«Koronavirusnamə», yaxud «Taclı Virusun» nağılı

Xaqani Ədəboğlu

Boynuma sarılma gülüm,
Məndən sənə keçər ölüm…
(Nazim Hikmət — koronavirusa yazmayıb ha)

#Evdəqal ayı idi. Çox düşündüm və nağılsevər xalqımıza öz dilimizdə bir nağıl danışmaq qərarına gəldim. Bu əzabkeş xalqın çəkdiklərini gördükcə, bir nağıl danışıb ona ağrılarını unutdurmaq istədim…

Elə «Biri vardı, biri yoxdu» demişdim ki, yer-yerdən «uzatma, o göydən düşən almaları neyləmisən?«-deyə hesab sordular. Danışmağa peşman oldum və anladım ki, bizimkiləri farsca, ərəbcə, rusca, indi də ingiliscə nağıllarla uyutmaq olarmış. Min il danışsan da quzu kimi qulaq asarlar. Qoymadılar danışım…

Mən də almanın dərdindən susdum. Çünki bu alma deyilən şey qəliz bir məsələdi. Babamızı cənnətdən qovdurub bizi zibilə saldı. İgilisin başına düşəndə dahiləşib Nyuton, bizimkinin başına düşəndə, ən azı dəli Niyoş olub aləmi bir-birinə qatar. Ona görə də vaz keçdim. Mən bu xalqı göydən düşməyəcək almalarla aldada bilməzdim.

Keçmiş keçmiş, gələcək gələcək. Amma koronavirus bizə anlatdı ki, bu gələcək gəlməyə də bilər. Həm də anlatdı ki, bizim nə keçmişimiz, nə də gələcəyimiz var. Bir də anlatdı ki, bu virus üçün hökmdarla rəiyyətin, varlı ilə kasıbın elə də fərqi yoxdur. Hələ anlatdı ki, dindarla kafir eyni məbəddə səcdə etməsələr də, eyni xəstəxanada uzana bilərlər. Yaşamaq müqabilində əsarət, yemək qarşılığında Azadlıq da virusun bir özəlliyidir. Səfərlər də məzmununu dəyişib. Qabaqlar İrana gedib bir təsbeh, 3 kilo xurma ilə kömrüyü keçənə «məşədi» deyib hörmət edərdilər, amma indi «koronovirus» deyib karantinə atırlar. Atalar sözləri də məzmununu dəyişib. Məsələn, deyirlər ki, koronavirusa bürün elnən sürün. Xalxınkılar gedib rus (yəni Nataşa mənasında) gətirir, bizimki də koronavirus gətirir. Deyərdilər ki, gələndə taxta beşik, öləndə daş məzar. Taxtanı kəsdik, daşdan da ev tikdik. Nə beşiyə taxta qaldı, nə məzara daş saxladıq. Koronavirus bizi yaman yerdə yaxaladı…

Taclı virusun gəlişiylə, İnsan xatırladı ki, bu günlərdə öz orqanizminin də 90-95%-i elə viruslardan ibarətdir. Yəqin ki, bu insanın Taclı virusa qohum çıxmaq istəyiydi. Yəni yeni yaltaqlıq növü. Bizim ölkədə bəşər tarixinin ən relikt (nadan) fazası sayılan qohumbazlıq, tayfabazlıq ənənədir. Niyə də olmasın? Vallahi adamlarımız var ki, virusluqda koronavirus onun qarşısında səcdə edər. Elələri də var ki, zehniyyətlərinə uyğun, bədəndə olan çox saylı gözəl orqanlar varkən, gedib elə bir orqana oxşayırlar, heç adlarını dilə gətirmək olmur. Az qalırsan bu zatlara baxıb o orqanın adını dəyişəsən. Virus beləsinin yanında bir mələkdi, hələ koronavirus ola. Biri o birinin cibinə, malına göz dikirsə, orada insanlıq ölmüşdür. Bunların tamahı ucbatından bu dünyanı, xüsusən də iks iks əsrindən iyirmi iyirminci ilədək bir ömrü yelə verdik. nim bircə qorxum var ki, bu adamlar bizi cəhənnəmdə də boş buraxmayacaqlar. Gəlib yanan qırın haqqını istəyəcəklər. Vay olsun bizim halımıza…

