«Cansa can, qansa qan, Yaşasın, Azərbaycan!»

Millətin canına daraşıb onun varlığını hədəfə alan bir zümrə yetişmişdi. Bu xalqı döyüşə bilməməkdə günahlandırır və düşmənin buyruğu üzrə təslimçilik ruhu aşılamaq üçün 24 saat beyinləri yumağa çalışırdılar. Dünyada bütün pisliklərə aid xəbərləri bizim adımıza yayır və yaxşı olan hər şeyi görməzdən gəlirdilər. Yazarın qələmini, savaşçının silahını, əkinçinin kotanını, fəhlənin dəzgahını əlindən almışdılar. Arxayındılar ki, bu şərtlər altında boğduqları millətin bu Vətənlə bağı qalmayıb. Onu bu Torpağa bağlayan hər şeyi aldıqlarını düşüdükləri bir zamanda o Böyük An gəldi. 

Nəşəmiz sıcaq!

qan qədər sıcaq,

dəliqanlıların röyalarında yanan

o «An»

qədər sıcaq!

Nərdivanlarımızın çəngəlini ulduzlara asaraq,

ölülərimizin başlarına basaraq

yüksəlirik

günəşə doğru!

Ölənlər

döyüşərək öldülər;

günəşə kömüldülər.

Vaxtımız yox onların matəmini tutmağa!..

(Nazim Hikmət) 

 Hər kəs yaxşı igidlərin «yaxşı atlara minib getdiyini» düşündüyü bir andaca, yaxşı igidlər dəmir atlarına minib, Vətən dedilər, Bayraq dedilər, Torpaq dedilər. Mehmet Akif Ersoy kimi dedilər ki, «Vətən üçün ölməkdisə, qədərim, Mən bu qədərin əllərindən öpərim». Dedilər və öpdülər.

Gül üzlü gənclərin, sevda bulağından «su içməmiş» dodaqları bu torpaqlara qovuşdu. İlk və son öpüşləri Vətən torpağı oldu. Bu dastan yazan adsız qəhrəmanları unutmaq olarmı? Onlar Şəhid oldular. Bu adı, nə pulla, nə qohumbazlıqla, nə ziyarətlə ala bilməzsiniz. Bu adı sevdiklərinə Allah verir.

Onlar Allahın əsgərləridir. Onlar Vətənin səngərləridir. Onlar sərhəd dirəklərimizdir. Sizlərin rahat uyumanız üçün, onlar əbədilik uyudular. Onlar canımızdı və hər gün bizimlə oyanan ruhumuzdu. Şəhidlər ölməz ki…

 Bu gün öz müzəffər yürüşüylə, öz müqəddəs silahıyla və düşmənə nifrət yağan qurd baxışıyla məğlubiyyət xarabalıqları arasından xalqı ayağa qaldıran  bir Ordu və onun Komandanı var. Amma ənənəvi olaraq içimizdə bəslədilmiş, yalnız güzgüdə gördüyü pisliyə uyğun olanları ictimai fikrə sırımağa çalışan, beyni yuyulmuş, ruhu satın alınmış, «88» əyarlı bu varlıqlar güya rus varlığından bərk narahat olurlarmış kimi qazanılmış Böyük Zəfərin miqyasını kiçiltməyə çalışırlar. Bu adamların peşəsi yalnız hər şeyi qara görməkdən ibarətdir. Bu gün Azərbaycanda Velikorus şovinizminə nifrət etməyən kimsə tapılmaz. Tapılsa da, o mütləq qanı pozuq birisidir. Bu mübarizə alqışlanmalıdır, amma bunu siyasi mübarizə taktikası seçib də, güya Azərbaycandan rus ordusunu çıxardıqlarını deyənlər, görəsən kimi axmaq sayırlar? Bəs Qarabağ Azərbaycan deyildimi? Qarabağdakı bu gün düşmənin etiraf etdiyi 35 minlik quldur ordusu kimin idi? 35 minlik ordunu ən azı leqal olan 1960 nəfərlə əvəzləyən Ali Baş Komandanı hədəfə alan siyasilər, (hərçənd ki, onlara siyasətçi demək, Fatma qarıya kosmonavt demək kimi bir şeydir) bölgədə əsrlərcə mövcud olan Rusiya faktorunu necə neytrallaşdıracaqları barədə bircə kəlmə danışıblarmı?

Qərbin və ABŞ-ın əks həmlə və Qafqaza yerləşmək üçün işlədikləri ikinci «Kosova» variantından xəbərləri varmı? Əlbəttə ki, bu başlar, yalnız millət əleyhinə olan şeyləri kütləviləşdirməklə çaş-başlıq yaratmaq üçündür. Onların əxlaqı «nə qədər pis olarsa, o qədər yaxşıdır» prinsipi üzərində bərqərar olub. Yoxsa bunca şəhid qanıyla əldə edilmiş bir Zəfəri şübhə altına almağa cürət etməzdilər. Bir müharibə iştirakçısı kimi bu pisliklərİ ötən əsrin 90-cı illərdəki Qarabağ savaşından tanıyıram. Biri də o vaxtlar gənc olduqlarına, bu vaxt isə qoca olduqlarına görə savaşda iştirak etməyiblər. Amma danışanda ən azı hərbi strateq kimi danışırlar. Bu cür təxribata köhnə döyüşçülər yol verməyəcək. Kar qulaqlarınızı və kor gözlərinizi açın, görün, eşidin və sadəcə şərəfsizliyinizə sığınıb, lal olun. Ola bilmirsinizsə, rədd olub, bu ölkəni tərk edin. 

