"Azərbaycan xalq hərəkatı onun xanım olduğu evdən başlamışdı” - Elçibəyin xanımı haqqında yazı

Düz bir il bundan öncə, 15 iyun səhər saat 7 radələrində, eks-prezident Əbülfəz Elçibəyin həyat yoldaşı, 92-93-cü illərdə ölkənin birinci xanımı olmuş Həlimə xanımın nəşini gətirən, Bakıdan xüsusi reyslə uçan təyyarə Naxçıvan hava limanına endi. Yorğun və üzgün sərnişinlər, yəni bizlər hava gəmisini tərk edərək çölə çıxdıq. Dərhal da, hərə bir tərəfə çəkilib, siqaretini alışdırdı. Sənədləşmə işlərinin bir neçə dəqiqə vaxt aparacağını bildiyimdən, bu vaxtdan istifadə edib, bizimlə bərabər gələn qonağı Həlimə xanımın oğlu Ərturqutla tanış edirəm. Qonaq, əlindəki çantadan Birinci vitse-prezident Mehriban xanımın adından olan başsağlığını və yas xərcləri üçün ayrılmış vəsaiti çıxarıb Ərturquta təqdim edir. Ərturqut göstərilən diqqətə görə təşəkkür edib, ona verilənləri mənə uzadır. Hərəkətlilikdən cənazənin gətirildiyini hiss edib, terminala tərəf tələsirik... 

“Çarter reys”- Həlimə xanımın, özünün 26 illik “eks –birinci xanım” statusundan ikinci və sonuncu “istifadəsidir”. Ona bu ehtiram indiki Azərbaycan dövləti tərəfindən, Birinci Xanım, Birinci vitse prezident Mehriban Əliyevanın şəxsində göstərilib. Və yəqin ki, ölkə tarixinə düşəcək bir hadisə, lazımlı və vaxtında atılmış addım kimi yaddaşlarda qalacaq.

Bəs bütün bunlar necə baş vermişdi? Hadisənin ən yaxın iştirakçısı kimi, bir il üstündən keçdikdən sonra, həmin günkü hadisələri yazmağı özümə borc bilirəm. Çünki elə məhz Həlimə xanım rəhmətliyin öz timsalında belə, ən yaxın iştirakçısı olduğun hadisələr haqda vaxtında danışmamağın, keçmişdəki hadisələri gələcəyə çatdırmaqçün yubanmağın nəticəsinin nə olduğunu gördüm.

1.jpg (94 KB)

Zamanında Həlimə xanıma jurnalistlər dəfələrlə mənim yanımda müraciət edib, müsahibə istəmişdilər. Əvvəllərdən bu cür müraciətlər isə, bəlkə də mənim şahid olduqlarımdan 20-30 dəfə çox olmuşdu. Hətta bir dəfəsində, ailə dostum olan bir jurnalist bizim evdə rəhmətliyin keçmişdən yada saldığı bir-iki hadisədən sonra, xahiş etdi ki, “gəlin sizlə danışaq, şahidi olduqlarınızı deyin, amma çap etməyək, tarix üçün qalsın”. Həlimə xanım, “hələ qoy qalsın” deyərək, gülümsünmüşdü.
Ömrünün 23 ilini, xalq hərəkatına rəhbərlik edən böyük bir siyasətçi ilə - Əbülfəz Elçibəylə yaşamışdı. “Azərbaycan xalq hərəkatı onun xanım olduğu evdən başlamışdı”- desək yanılmarıq. Gizli və açıq yığıncaqlar, qonaqlar, qonaqlıqlar, gələnlər gedənlər... Hamısına şahidliyi vardı. Cəfakeş və mərd bir xanım olaraq , bütün varlığı ilə öz həyat yoldaşının arxasında dayanmışdı. Bircə dəfə də olsun, “of”deməmiş, yorulmamış, yıpranmamışdı. Həm maddi, həm mənəvi çətinliklər, qayğılar, sıxıntılar... Heç nə yıpratmamışdı Onu! Şikayət etdiyini nə kimsə görmüş, nə də duymuşdu. O özündə bir çox müsbət cəhətlərlə yanaşı, böyük bir ailənin “xanım lideri” obrazını da saxlayırdı.

Çoxları Bəyin prezident olduğu illərdə Həlimə xanımın üzdə olmadığını, fəal olmamasını Əbülfəz bəyin mühafizəkarlığına bağlayır. Əsla! Əgər məsələ doğrudan da mühafizəkarlıq idisə, bu daha çox Həlimə xanımın özünün mühafizəkarlığı idi. Üstəgəl sadəliyi, təvazökarlığı. Anadan olub böyüdüyü ailədən gələn ədəb-ərkan, el adətlərinə bağlılıq da bir tərəfdən. Amma məncə, ən böyük səbəb o idi ki, Həlimə xanımın “üzdə olmağa” həm də vaxtı- zamanı yox idi. O, prezident xanımı olanda da, başı işdən- gücdən, qayğılardan, əndişələrdən ayrılmamışdı.

2.jpg (221 KB)

Bütün bu səbəblərdən idi ki, rəhmətlik Əbülfəz bəy ömrünün sonlarına yaxın verdiyi bir müsahibədə, öz mühafizəkarlığını bir kənara qoymuş, öz ailəsinə bütün bu illər ərzində çəkilən əməklərə görə təşəkkür etmiş, “verdiyi əziyyətə görə” üzr istəmişdi...