Bu məmləkətdə hərə bir yalana bir nağıla sığınıb yaşayır. Mənim də sığındığım yalan «Xoşbəxt Azərbaycan» adlanırdı. Bütün həyatımı buna xərclədim. Amma kimsə mənə Konfutsi sayaq demədi ki, «Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil». Sonunda boşa getmiş illər və ümidsizliyin nida qoyacağı bir ömür! Bunun üçünmü bu dünyaya gəldik? Bir heçdən ötrümü çarpışdıq? Anladım ki, insani cəmiyyət qurmaq üçün, öncə insan olmaq gərəkdi. İnsanı ki, öz mədəsindən asdılar, orada insanlıq bitər. Bir lətifə var. Deyilənə görə, iki kəndli işləmək üçün qatarla Bakıya gəlirlər. Qatarda cibgirlər bunların olan — olmazını çırpışdırırlar. Pulsuz və piyada şəhəri çox dolaşıb əldən düşərlər. Aclıq da bir yandan. Axırda kəndlilərdən aclığa dözməyən deyir ki, gedirəm yeməkxanada yeməyimi yeyəm. Sonrası, nə olar, olar. Girib sifariş verir. Yeyib doyur. İş hesaba gələndə pulu olmadığını deyir. Yeməkxana sahibi adamın üst-başına, çəlimsiz bədəninə baxıb lomba ilə onun üzünə tüpürür və qışqırır ki, rədd ol buradan. Kəndli tox halda həmkəndlisinin yanına gəlir. Suala cavab olaraq deyir ki, vallah şəhər yaxşıdı, bir lomba tüpürcəyə doyunca ye, iç. Yoldaşı da oraya gedib yeməyini yeyir və qalxıb deyir: «O tüpürən kimdi, gəlsin tüpürsün, kəndçim məni gözləyir»…

Budur bizim halımız. Üzümüzdə maska, əlimizdə sabun, o biri əlimizdə spirt. Dünyalar rəqəmsal faşizmdən, çipləşdirmədən, postkoronavirus dövründən, V Romanın elan olunacağından, bioloji III Dünya müharibəsindən, 2 ay ərzində ABŞ-ın 2 trilyon dollar çap etməsindən, biz isə maskasız gəzəni, SMS-i Novruzəlinin «poçt qutusuna» çatmayanı cərimələmək üsulları fikirləşirik. Allah bu virusun mutasiyasını sağ eləsin. Qazancını bol, bərəkətli eləsin. Mövzu bolluğudu. «Şad xəbər, bəd xəbər» jurnalistikası yetərincə azarını öldürdü. Doğrusu bu cür xəbər bölgüsü Azərbaycan jurnalistikasına məxsus bir şedevrdir. Yaxın ətraf ölkələrin jurnalistikasında sadəcə xəbər var. Onun yaxşı və ya pis qarşılanması bir oxucu işidir. Bircə bu söz bizdə jurnalistikanın hansı səviyyədə olmasını öyrənmək üçün yetərlidir. Biri yazır ki, bəd xəbər-Mamed ölüb, o biri yazır ki, şad xəbər-Mamed ölməyib. Amma manşet olmuş Mamedin kimliyini müəyyən etmək mümkün deyil. Bir dəfə Hitlerin ideoloji -təbliğat naziri Göbbelsə xəbər verirlər ki, Berlində filan küçədə adam öldürüblər. O, özünü bilməzliyə vurub soruşur ki, məgər Berlində o adda küçə var ki? Yəni informasiyanın vurğusunu küçənin olub-olmamasına yönəldir. Xəbər ictimai rəyi bu cür yönəldə bilər. Təki xəbəri yönəldə bilən olsun…

Bizim işimiz iş, gücümüz də güc deyil. Bizim yarıtmaz övladlığımız sayəsində məmləkət bir matəmgaha bənzəyir. Ortada Vətən, amma hərə öz ölüsünü ağlayır. Özü də elə ağlayırlar ki, eşidib bunlara halva versinlər. Vətən üçün yox, halva eşqiylə ağlayırlar. Haradan bilsinlər ki, məmləkət sevdası tikanlı bir gülü ürəyinlə qucaqlamaqdı. Tikanlar batdıqca qəlbin sevinər. Bu məmləkəti bu sevdayla qucaqlamağa da imkan vermədilər. Bu sevdayla yaşamaq cəhənnəmə, ölmək şansını əlimizdən aldılar. Əziz Nesin dediyi kimi çox düşündüm: «Bir gün bu ölkənin baş ucuna bir məktub, yanağından bir öpücük alıb gedəcəkdim. Çox şirin uyuyurdun, oyandırmağa qıyammadım»…

Doğrusu, bir nağıl uydurmuşdum. Məmləkəti uyudacaqdım. Acın yuxusu olmazmış, sən demə. Elə o saat almanı istədilər. Amma imkan versəydiniz, Azərbaycan boyda bir buğda anbarına dadanmış tənha qarışqanın nağılını danışacaqdım. İstəmədiniz. Mən də danışmadım.

Amma sizlərə bir tövsiyyəm var, bu yazını 10 nəfər ən yaxın dostunuza göndərsəniz, koronavirus sizdən uzaq gəzər. Koronovirus haqqı, düz deyirəm…

21:33