“Keyfiyyətsiz jurnalistika cəmiyyətdə fəsadlara səbəb olur”

 

Arif Əliyev: “Məqalədəki başlıq mütləq məzmundan doğmalı, məzmunu əks etdirməlidir”
 

Son vaxtlar bəzi media orqanlarında mətn və həmin mətndə ehtiva edilən fikirlərlə heç bir əlaqəsi olmayan, yaxud qismən əlaqəsi olan, sadəcə oxucu diqqəti cəlb etmək üçün qoyulan başlıqların sayı artmaqdadır. Hansı ki, başlıq və mətn arasında hər hansı bağlılığın olmaması oxucular tərəfindən də narazılıqla qarşılanır. Maraqlıdır, başlığa mətnlə hər hansı bağlılığı olmayan fikirlərin çıxarılması oxucuların aldadılması kimi dəyərləndirilə bilərmi? Yoxsa bu, jurnalistin səlahiyyətində olan bir məsələ kimi təbii qarşılana bilər?

Bu barədə açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev bunun yolverilməz olduğunu vurğuladı: “Bu, keyfiyyətsiz jurnalistikada tətbiq edilən bicliklərdən biridir. Məqsəd oxucunu cəlb etməkdir. Sensasion başlıqlar buna xidmət edir. Bəzən isə başlıq başqa cür verilir, lakin xəbərin içini oxuyanda görürsən ki, mətnin özündə başlıqda verilən xəbər təkzib olunur. Oxuculan isə əksəriyyəti yalnız başlığa fikir verir. Odur ki, həmin başlıq onlarda yanlış təsəvvür yaradır. Bu, qadağan edilmiş bir üsuldur. Təkcə jurnalistikada deyil, reklam işində də bu üsul qadağan edilib. Başlıq mütləq məzmundan doğmalı, məzmunu əks etdirməlidir. Peşə kodeksində də, özünə hörmət edən media orqanlarının daxili qaydlarında da başlıq məsələsinə xüsusi diqqət yetirilir. Başlıq oxucunu çaşdırmamalıdır. Bu, daha çox oxucu etibarına önəm verən ölkələrin medialarında belədir. Orada mətbuatı oxucu yaşadır. Buna gör də mətbuat çalışır ki, oxucunu aldatmasın. Bilirlər ki, əgər oxucunu adatsalar, oxucu bir də ona qayıtmayacaq. Bizdə isə bunun o qədər də əhəmiyyəti olmadığı üçün bunu gen-bol tətbiq edirlər”.

Seymur Əliyev

 

12:37