları olduğunu bildirir. Onun sözlərinə görə, onlar mahir sapandçılar kimi məşhur olublar. Daha sonra Kurtiilər Maqnesiya döyüşündə Selevkilərin tərəfində iştirak etdilər.

Strabon onların Atropatena dağlarında yaşayan köçəri və quldur olduqlarını bildirir.

V. Minorski yanlış olaraq Strabonun kürtilərlə bağlı verdiyi xəbərlərə işarə edərək hesab etmişdi ki, bu söz “kürd” sözü kimi qədim zamanlarda “köçəri” mənasını verən ümumi termin kimi işlənib. Bu gün etimaloğiyadan, toponimikadan xəbərsiz olan və yaxud da avrosentrizmə nökərlik edən yazarlar bilməlidirlər ki, bu ərazilərə kürdlərin əsas yerləşməsi Səlcuqların yürüşüylə bağlı olub. Bu bir mənalı bir faktdır. Kurmanşi, zaza, yezidi heç də «kürd» anlamı daşımayan sözlərdi.

Musa Kolanqatlı (Bu soyadı yanlış olaraq Kağankatvatsi, Kalankaytuklu və s. kimi verirlər. Bu barədə «Türkçülükdə Səlcuqlu xəstəliyi» kitabımda məxəzlərlə yazmışam-müəl.) Qardaşlar Nuhun təkidi ilə bir – birini qarət etməyəcəkləri haqda and içəndən sonra. Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadirona (İspaniyada şəhər) qədər uzanıb, Midiyanı Babildən ayıran Dəclə çayının aşağı axınına qədər idi.

Yasəfin oğullar budur: Homer – hamirlər onun nəslindəndir; Məcuc – keltlərin və Halatların cəddidir; İavan — yunanların cəddidir; Fuval -fessalların cəddidir; Mədəh -illiriyalıların cəddidir; Firas -frakiyalıların cəddidir; Kittim — makedoniyaların cəddidir. Firasın oğulları bunlardır: Əşkinaz – sarmatların cəddidir; Rifat –savramatların cəddidir; Foqarma — ermənilərin cəddidir. İavanın oğulları bunlardır: Elisa -siciliyaliların və afinalıların cəddidir; Farsis – gürcülərin və turanlıların cəddidir; Kittim- romalıların, latınların və rodeylərin cəddidir. Cəmisi 15 xalqdır. Bunların üçü yerlərini atıb, bütpərəst adalarına səpələndilər. Bunların Yafəsin oğullarından olan ketarilərin nəslindən olan kiprlilər və şimalda ketarilərlə qohum olan xalqlar idilər və albanlar da məhz bunların nəslindəndir. Yunanlar (ellinlər) torpağında yaşayan xalqlar isə Afinada yaşayan və ionitlərin mərdlər ölkəsindən gəlmiş aetlər və Agenor oğlu Kadmosun törəməsi olan sidonilər də buraya köçənlərdəndir. Karfagenlilər isə Tirdən gəlmişdilər…

Türk-İslam dövrünə aid son Əbul Fəzl Əllaminin «Əkbərnamə» əsərində bu şəcərə Nuh və onun 3 oğlundan törədiyi bildirilir. Yafəs (Yafet — bibl), Şam (Sim-bibl.), Yam (Xam-bibl.) olaraq göstərilir və onlara məxsus ərazilər göstərilib. Yafəsə aid ərazilər Çin, Sklovoniya və Türkistan adlanır. Şam və Yamın 9 , Yafəsin isə 11 oğlu olduğu verilib (Bəzi mənbələrdə bu 12 olaraq verilir). Yafətin oğulları arasında ən böyük oğul Türk adlanır. Qalanları, Sin, Saklab, Mansac (Mansak), Kamar (Kaymal), Xalac, Xazan, Rus, Sadsan, Qaz, Yarac, bəzi mənbələrdə Xalac, Sadsan və Qazın adları çəkilmir. Türk Yafəsin böyük oğlu olduğu üçün ona Yafəs oğlan (çox güman ki, Yafəs oğlu, bu gün olduğu kimi) deyilirdi. Bu əsərdə maraqlı olan daha bir məqam var. Şamın (Sim-bibl.) 9-cu oğlu Buzarın oğulları Azərbaycan, Aran, Arman və Farqan adlanırdı. Yəni burada «erməni» adı çəkilmir və qeyri dini kitablarda da «erməni» adı yoxdur.

Bilmək lazımdır ki, «erməni» adı özünə «hay» deyən bu qondarma topluma aid deyil. Çünkü bu etnos adı deyil coğrafi nomendir və Urartu dövrünə aid bir noxçi (çeçen) dilindən alınmış sözdür. Urartu bir noxçi-çeçen dövləti olub və qalmış urartu sözləri hay dilində deyil, çeçen dilindədir. O cümlədən də Armenua da çeçen dilindən gələn bir sözdür.

Bəs bu söz necə yaranıb və bu tayfanı türklərlə bağlayan nədir? Türk toplumu öz tarixlərinə zərər gətirən yanlışı niyə görməzdən gəlirlər?..

 

XAQANİ Ədəboğlu

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Xudaferin.eu

12:30