Gorus-Qafan yolu niyə bağlanmışdı və niyə açıldı?

«Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolu açılıb».

Azərbaycan mediası yazır ki, bu barədə Sünikin (Zəngəzur) qubernator müavini Narek Babayan “Facebook” səhifəsində yazıb.

Erməni KİV-ləri yazır ki, Azərbaycan yolda ziqzaqvari bloklar qurmaq şərtilə yolun açılmasına razılıq verib.

Ermənistan tərəfinin iddiasına görə, azərbaycanlı hərbçilər avqustun 25-i gecə saat 23:00-dan etibarən Gorus-Qafan avtomobil yolunu iki yerdən bağlayıblar. Bu, Qafan-Gorus yolunda azərbaycanlı sərhədçiyə edilən hücumdan sonra baş verib. Ermənistan tərəfi bildirir ki, Gorus-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir. Həmçinin qeyd olunub ki, dünən Tehran-İrəvan-Tehran marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının reysləri ləğv edilib.

“Armdaily”nin məlumatına görə, Azərbaycan yolda ziqzaqvari bloklar qurmaq şərti irəli sürüb.

Rəsmi olaraq isə, Ermənistanın Baş naziri N. Paşinyanın fikirlərini politoloq Stepan Danilyan belə şərh edib: «Tələb yerinə yetirilib və baş nazir Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, 21 kilometr Azərbaycanın ərazisidir. Eyni zamanda, o iki kəndin Azərbaycan adlarını çəkib. Danışıqlarda tələblərdən biri bu idi və Ermənistan rəsmi olaraq bunu qəbul etdi. Proses əslində Ermənistan-Azərbaycan sərhədinin o hissəsinin demarkasiyası əməliyyatı idi”.

Qeyd olunub ki, Paşinyan çıxışında işğaldan azad olunmuş Qubadlı rayonunun Eyvazlı və Çayzəmi kəndlərinin adlarını Azərbaycan toponimləri ilə səsləndirib.

Erməni mətbuatından aldığımız digər bir məlumatda isə, Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan sərhədçisinə hücum edən əsgərlərin şəxsiyyətini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirdiyi bildirilir.

Araşdırmalar zamanı, öncə rədd edilən danışıqlar, bu dəfə Azərbaycan Respublikası DSX və Rusiyanın FTX (FSB) əməkdaşları arasında aparılıb. Bölgədəki rus sülhməramlıları ilə danışıqlar aparılmayıb və Rüstəm Muradovun məzuniyyətdə olduğu bildirilib. Çünki Ermənistanın sərhədləri elə Rusiya FTX nəzdində olan hərbi sərhəd dəstələri tərəfindən qorunur. Aparılan informasiya savaşında yenə məlumatların böyük əksəriyyətini düşmən tərəfindən aldığımız fakt kimi ortadadır. Bu vahid informasiya mərkəzinin olmaması və mövcud qurumların mətbuat xidmətlərinin yarıtmaz fəaliyyətiylə bağlıdır.

Lakin məsələ ilə bağlı rəsmi Bakının heç bir açıqlaması yoxdur. Heç DSX — dən də açıqlama verilməyib. Amma bu günkü olaylardan dərs alaraq ərazidə yoxlama keçid məntəqəsi yaradılmalı və kömrük fəaliyyəti bərpa edilməlidir. Bu da erməni kilsəsinə pusuz qaz vermək deyil ki, əhəmiyyət verməyək, sərhəd ölkənin namus məsələsidir və hər bir girişin hesabatı aparılmalıdır. Çünki pulsuz ölkəmizə daxil olan düşmənin növbəti təxribatının qarşısını almağın tək yolu budur.

Qısa vaxt ərzində Ermənistana və Qarabağa İranın qardaşlıq köməyinin də görüntülərini əldə edə bildik. Bir tərəfdən də sərhəddə erməni əsgərindən çox gəzən ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ölkəsinin İrana qarşı tətbiq etdiyi embarqo və sanksiyaların Ermənistan tərəfindən necə pozulduğunu və heçə sayıldığını izləmək daha məqsədəuyğun olardı.

Erməni-fars qardaşlığı

Çünki ABŞ-ın son sanksiyalarına görə İranla ticarət edən hər hansı bir şirkət Birləşmiş Ştatlardakı biznesindən məhrum olur. Amma İranla cici-bacılıq edən Ermənistana qarşı konkret işlərin görüldüyünü görmürük. Üstəlik MKİ — nin illər öncə hesabatlarında, məhz İran-Ermənistan-Rusiya tərəfindən Yaxın Şərqdə ABŞ-a qarşı döyüşən terrorçu qruplara, məhz ermənilərin silah satdığı öz əksini tapmışdı və amerikalı əsgərlərin bu silahlarla öldürüldüyü qeyd edilmişdi.

Üstəlik, aidiyyatlı qurumlar yolu hansı şərtlərlə açdığını bəyan etməlidirlər.

Xaqani Ədəboğlu

Xudaferin.eu

09:23