Atasından borc pul istəyən, baş nazir və bu paklığı sevməyən oğru milyarder boş məmurlar…

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xidmətinin rəhbəri

Bu il də milli Cümhuriyyətimizin yaranışının 103-ci ili gözdən iraq qoyulmuş abidəyə bir əklili qoymağa üzü olmayanların özlərini hansı dövlətin varisləri sayırlar?

Ölkə rəhbəri Ali Baş Komandan kimi azad etdiyi Ağdama səfəri elə bu Böyük Günə bir təbrik sayıla bilərdi. Bəs bu ölkənin Baş Naziri, parlament sədri, türlü-türlü nazirləri, məmurları, məmurları və məmurları var. Hamısının da altları qızılla, üstləri dollarla, funt strelinq ilə doludur. Yəni hər birinin bir əklil alacaq qədər pullarının olmasını diqqətinizə çatdırmaq üçün bu məsələyə toxunuram. Amma alınmış bircə əklil belə Cumhuriyyət abidəsinin önündə yox idi. Hətta abidəyə gül aparan müxbirimizi polislər abidənin yanına çətinliklə buraxırblar. Tarixdə bundan böyük bir ayıb olarmı?

Bu «varis» kimi qonduğunuz mirasın əsil sahibləri 103 il bundan əvvəl mayın 28-də Milli Şura olaraq Azərbaycanın istiqlaliyyətini elan etmişdilər. İstiqlal xəbərini Gəncəyə aparmaq üçün bu deputatların ciblərində pulları yoxdu. Kimdə nə qədər pul var idi, toplandı, cəmi 2 nəfərə qatara minmək üçün bilet pulu düzəldi. Bu şəxslər Nəsib bəy Yusifbəyli və Həsən bəy Ağayev idilər. Bu iki Böyük İnsanı heç qarşılayan da olmamışdı. Çünki biqeyrət milyonçularımızın yığdığı və miras kimi annalara, lizalara, nataşalara qalan milyonlarının bu millətə heç bir aidiyyatı yox idi.

Bakının məşhur milyonçularından olan Murtuza Muxtarovun bolşeviklər evinə daxil olarkən, özünü güllələmədən öncə yazdığı son məktubdan bu sətrləri xatırlatmaq istərdim: “Bakı neftindən böyük pullar qazandıq… Ağlagəlməz qədər böyük pullar… Həmin pulllarla Bakını alınmaz bir qalaya çevirə bilərdik… Amma biz neylədik?.. Bu şəhəri əyləncə, qumar, kazino mərkəzinə çevirdik… Bu da nəticəsi!”…

Bəlkə elə düşünürsünüz ki, min bir «ayı oyunu ilə ələ keçirdiyiniz» milyonların sahibləri sizlərsiniz? Millətdən, onun tarixindən dərs almayanların heç biri bizdən ola bilməz. İki bilet puluyla Gəncəyə gələn bu iki böyük zatın neçə heykəlini qoymuşuq? Əvəzində Fəxri Xiyabanda rus bolşevik-faşizminə köpəklik etmiş xainlərin «Müsavat cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilib» yazılan gorları qorunmaqdadır.

Bu ölkəni quran o zatların müqəddəs ruhlarını razı salmayanadək zillət və rəzalət yaxamızdan əl çəkməyəcək. Bunu unutmayın ki, öz keçmişindən, yalnız keçmişi lənətlənmişlər qaçar.

Bu yazımı qurucu babalarımıza ithaf edirəm və Türk dünyasının ən böyük ideoloqlarından olan, Atatürkün ən sadiq dostu saydığı Əhməd bəy Ağaoğlunun Həsən bəy Zərdabinin dəfn mərasimində çıxışını bir daha xatırlatmaq yerinə düşər: “Ey müqəddəs ruh, Sən ki, gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə vətəndir bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Eyvah, nə bu irs olaydı, nə də biz!”

