Azərbaycana internet təxribatı: Rusiya, yoxsa “mahmudovçular”ın təhdidi?

Cahid İsmayılov: “Ölkənin mükəmməl internet infrastrukturu yoxdur”

Noyabrın 22-də ölkədə yaranan internet problemi hələ də tam həllini tapmayıb. Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən Sumqayıt şəhərində internet kəsilib. Dünəndən başlayaraq şəhərin müxtəlif ərazilərində internet təminatında dayanmalar qeydə alınıb. Aidiyyəti qurumların məlumatına görə, 654 saylı Telefon Rabitə Qovşağında kabel xətlərinin qırılması səbəbdən internetin verilişində problem yaranıb. Analoji hal digər internet provayderlərində də qeydə alınıb. Belə ki, eyni gün “Connect” internet provayderində də internet kəsintisi müşahidə olunub. Nasazlığın yaranması ilə əlaqədar paylayıcı şirkətlə əlaqə saxlamağa çalışsaq da zənglərə cavab verən olmayıb.  Qeyd edək ki, 2015-ci il noyabrın 16-da Azərbaycanın qlobal internet şəbəkəsilə əlaqəsini təmin edən milli operator- ”Delta-Telekom LTD" MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstülənmə baş verib. Hadisə zamanı açıq yanğın halları baş verməyib, kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqlarda qismən nasazlıq yaratmışdı. Bununla əlaqədar sistemin ümumi işi dayandırılıb və nəticədə ölkədə internet əlaqəsində kəsinti yaranmışdı.  
Məlumat üçün qeyd edək ki, Azərbaycana internet Rusiyadan ötürülür. Rusiyada bloka qoyulan saytlar Azərbaycanda açılmır. Ölkənin internet problemi ilə bağlı müxtəlif versiyalar var. Bir versiyaya əsasən ölkənin internet təminatını kəsməklə əhalini məlumatsızlığa alışdırmaq istəyirlər. Digər söyləntilərə görə, nə zaman ki, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun adı hallanır mütləq internetlə bağlı problem baş qaldırır.Onu da qeyd edək ki, ötən il ləğv olunmuş MTN naziri Eldar Mahmudov istefaya göndəriləndə ölkənin internet sistemi çökdü. Belə bir rəy formalaşmışdı ki, o, Əli Abbasovun müttəfiqi rolunu oynayır, bununla bir növ onun qisasın alır. İnternet problemlərinin yaşanması ölkənin informasiya təhlükəsizliyi üçün ciddi xəbərdarlıq sayılırmı? İnformasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün hansı addımlar atılır?

“Bu, vətəndaşlarda inamsızlıq yaradır”

İnternet üzrə ekspert Cahid İsmayılov bildirib ki, müntəzəm baş verən internet problemi onu göstərir ki, ölkədə mükəmməl şəkildə təşkil olunmuş internet infrastrukturu yoxdur: “İnternet infrastrukturu bütün ölkənin müasir texnologiya ilə internetləşdirilməsidir. Ölkədə optik kabellərlə internet çəkilməlidir. Əsasən Bakıətrafı qəsəbələrdə və ucqar kəndlərdə köhnə telefon xətləri üzərindən internet paylandığı üçün hava şəraiti ilə əlaqədar texniki problemlər yaranır. Bunun üçün qarşıya məqsəd qoyulmuşdu ki, ölkəyə mükəmməl şəkildə optik kabellərlə internet paylanılsın. Əlbəttə çəkilən optik kabellərin köhnə kabellərə nisbətən keyfiyyəti daha yüksəkdir və ötürücülük surəti də artıqdır. Nə qədər ki, köhnə telefon xətləri üzərindən internet paylanır, bu problemlər müntəzəm olaraq baş verəcək”.
Ekspert hazırda dövlətlə vətəndaş arasında elektron hökumət anlayışını yerləşdirməyə çalışıldığına da diqqət çəkib. O bildirib ki, internet problemlərinin yaşanması bu cür məsələlərin tam yerinə oturmasına mane olur: “Zəmin hazırlanır, hər şeyin internet üzərindən əlçatanlığı təmin edilir. İnternet xəbər almaq, vətəndaşın dövlətə müraciəti, bank əməliyyatları eləcə də bir çox işlər elektron hökumət portalı üzərindən həyata keçirilir. İnternetdə baş verən bu cür problemlər vətəndaşlarda inamsızlıq yaradır. Buna görə də qarşıya qoyulan məqsədin həyata keçirilməsinə maneə törədir.İnformasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün ilk növbədə yüksək keyfiyyətli internet infrastrukturu yaradılmalıdır. Ölkə başdan-başa internet toru ilə təmin edilməlidir ki, ondan sonra hər hansı informasiyanın paylanılmasından və təhlükəsizliyindən danışmaq mümkün olsun. Hazırda Azərbaycanda bu cür infrastruktur mövcud deyil”.

Yeganə Oqtayqızı
(Cebhe.info)

17:52