Bizi tursitlərin "gözünə qatıb" soyurlar: Ağlasığmaz rəqəmli qəbzlər necə yaranır?

 

İndi həm turizm mövsümünün, həm də süni qiymət artımının qaynar dövrüdür. Müxtəlif xidmət sektorlarında göstərilən xidmətlərin keyfiyyəti ilə qiyməti arasında fantastik dərəcədə uyğunsuzluq müşahidə edilir. Yerli vətəndaşları da tursitlərin "gözünə qatıb" soyurlar desək, yanılmarıq. Elə sosial şəbəkələrdə paylaşılan ağlasığmaz rəqəmli qəbzlər də bunun bariz nümunəsidir.

Bəs bu cür süni qiymət artımı necə yaranır? Turizmin intensivliyinə necə təsir edir?

Azərbaycan Hotel və Restoranlar Asossasiyasının rəhbəri Samir Dübəndi problemin yaranma səbəblərini müxtəlif aspektlərdən izah edib: Son iki ildə ölkəmizə gələn turistlərin sayında böyük artım müşahidə edilir. Son illərdə ölkəmizə maraq göstərən əcnəbilər, əsasən, Fars körfəzi ətrafında olan dövlətlərin vətəndaşlarıdır. Bununla yanaşı, İran, İraq, Bəhreyn, Sudan və digər ərəb ölkələrindən də turistlər qəbul edirik. Statistikaya nəzər salarkən Türkiyə, Rusiya kimi qonşu ölkələrdən daha çox turist qəbulu etdiyimizi görürük. Lakin bu turistlər, əsasən, iş məqsədilə ölkəmizə gəlib-gedirlər. Hazırda ölkəmizin turistik statistikasına Türkiyə liderlik edir. Turizm mövsümü ilə əlaqədar olaraq, nəinki ölkəmizdə, turizm sektorunun inkişaf etdiyi əksər ölkələrdə xidmət sektorlarının qiymət dəyişikliklərinə rast gəlinir və bu çox normal bir haldır. Turizm sektorunda müxtəlif işbazların və qeyri-peşəkar qurumların ortaya çıxması da sektorda müxtəlif problemlərin baş qaldırmasına səbəb olur. Bu problemlər həm keyfiyyət, həm etibarlılıq, həm də qiymətlə əlaqədar olur. Süni qiymət artımı yaranmasının birbaşa səbəbkarları da həmin işbazlardır. Onlar mövsümlə bağlı olaraq çalışırlar ki, turizm sahəsində bir pay qazansınlar və müəyyən mövqeyə sahib olsunlar. Sektorda apardığımız monitorinqlər zamanı həmin işbazların qeyri-peşəkar fəaliyyətləri ilə çox qarşılaşmışıq. Bunlara özəl turizm agentlikləri, turizmlə məşğul olmaq istəyən fərdi şəxslər aiddir. Onlar turizm sənayesinin özəlliklərini, tələbatlarını öyrənmədən və ən əsası, qarşı tərəfin-istehlakçının istəyini nəzərə almadan işlər görməyə çalışırlar. Bunda da yeganə məqsəd pul qazanmaqdır. Bu halda təbii olaraq düzgün olmayan, xidmətin keyfiyyətinə uyğun gəlməyən və qat-qat şişirdilmiş qiymətlər ortaya çıxır. Bu da ölkəmizin turizm sektoruna öz ciddi mənfi təsirini göstərir. Çünki turizmdən yalnız pul qazanmaq məqsədilə məşğul olan şəxslər Azərbaycanın dünyadakı mövqeyini nəzərə almırlar. Düşünmürlər ki, biz nə qədər formalaşdırılmış və xidmətə müvafiq məbləğlərlə dünya bazarına çıxsaq, bir o qədər xeyir əldə edərik. Bununla da həmin rəqib bazarlarda mövqelərimizi möhkəmlədə, həmçinin sağlam rəqabət apara bilərik. Süni qiymət artımlarına daha çox restoranlarda, yəni ictimai iaşə obyektlərində rast gəlinir. Bu siyahıya əksərən gecə fəaliyyət göstərən barlar, əyləncə mərkəzləri daxildir. Həmin obyektlər mövsümi qiymətlər tətbiq etməklə, ilk növbədə, öz vətəndaşlarımıza ziyan vururlar. Çünki turistlər bir müddətdən sonra ölkəni tərk edir. Xidmətdən istifadə edənlər isə yalnız yerli vətəndaşlar olur. Beləliklə də, süni qiymət artımından daha çox yerli əhali əziyyət çəkir. Turistlərin büdcəsinə isə bu, o qədər də təsir etmir. Çünki səyahətdə olan insan hansı ölkəyə getməsindən asılı olmayaraq, pul xərcləməyin lazım olduğunu bilir.

