Azərbaycanda internet sürətinin zəifləməsinin səbəbi açıqlandı

“Delta Telekom LTD” MMM son vaxtlar Azərbaycanda internetin sürətində yaranan problemlərə aydınlıq gətirib.

“Delta Telekom LTD” MMM-dən ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq onlara olan borclarını ödəmir və nəticədə maliyyə çətinlikləri yaranıb: “Son vaxtlar ölkədə internetin sürəti və keyfiyyətinin aşağı səviyyədə olması, xüsusilə pik saatlarında dözülməz həddə çatması haqqında mətbuatda ciddi müzakirələr gedir. Bunula əlaqədar deyə bilərik ki, bu cür narazılıqların yaranmasına səbəb ikinci dərəcəli internet provayderlərinin işini düzgün qurmaması, gəlirləri olduğu halda texnologiyanı yeniləməməsi, ən əsası isə müştəri sayının bir neçə dəfə artmasına baxmayaraq aldığı internet yükünü artırmaması nəticəsində baş verir. Nəticədə müxtəlif statistik göstəricilərdə və beynəlxalq müzakirələrdə, eləcə də ölkəmizə gələn qonaqlarda Azərbaycanda internet sürətinin aşağı səviyyədə olması barədə rəylər səslənir. Əslində isə əsas provayder olaraq “Delta Telekom LTD” MMM həmişə olduğu kimi, bu gündə ölkəni sürətli, keyfiyyətli və rezervli (sığortalanmış) internetlə təmin edir. Ölkədə internetə olan təlabat ikiqat artarsa müəssisənin texniki göstəriciləri imkan verir ki, bu artıqlanması ilə ödənilsin. Bu məqsədlə müəssisənin imkanlarının artırılması və mütəmadi olaraq texnologiyanın yenilənməsi istiqamətində iş aparılır, kadr heyətinin daha da təkmilləşməsi üçün xarici şirkətlərlə təcrübə mübadiləsi həyata keçirilir. Onu da qeyd etmək istəyirəm ki, “Delta Telekom”da yarandığı gündən bu günədək yalnız yerli mütəxəssislər fəaliyyət göstərib”.

“Delta Telekom LTD” MMM-in mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, yaxın günlərdə bir neçə provoyderlərə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir: “Müəssisəmiz tərəfindən göstərilən xidmətlərlə yanaşı problemlər də mövcuddur. Yerli provayderlər öz abonentlərindən abunə haqqını əvvəlcədən yığmasına baxmayaraq, müəssisəmizə olan borclarını ödəmir və maliyyə çətinlikləri yaranır. Uzun müddət bu hallara güzəştlə yanaşsaq da artıq problemin məhkəmə yolu ilə həll olunmasına çalışırıq. Hazırda “Qlobal Netvorks” MMC, “CNC AZ” MMC, “Data Plus” MMC və bir neçə dövlət təşkilatları ilə məhkəmə prosesi davam edir. Həmin provayderlərin toplam olaraq üç milyon manatdan artıq borcları vardır. Bunula əlaqədar olaraq hər üç şirkətə göstərilən xidmətlərə məhdudiyyət tətbiq olunur ki, bundan da həmin provayderlərin müştəriləri əziyyət çəkir. Baxmayaraq ki, müştərilər pullarını əvvəlcədən ödəyiblər. Yaxın günlərdə bu provoyderlərə internet verilməsinin tamamilə dayandırılması məsələsi gündəmdədir. “Ölkə.Az” olaraq sizin imkanlarınızdan istifadə edərək yuxarıda qeyd olunan provayderlərin müştərilərinə bildirmək istərdik ki, internet xidmətləri dayansa problemin müəssisəmizdən qaynaqlanmadığını, pulunu əvvəlcədən ödədikləri provayderlərin yarıtmaz işi nəticəsində baş verdiyindən məlumatlı olsunlar”.

Muxalifet.az 

12:38