Ermənistandan hüquqa zidd mövqe: Azərbaycanlı əsir və girovlar geri qaytarılmır

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması məqsədilə müvafiq beynəlxalq qurumların təkidli müraciətlərinə Ermənistanın rəsmi orqanları cavab verməkdən imtina edib.  Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə,qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır. Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər belə Ermənistanın bu qeyri-humanist hərəkətinə hələlik heç bir təsir göstərə bilmir. Bununla belə Azərbaycan tərəfindən aidiyyatı dövlət təşkilatları və beynəlxalq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər davam etdirilir.

Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Cebhe.info-ya açıqlamasında Azərbaycana qarşı bu ədalətsiz mövqeyə beynəlxalq təşkilatlar tərəfindən heç bir reaksiya verilmədiyini deyib: “Bu gün ermənilər tərəfindən Azərbaycanın əsgərləri, o cümlədən mülki vətəndaşlar girov götürülür. Girov götürülən mülki şəxslərin cəsədinin geri qaytarılmaması müharibə tarixində rast gəlinməyən bir faktdır. Bunu Ermənistan edir, “bacarır”. Bu azmış kimi bu gün Ermənistan əsir götürdüyü əsgər Qurbanov Çingizin nəşini geri qaytarmaqdan imtina edir”. 
İşğalçı dövlətin bu addımının beynəlxalq hüquqa zidd olduğunu deyən ekspert beynəlxalq təşkilatların da susqun mövqe nümayiş etdirməsini vurğulayıb: “Təəssüflər olsun ki, ATƏT-in həmsədr ölkələri, o cümlədən də beynəlxalq təşkilatlar bu məsələdə susqun mövqe nümayiş etdirirlər. Girovların geri qaytarılması istiqamətində irəliləyiş gözə çarpmır. Ermənistan bu gün heç bir beynəlxalq hüququn tələblərinə cavab vermir, buna zidd addım atır. Qısa müddətdə beynəlxalq hüquqa əməl edilməli, əsrlər geri qaytarılmalıdır”.

 Nigar Məhərrəm
Cebhe.info

11:20