Süni qiymət artımlarının qarşısını necə almaq olar?

 

Dünya təcrübəsində dövlətin birbaşa olaraq süni qiymət artımına müdaxilə etməsi halı mövcud deyil. Çünki bu özəl biznesə müdaxilə hesab edilir. Sahibkar xidmətin qiymətini qaldırıbsa, dövlət buna necə müdaxilə edə bilər? Əgər qiymət qalxıbsa, dövlət yalnız bu qiymətin dəyərində vergi tələb edə bilər, müdaxilə edə bilməz. Mövsümlə əlaqədar olaraq otel və restoranlardan əlavə, nəqliyyat sektorunda da kəskin qiymət artımı müşahidə edilir. Bu daha çox taksi xidmətində özünü göstərir. Ölkəmizə ilk dəfə ayaq basan turistin yerli xidmətlərdən və onların qiymətlərindən xəbəri olmadığı üçün taksi şirkətləri turistlərdən sui-istifadə edir. Bu isə həm etik, həm də qanuni baxımdan yolverilməzdir. Otellərdə süni qiymət artımına, demək olar ki, rast gəlinmir. Ölkəmizdəki lüks otellərin əksəriyyəti 100-150 illik təcrübəyə malikdir. Bu otellərə “Four seasons”, “JW Marriot”, “Hilton”, “Kempinski” kimi brendlər daxildir. Həmin otellərin ölkəmizə gətirdiyi təcrübə və ənənələr süni qiymət artımına imkan vermir. Çünki onların sistemləşdirilmiş və standartlaşdırılmış xidmət prinsipləri və etibarlılıq zəmanəti mövcuddur. Onlar kadr siyəsti ilə yanaşı, vahid qiymət siyasəti də aparırlar. Yəni, Bakıda yerləşən bir otelin qiyməti, həmin otelin Vaşinqtondakı filalı ilə eynilik təşkil edir. Başqa bir səbəb isə turistlərin lüks otellərə üstünlük verməsi və həmin otellərin xarici valyuta ilə xidmət göstərməsidir. Otellərin xidmətləri ilə maraqlanan turistlər ölkəyə gəlməzdən öncə qiymətlərlə tanış olur və öyrəndiyi rəqəmləri otelə gələrkən də görür. Bununla da süni qiymət artımı yolverilməz olur.

Dünyada xidmət sektorlarının işi necə tənzimlənir?

 

Turizm sektoru elə bir sahədir ki, bu sahədə işləyən hər kəs peşəsini həm də həyat amalına çevirməlidir. Çünki sektorun çətinliyi bunu tələb edir. Hər hansı bir ölkənin turzim sektorunda fəaliyyət göstərən şəxslər bu amal altında birləşir və vahid bazar yaradırlar. Bununla da, sektorun bütün problemləri, eləcə də, qiymət məsələsi rahat bir şəkildə həllini tapmış olur. Bu təşkilatlar, əsasən, qeyri hökumət tipli olur və dövlət onların işinə vergidən başqa heç bir müdaxilə etmir. Bu artıq turizm sahəsində dünya üzərində qəbul edilmiş standartlaşma formasıdır.

Bəs qiymətlər necə formalaşır?

 

Qiymətlərin formalaşması istehlakçının tələbatı və onun qarşılanması prinsipi əsasında müəyyən edilir. Məsələn, bir turist Azərbaycana təşkil edilən turların qiymətini öyrənərkən “5000 dollar” kimi bir rəqəmlə qarşılaşarsa, o, bu turdan dərhal vaz keçəcək və bu məbləğə təklif edilən daha ekzotik bir ölkəyə səyahət edəcək. Çünki, Azərbaycanda təklif edilən xidmət və onun keyfiyyəti bu məbləğlə disbalans təşkil edir. Bu isə birbaşa olaraq süni qiymət artımı deməkdir.

Hurriyyet.org

09:37