Qələbə qazanılıb. Bunu əsgər canıyla və mərmisiylə, Komandan qətiyyətli əmriylə qazandı. Amma bundan sonra əldə olunmuş qələbəni tam və qəti qələbəyə çevirmək üçün məsuliyyət, bir xalq olaraq bizim üzərimizə düşüb. Ortalıqda kolonlara nökərçilik üçün həmcins xainlər ordusu, onlara ruporluq edən yaltaq, məkrli və özgə əllərindən bir şey gəlməyənlərin çoxluğu cəmiyyəti öz nadanlıqları ilə və bilərəkdən parçalamaqla məşğuldurlar. Bu ölkənin rəhbəri deyəni deyil, erməni, rus mənbələrinin dediklərini tələm-tələsik həqiqət kimi millətə sırımağa çalışmaları, sizcə təsadüfdürmü? Bunlar öz liderimizin deyil, Paşinyanın, Putinin dediklərinə «ləbbeyk» deyirlər. Deməli, bunların liderləri, ya Putin, ya da Paşinyandır. Bunca bəsit, bunca məntiqi bir cavabdır. Dünya qondarma status-kvo barədə cənab İ. Əliyevin dediklərini sitat gətirdiyi günlərdə, bu nadürüstlər Araikdən, Nikoldan sitat gətirirlər. Sizcə bu təsadüfdürmü? Bu ölkənin ən yaxşı köşələrində harıncasına bəslənib, bu ölkəyə xəyanət edənlərin sizcə cəzası nə olmalıdır?

Ehtiyyatlı olmalıyıq. Xatırladım ki, məlum Aprel zəfərindən dərhal sonra bu döyüşçülər üzərinə, hətta o döyüşdə yaralanmış döyüşçülər üzərinə və xalqımıza qarşı müəyyən və məlum dairələr əsil səlibçi yürüşünə başladılar. 2016-cı ili xatırlayın. Bu məlum kolon «yetimçələri» eyni işi görməyə hazırlaşırlar. Bilmiş olun. Bu yolda hər kəs Ali Baş Komandanın bir əsgəri olmalı və daxilimizə sızdırılmış bu ünsürləri təmizləməyə çalışmalıyıq. Unutmaq olmaz ki, şəhid və qazi, torpağı Vətən, toplumu Millət edən kəslərdir. Bu günədək içimizdəki yad beşik cocuqları bu məfhumların təbliğatına qarşı çıxdılar. Bizim təşkilatın adında olan «Vətən Müharibəsi» üstündə illərlə mücadilə apardıq. Bizlər bu Vətən deyəndə Rusiyanı, Ermənistanı və s. başa düşənlərlə mübarizə apardıq və bu gün, haqq öz yerini aldı. Vətən Müharibəsi əvəzinə, hələ də ikinci, ücüncü və s. sözünü işlətmək istəyənlər var. İngiltərə-Fransa müharibəsi müəyyən fasilələrlə100 il davam edib. O zaman gərək 99-cu Fransa-İngiltərə müharibəsi söz birləşməsi olsun. Ona görə də Vətəni sevənlər üçün bu bir Vətən müharibəsidir. Bir Vətənin mücadiləsidir.

Bilin ki, şəhidimin qanıyla sulanan toprağa xəyanət etməyən, bir də şəhid olmaq üçün dua edən qazimin haqqını ödəməyə borcluyuq! Sən qalib xalqsan! Qalib adın mübarək, Azərbaycan xalqı! Səni, döyüş öncəsi bölmək istədilər, amma qalxıb türk, ləzgi, rus, talış, tat, avar olaraq bir səngərdə birləşdin. Bir səngərdən çıxanlar bir ana bətnindən olanlar kimi qardaş oldunuz. Bunu illərcə dedik ki, səngərdən çıxanların bircə milliyyəti var, o da Vətəndir. Bircə amalı var, o da Azərbaycandır. Düşmən bu birliyi hər cür kirli oyunuyla poza bilmədi və bu gün minlərlə döyüşçü o barıt qoxulu səngərlərdən qardaş olaraq çıxdılar.  

Sən qalibsən! Bu pak qələbə sevincinə və  duyğularına uzanan əllər qırılmalıdır. Yalın əllə Şuşa adlı incini əjdahanın ağzından qoparan cəsur bir xalqsan. Dünya heyrət içindəykən, öz qara fikirləri ilə suları bulandırmaq istəyənlərdən uzaq durub öz qələbəni qətiləşdirmək yolunda yürüməlisən. Yolun bəlli, Liderin bəlli, əsgərin də hayqırır: «Cansa can, qansa qan, Yaşasın, Azərbaycan!»

Xudaferin.eu

11:24