Nağdsız hesablaşmaya VERGİ CƏZASI gəlir: Borclar da əldən alınacaq

Ekspertlər hesab edir ki,stimullaşdırıcı tədbirlər daha effektiv nəticə verərdi

2017-ci il yanvarın 1-dən Azərbaycanda yeni büdcənin xərcləri başlayır. Bu xərcləri təmin etmək məqsədilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər ölkə başçısı tərəfindən təsdiq edilib. Dekabrın 29-da Vergilər Nazirliyində məcəlləyə edilmiş əlavə və dəyişikliklərə həsr olunmuş mətbuat konfransında çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki,nağdsız ödənişlərin tətbiqilə bağlı ayrıca qanun qəbul olunub: “Dünyanın hər bir yerində nağdsız ödənişlərdən geniş istifadə olunur. Amma çox təəssüflər olsun ki, biz nəinki dünyanın inkişaf etmiş ölkələrindən, hətta qonşu Türkiyədən və MDB ölkələrindən Azərbaycan xeyli geridədir. Beynəlxalq təşkilatın araşdırmasına görə, Azərbaycanda nağdsız ödəniş 11 faiz təşkil edir. Amma Azərbaycanla müqayisə oluna bilən iqtisadiyyata malik Belarusda bu göstərici 36 faizdir. Niyə? Nə qədər ki, nağdsız ödənişlər belə geniş yayılıb, ortaya bu məsələ ilə bağlı suallar çıxacaq. Ona görə də biz bu sahədə ciddi dəyişikliklərə getməliyik. Artıq yanvarın 1-dən hüquqi və ya fiziki şəxs olan sahibkarlar bank hesabındakı pulu nağdlaşdıracaqsa, sadələşdirilmiş vergi tutulacaq. Bu funksiyanı banklar yerinə yetirəcək”.
İqtisadçıların bir qismi hesab edir ki, nağdsız hesablaşmağa “vergi cəzası”nın qoyulmasındansa, stimullaşdırıcı tədbirlər daha effektiv nəticə verərdi. Ekspertlər hesab edir ki, qanundakı bəzi bəndlər əksinə nağdlaşdırmanı təşviq edir. Bu halda əgər sahibkar alacağı pulu mütləq nağdlaşdıracaqsa, bu zaman hesablaşmanın bank vasitəsilə deyil, nağd şəkildə həyata keçirilməsinə maraqlı olacaq. Bu isə qarşıya qoyulan məqsədi, yəni bankların likvidlik problemini həll etməyəcək, əksinə sahibkarları nağd işləməyə həvəsləndirəcək.
İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, yeni tətbiq ediləcək qaydalar nağdsız ödənişlərin artırılmasını nəzərdə tutur: “Nağdsız ödənişlərin həyata keçirilməsinə hansı səviyyədə nail olmaq mümkün olacaq, bunu söyləmək çətindir. Çünki sahibkarlar nağd şəkildə ödəniş etməyə həm öyrəşiblər, həm də buna maraqlıdırlar. Nağdsız ödənişə üstünlük tətbiq edilməsi və buna keçidin formalaşmasına ehtiyac var. İnzibati yolla sahibkarları nağdsız ödənişlərə məcbur edilməsinin tərəfdarı deyiləm. Güman edirəm ki, təşviqedici metodlardan da istifadə edilməsinə ehtiyac var. Hansısa əməliyyatlarla bağlı daha təşviqedici və eyni zamanda müəyyən güzəştlərin tətbiq edilməsindən də istifadə oluna bilər. Amma bu, sırf inzibati metod kimi qiymətlənir. Nəzərə alsaq ki, nisbətən orta şirkətlərdə ödənişlər banklar vasitəsilə həyata keçirilirnəticə etibarilə bu,nağdı ödənişlərlə məhdudiyyət tətbiq olunacaq. Hər halda nəzarət mexanizmi çox önəmlidir. Daha böyük nəzarət mexanizmi formalaşarsa, nəticədə nağdsız hesablaşmaların sayının artırılması mümkündür. Bu islahatın hansı səviyyədə icrası birbaşa nəzarət mexanizmindən asılı olacaq. Bu aspektdən hökumət çalışıb son dəyişikliklərə nəzarəti gücləndirməlidir ki, dəyişiklikdə olan hədəflərə nail olmaq mümkün olsun”.

Yeganə Oqtayqızı
Cebhe.info

 

12:11