Dəyişən nəsə varmı? Sadəcə üstümüzdən bizi tərpətməyən uzun illər keçmiş. Yenə də kimi eyni qaydada «Məmmədhəsən əminin eşşəyini yeyir», kimi «köpəyə ehsan, mollaya rüşvət verir», kimi «Səfəralının qohumu kimi mirzə Səfərə namə yazdırır» və «Novruzəlinin əliylə poçtxanaya yollamağa» göndərir. Elə ona görə də nə səsimiz, nə də məktubumuz ünvanına yetişmir…

Və ikinci böyük zat Nəsib bəy Yusifbəyli Baş Nazir olduğu zaman, atasına məktub yazır və 3 ildir milli işlərlə əlaqədar olaraq, məşğul ola bilmədiyi bağla, bu il də məşğul ola bilməyəcəyini, yenə əvvəlki kimi qamış alıb basdırmalarını söyləyir.

Atası isə cavab olaraq bu məktubu yazıb: “Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin Maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz.

Gəldin cümhuriyyətimizin Maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə Baş Nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?”

Əlbəttə ki, bağ hasarı 12 metr hündürlükdə, 0,60 sm qalınlıqda olan məmurcuqlar bu adama heykəl qoya bilməzlər. Buna öncə Allah izn verməz. Vallah da, billah da bu belədir. Bunu anlamalısınız…

31 may tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəylinin ölüm günü kimi qeyd edilsə də, bu böyük insanın, nə zaman şəhid edilməsi barədə müxtəlif versiyalar mövcuddur. Ən dəqiq versiya isə «Şəhidlər ölməzdir!» Bu Dövlət, bu Millət və bu Bayraq durduqca onlar yaşayacaqlar. Bu dəyərlərə sahib çıxmamız vacibdir.

Hərdən düşünürəm ki, biz niyə beləyik? Niyə fərdi olaraq içimizdəki xəbislikləri, toplum olaraq isə içimizdəki xainləri təmizləyə bilmirik? Biri farsa, biri rusa, biri erməniyə, biri ingilisə və hətta zanzibara işləyir, amma çörəyini yeyib, varından barınıdığı bu məmləkətə, bu məmləkət insanına işləyən yoxdur? Bu məmləkətin, heçmi üzərinizdə haqqı yoxdur? Niyələr göz tökür. Bircə onu bilirəm ki, bu məmləkətin dərd yükü çiynimizə çoxdan ağırlıq edir. Allah bəndəsinin çiyninə götürə biləcəyi qədər yük qoyur. Bu yükü hiss etmirsinizmi? Daxildəki kolon mənsublarına «Dəmir yumruq» zərbəsi vurulmasa, onların daxildə başlatdıqları «qisas əməliyyatı»nın «kiçik xalqların böyük zəfəri olmur» diqtəsi bizləri xaosa sürükləyəcək…

Son olaraq bildirim ki, qardaş Türkiyə ilə özümüzü müqayisə etdim. Bütün parametrlərdə bir yetərsizliyimizi gördüm. Amma Azərbaycan insanının yaradıcılıq potensialı və yaşamaq eşqi heç bir xalqda yoxdur. Tanrının ümidinə buraxılmış bir xalq 300 ildir ki, «var olma» uğrunda çarpışır. Bunca zəki bir xalqdan niyə məmurları, yalnız nələrinsə heyfini çıxırmışlar kimi davranır? Bu xalqa bir addım atana, bu xalq on dəfə qucaq açar. Mənəviyyatca türkü də, tatı da, talışı da, ləzgisi də, avarı da, kürdü də və digərləri də eyni mənəviyyata sahiblənmiş yetkin bir topluma çevrilib. Düşmən yüz illərdir ki, bu yetkinliyi, bu rəngarəngliyi pozmağa çalışır. Amma nail ola bilmir. Qardaş Türkiyədə rus əliylə yaradılmış erməni PKK-sını buraya transfer edə bilmir…

Türkiyə ilə müqayisədə bir fakt da diqqətimi cəlb elədi. Onların Milli Marşı «Korkma» (Qorxma) sözüylə başlar, «İstiqlal» sözü ilə bitər. Azərbaycanın Himni isə «can vermək»lə başlayır, «müştaqdır» (Müştaq-Candan istəmək, həsrətində olduğu bir şeyə can atmaq, arzusunda olmaq) sözüylə bitər. Biz də elə «can verib», namusu hifz etməyə (Namusunu hifz etməyə, Cümlə gənclər müştaqdır!) «müştağıq»…

Xudaferin.eu

10:11