"Dərslik kimi bir vacib işi uşaq - muşağın öhdəsinə buraxmaq olmaz"

"Tarixdə mövcud olan Erməniyə (Armeniya) ilə bağlı tarixi araşdırmalar ortaya qoyulmalıdır, onda belə mənasız "xəritə krizi" ortaya çıxmaz"
 

Dünən Türkiyənin “Sözcü” qəzeti qalmaqallı iddia irəli sürüb və məsələnin arxasında Rusiyanın dayandığını yazıb. Bu iddianın nə dərəcədə əsaslı olub - olmaması ilə bağlı Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlının fikirlərini öyrənməyə çalışdıq. Onun açıqlamasını təqdim edirik: "Türkiyədə bir olay baş verərkən hərə öz versiyasını irəli sürür. O da həmin qəzetin versiyasıdır. Amma biz bunu dəqiq bilirik ki, Rusiya belə xırda məsələlərlə məşğul olmaz. Xəritə mövcud olan bir xəritədir. Yüzlərlə belə uydurma xəritə göstərmək olar. Vaxtilə biz bu işlə heç məşğul olmazkən ermənilər hətta bu xəritəni Azərbaycan Sovet Ensiklopediyasında verdiriblər. Bununla bağlı da mənim açıqlamam olub. "Armeniya" Ermənistan anlamına gəlməz. Onu da bizim savadsız tarixçilər götürüb kitaba daxil ediblər. Rusiyanın bu məsələdə əli var deyəndə onun hansı məqsədlə edildiyini də deməliyik. Bəlli bir məram yoxdur əslində. Mən bu işi böyütmənin tərəfdarı deyiləm. Amma dərslik kimi bir vacib işi uşaq - muşağın da öhdəsinə buraxmaq olmaz. Əlbəttə, bu işdə günahkarlar varsa cəzalanmalıdır. O cavan oğlanın hansı səriştəsi və tarixi bilgisi var ki, ona dərslik hazırlamaq həvalə olunur? Buna cavab arasaq daha doğru yolda oluruq - deyə düşünürəm. Bir də hələ də bizim Azərbaycan tarixi ilə bağlı ciddi və istinad ediləcək bir ciddi mənbəmiz yoxdur. Bir vaxtlar Türkiyədə Azərbaycan tarixi ilə bağlı kitab hazırlamaq istədilər, düz- əməlli bir kitabımız olmadı təqdim etməyə. O vaxtkı Tarix Kurumunun başkanı mənə demişdi ki, 7 cildlik Azərbaycan tarixi kitabını çap eləmək istədik, Azərbaycanda dedilər ki, o kitabda ciddi qüsurlar var, O zaman soruşmuşdu başkan "Əgər bu kitabda qüsurlar varsa nə üçün onu mağazalarda satırlar?". Həqiqətən də sual çıxırdı ortaya. Nə üçün? Kiminsə xətri xoş olsun deyəmi? Biz indi bu qüsurları aradan qaldırmalıyıq. Deyək ki, kitablar yığışdırıldı, bəs digər kitablarda yer alan və "Armeniya" deyə keçən xəritələr necə olsun? Bunun bir elmi izahatı varmı? Məncə tarixdə mövcud olan Erməniyə (Armeniya) ilə bağlı tarixi araşdırmalar ortaya qoyulmalıdır, onda belə mənasız "xəritə krizi" ortaya çıxmaz. Konkret belə bir mövqe ortaya qoyulmalı və araşdırmalar aparılmalıdır ki, Armeniya adında coğrafi ərazi olmuşdur və bunu Ermənistan hesab etmək nadanlıqdır. Bu Armeniya bölgəsində yüzlərlə xalq yaşayırdı, onlardan yalnız biri haylar (indiki anlamda ermənilər) idilər. Digər xalqların bir çoxu tarix səhnəsindən təbii olaraq çıxdılar. Haylar bu bölgənin adına da, kültür varlıqlarına da sahibləndilər. Məgər Azərbaycandakı xristian abidələrinə biz sahibmi çıxdıq ki, onları ermənilər mənimsəməsinlər? Xeyr. İndi ermənilər Alban abidərini dünyanın kültür menyüsünə daxil etməkdə davam edirlər. Biz nə qədər çığır - bağır salsaq da bir xeyri olmur. Qanzasar monastırı erməni monastırı kimi təqdim edilir. Gecikmişik çünki, "daldan atılan daş topuğa dəyər" deməmişmi dədələrimiz...? Xəritə məsələsində də elə. Ox yayından çıxmışdır. Biz ermənilərə çox yaxşı təbliğat fürsəti vermişik. İndi Ermənistanda bundan məmnunluq ifadə edən yazıların şahidiyik".

Turaninfo.az

09:32