Baş bankirdən etiraf: Manatı qoruya bilmir

 “2015-də pul kütləsi 50 faiz azalıb, cari ildə də AMB sterilizasiyanı davam etdirib. Strelizasiyanın həcmi 6 milyard manat təşkil edir. Bununla izafi pul kütləsinin gərginlik yaratmasının qarşısı alınıb”. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında çıxışında bildirib. Onun sözlərinə görə, manatın məzənnəsi ilin əvvəlindən cəmi 11 faiz ucuzlaşıb: “Qlobal çətinliklərə baxmayaraq, ölkə iqtisadiyyatı böhranlara dayanıqlılıq nümayiş etdirir. 2008-ci ildən ancaq bu il iqtisadiyyatda resepsiya hiss edirik”.

Baş bankir deyib ki, ilin sonuna kimi 5 milyard kəsir gözlənilir: “Tədiyyə balansında kəsir tam aradan qaldırılmayıb. İlin sonuna 5 milyard dollar kəsir gözlənilir. Bunun 80 faizi kapital hərəkəti ilə bağlıdır. Bu da əsasən xarici öhdəliklərdir. Neftin ucuzlaşması davam edir. Qeyri-neft ixracında da azalma var. Azalma təxminən 20 faizdir”.
Müstəqil ekspertlərin qənaətincə, pul kütləsinin sterilizasiyasının artırılması makroiqtisadi göstəricilərə mənfi təsir edəcək. İqtisadi artıma mənfi təsir göstərəcək, iş yerlərinin kütləvi şəkildə bağlanması və işsizliyə gətirib çıxara bilər. Pul kütləsinin sterilizasiyası həmçinin bank sektoruna ciddi zərbə vuracaq. Kreditləşmənin daha da azalmasına səbəb olacaq bu qərar bankların mənfəətini azaldacaq. Manat kütləsinin sterilizasiyası kiçik bankların bağlanmasına gətirib çıxara bilər. Tədiyyə balansındakı kəsir isə xarici öhdəliklərin yerinə yetirilməsi səbəbindən davam edəcək. Analitiklər hesab edirlər ki, valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə manat kütləsinin sterilizasiyası alıcılıq qabiliyyətini aşağı salacaq.  
İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, manatın sterilizasiyası iqtisadi inkişaf və böhranın təsirlərini minimumlaşdırmaq baxımından əlverişli deyil: “Pul kütləsinin sterilizasiyası qısamüddətli dövrdə effektli ola bilər. Mərkəzi Bankın yanaşması ondan ibarətdir ki, az manat - dollara az tələb. Mərkəzi Bank pul-kredit siyasətini 2017-ci ildə dəyişməlidir. Mövcud pul-kredit siyasəti real sektora ciddi pulların daxil olmasına imkan vermir, real sektorun canlanmasını tormozlayır. Pul kütləsi artmalıdır ki, alıcılıq qabiliyyəti yüksəlsin, real və başqa xidmətlər sektorunda yenidən  canlanmanı bərpa etmək mümkün olsun. Təəssüf ki, Mərkəzi Bank 2017-ci ildə də səhv pul-kredit siyasətini, eləcə də sterilizasiya əməliyyatını davam etdirmək niyyətindədir. Əgər bu siyasət davam edəcəksə, 2017-ci ildə də real və başqa xidmətlər sektorunda canlanma təmin olunmayacaq. Pul kütləsinin sterilizasiyası nəinki orta və uzunmüddətli dövr üçün, hətta məzənnə siyasəti üçün də effektli sayılmır. Çünki orta və uzunmüddətli dövrdə sterilizasiya tədbirlərinin dayandırılması yenidən milli valyutaya təzyiqi artıra bilər. Birmənalı şəkildə Mərkəzi Bank mərhələli yumşaq pul-kredit siyasətinə keçməlidir. Bu vacibdir. Əgər sərt pul-kredit siyasətini davam etdirəcəksə, bu, real sektorun çöküşü ilə nəticələnəcək”

“Ağıllı idarəetmə ilə böhrandan çıxmaq olar”

İqtisadçı-ekspert Oqtay Haqverdiyev “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan unikal dövlətdir, bank sistemi ilə real sektor arasında heç bir bağlılıq yoxdur: “Maliyyə bank sistemi özü üçün, real sektor da özü üçün işləyir. Amma belə olmamalıdır. Ümumiyyətlə, maliyyə-bank sisteminin əsas funksiyası real sektorun inkişafına yönəlməlidir. Bu, qanunlarımızda da belədir, bütün dünyada da. Maliyyə-bank sisteminin əsas funksiyası real sektoru işlətməkdir. Belə ki, real sektor nəsə istehsal etməlidir, satmalıdır, dövriyyəlilik olmalıdır. Maliyyə-bank sistemi öz daxilində problemləri var, onları həll etmək fikrindədir. Real sektor isə qalıb kənarda. Ona görə də iqtisadiyyat 3.7 faiz aşağı düşüb. Bu halda bank sisteminin özü də çökəcək. Çünki ortalığa nəsə çıxarda bilmirik ki, iqtisadiyyat işləsin. Son illər ölkəni kifayət qədər xarici şirkətlər tərk etdi, mağazalar bağlandı və.s. Mərkəzi Bankın sterilizasiyası oyundur. Onun bir dərdi var, o da ki, inflyasiyanın 30 faizə çatmasına mane olmaqdır. Buna görə də gah pulları dövriyyəyə çox buraxır, gah da yığır ki, manatın məzənnəsi sabit dayansın. Bunlar hamısı bank sisteminin siyasətidir. Bank sistemi fikirləşmir ki, istehsal aşağı düşəcək və yaxud artacaq. Bunun ona dəxli yoxdur, həmin sahələrin öz nazirləri var, özləri bilər. Belə iqtisadiyyat olmaz. Bunun koordinasiyası var axı. Onlar bir-birini dəstəkləməlidir”. Ekspertin sözlərinə görə, tədiyyə balansında 5 milyard dollar kəsirin olması mənfi saldodur: “Azərbaycanda uzun illər müsbət saldo olub. Belə çıxır ki, biz mayadan “yeyirik”. 2017-ci il cari ildən də çətin olacaq. Bunu bəziləri yumşaq, bəziləri də açıq deyir. Buna faciə kimi baxmaq lazım deyil. Biz bu yolu keçməliyik. İqtisadiyyatımız bir şaxəli olduğu üçün bu günə düşmüşük. Niyə başqa ölkələr vəziyyətdən tez çıxa bilir? Çünki ayrı sahələri də var. Bir sektorda çatışmazlıq olan kimi digər sektor bu boşluğu doldurur. Azərbaycanın bu boşluğu doldurmaq üçün dünya bazarına çıxarmağa neftlə qazdan başqa bir şeyi yoxdur. Böhrandan gec də olsa çıxacağıq. Amma buna vaxtla yanaşı ağıllı idarəetmə də lazımdır. Görülən işlər məqsədyönlü, sistemli şəkildə olmalıdır”.

Yeganə Oqtayqızı
Cebhe.info

13:46