İranı narahat edən yeni “proje”

Yaxın Şərqdə baş verən proseslərdə, xüsusilə Suriya münaqişəsinin həllində maraqlı tendensiyaların şahidi oluruq. Hazırda bölgənin vahid gücünə çevrilmək üçün İran və Türkiyə arasında ciddi mübarizə gedir.Türkiyə bu gün bölgədə ciddi gücə və təsir imkanlarına sahibdir.Ancaq görünən odur ki, Türkiyənin güc sahibi olması İranı narahat edir.Son zamanlar İran bölgədə istər siyasi, istərsə də iqtisadi baxımdan fərqli fəallıq nümayiş etdirir.Siyasi şərhçilər İranın bu aktivliyini, bölgədə vahid gücə çevrilmək istəyilə əlaqələndirir.İranın bu fəallığının Türkiyə ilə münasibətləri zədələcəyi də istisna olunmur.

Məsələni şərh edən politoloq Elşən Manafov İranın aktivləşməsini ABŞ-da hakimiyyət dəyişikliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, İranın bölgədə aktivləşməsinin əsas səbəbi ABŞ-ın yeni prezidenti Donald Trampın təhdidləridir: “Amerika Birləşmiş Ştatlarında Trampın qələbə qazanmasından sonra İranın bölgədə yaranan vəziyyətlə bağlı diplomatik fəaliyyətini artırması, anlaşılandır. Çünki, Tramp açıq şəkildə bildirib ki, ABŞ İran münasibətlərinə yenidən baxmaq fikrindədir.Bunu Tramp öz çıxışlarında dəfələrlə vurğulayıb.ABŞ İranın nüvə başlıqlarıyla bağlı atdığı bütün addımları diqqətlə izləyir.ABŞ bəyan edir ki, İran bununla bağlı üzərinə götürdüyü öhdəlikləri heç də məsuliyyətlə yerinə yetirmir.Halbuki, İranın dini lideri Xamneyi deyir ki, ABŞ əgər razılığı pozarsa İran özünün nüvə silahını hazırlamaqda müstəqil qərar vermək səlahiyyətindədir.Yəni, İranın bu aktivləşməsi birbaşa olaraq ABŞ-ın yeni prezidentinin təhdidlərilə bağlı olan məsələdir.Digər tərəfdən, 23 yanvarda Astanada keçiriləcək yüksək səviyyəli görüşə dəvət olunan ABŞ-a İranın münasibəti digər dövlətlərə nisbətən daha fərqlidir.İran birmənalı şəkildə Suriya məsələsinin çözülməsi prosesində ABŞ-ı görmək istəmir.İranın bu mövqeyi artıq Rusiya-İran münasibətlərində bir növ çatın yarandığını göstərir”.
Politoloq hesab edir ki, İranın Suriya məsələsində mövqeyi Rusiya ilə müəyyən qədər üst-üstə düşsə də, Türkiyə ilə tamamilə əks mövqedədir. Çünki, Tehran Ərdoğan iqtidarının “yeni Osmanlı” layihəsindən çox ciddi narahatçılıq keçirir: “Digər tərəfdən Suriyaya Əsəddən sonra kimin rəhbərlik edəcəyilə bağlı İran Türkiyə arasında ciddi fikir ayrılığı var. Əgər İran Əsəddən sonra yenə də ələvilərin iqtidar olmasını istəyirsə, Türkiyə Əsədə qarşı vuruşan sünnilərin hakimiyyətə gəlməsini istəyir. Digər tərəfdən Türkiyənin bölgədə nüfuzi getdikcə artır.İranın fəallaşmasının səbəblərindən biri də məhz budur.İran Türkiyənin nüfuzunun artmasını siyasi qısqanclıqla izləyir.Əslində məlum hadisələrə qədər bölgənin lider dövləti qismində məhz İran çıxış edirdi.İranın ayrı-ayrı ərəb ölkələrinə təsir imkanları da Türkiyədən fərqli idi.Amma Ərdoğanın, xüsusilə də Davos forumunda çıxışından sonra Türkiyənin ərəb ölkələrində nüfuzu kifayət qədər artmağa başladı.“Ərəb baharı” dönəmində də bir sıra ölkələr məhz Türkiyə tərəfə boylanmağa başladılar.Ərəb dünyasında Türkiyənin getdikcə artan nüfuzu, təbii ki, İranın bölgədəki maraqlarına cavab vermir.Hesab edirəm ki, İranın bölgədə fəallığını artırması da məhz bu səbəblərdən asılıdır”.

Vilayət Muxtar
Cebhe.info

12:16