Əbülfəz bəydən sonra da Həlimə xanım necə idisə, elə də davam etmişdi. Həyat yoldaşını itirəndən sonrakı 19 il ərzində Həlimə xanım eyni mühafizəkarlığı, eyni sadəliyi saxlamış, maddi çətinliklərə rəğmən, özü və ailəsi üçün heç bir istəkdə bulunmamış, heç kimsəyə şikayətlənməmişdi.

Yuxarıda, “çarter reys”in Həlimə xanımın “öz səlahiyyətindən ikinci istifadəsi” olduğunu yazmışdım. Birinci “istifadə” – qardaş Türkiyənin Ankara şəhərində, 2010- və ya 2011-ci illərdə olmuşdu. Atatürkün məzarını, “Anıt kabiri” ziyarət etmək istəyində olan Həlimə xanımın bu istəyi necə olmuşdusa, dövlət rəsmilərinə çatmışdı. Rəsmi protokol tərtib olunmuş, Həlimə xanımın adından türk əsgərlər tərəfindən “Anıt kabir”ə çələng buraxılmışdı. Bu rəsmi ziyarəti dönüşdə bizlərə danışarkən, möhtəşəm bir qürur yaşadığını görürdük...

Gələk başdakı söhbətimizə...

Şərəflə yaşanan 67 il, Türkiyənin İstanbul şəhərində, həm də gözlənilmədən başa çatmış, bütün yaxınlarını və tanıyıb-sevənlərini dərin bir kədərə boğmuşdu. Dəfn özünün istəyi üzərinə, (yaxınları ilə söhbətlərində, hələ çox əvvəllərdən “ölüb eləsəm, məni Bakıda qoymayın qalam, kəndə aparın”- deyərmiş) Kələkidə, doğulduğu kənddə olacaqdı. İstanbuldan Naxçıvana təyyarə müşkül məsələ idi. Odur ki, Bakıya gətirilib, ordan Naxçıvana aparılmalı idi. Amma necə? Bu aylarda Naxçıvana təyyarə reyslərinin sayının artmasına baxmayaraq, bir dənə belə yer tapmaq mümkün deyil. Biz isə o qədər çoxuq ki, ən azı bir təyyarə lazımdır...

Xəbər duyulan andan, bütün bu qarmaşanın, telefon zənglərinin, yaxınlarının təlaşının içində mən həm də cənazənin Bakıdan Naxçıvana çatdırılmasının, üstəgəl qohum-qəbilənin də Naxçıvana gedib çıxa bilmə yollarını axtarırdım. Üstəgəl bu yol, Həlimə xanımın keçdiyi həyat yoluna uyğun bir yol olmalı idi. Köməyi Azərbaycan Dövlətindən istəməli idik. Vəssalam! Rəsmi işləmlər, məktub müraciəti günlərlə çəkə bilərdi. Bizə məhz bu gecə, 14-dən 15-nə keçən gecə lazım idi təyyarə.
Və elə bu anda, ikicə gün əvvəl mənə gələn bir telefon zəngini xatırladım. Əbülfəz bəyin Rəsulzadə qəsəbəsindəki evinin təmiri üçün, etdiyimiz müraciətə , Birinci vitse prezident Mehriban xanım tərəfindən reaksiya verilmiş, mənə olunan zəngdə də, evin təmir ediləcəyi, bununçün də mənimlə lazımi adamların görüşəcəyi deyilmişdi. Telefon nömrəsini hər ehtimal qarşı, yaddaşda saxlamışdım. Adını belə bilmədiyim həmin adama telefon açdım. Hadisədən xəbərdar idi. Başsağlığı verdi, təşəkkür edib, vəziyyəti izah etdim. “Nə etmək lazımdır?” sualına, “bizə təyyarə lazımdır”-cavabını verdikdə, adamın dəstəyin o başında duruxduğunu hiss etdim. Azərbaycan şərtləri üçün, çox ciddi bir istəkdə bulunduğumun fərqində idim. “Siz sadəcə bizim vəziyyətin Mehriban xanıma çatdırılmasına kömək edin, sizdən bunu istəyirəm”, dedim.

Düz 15 dəqiqə sonra zəng gəlir. “Sizə nə lazımdırsa olunacaq! Narahat olmayın”, deyilir. Bu qısa vaxtda verilən qərar, uzadılan kömək əli yalnız və yalnız səmimiyyətdən xəbər verirdi. Üstümdən sanki dağ götürülür...

Bir qədər sonra bir də zəng edilir. Dəfnin və yasın bütün xərclərinin “Heydər Əliyev Fondu” tərəfindən ödəniləcəyini, bizimlə bərabər bir nəfər qonağın dəfndə iştirak edəcəyini, Mehriban xanım adından məzara çələng göndərilcəyini deyirlər. Mən də öz tərəfimizdən, mərhumənin oğlu və qızının adından təşəkkürlərimiz çatdırıram. Digər işlər, mənimlə yetkili şəxslər arasında həll olunacaqdı...

Naxçıvan hava limanında Ərturqutla görüşdürdüyüm qonaq da, məhz həmin qonaq idi. Cənazəni maşına qoyub, bizi müşayiət edən maşın karvanı ilə bərabər kəndə gedirik. Həlimə xanım böyük bir izdihamla, dövlət adamlarının və Türkiyə Cümhuriyyətindən gəlmiş qonaqların iştirakı ilə dəfn edilir. Məzarına üstündə “MEHRİBAN ƏLİYEVA ADINDAN” sözləri yazılmış çələng buraxılır. Qonağı yola saldıqdan sonra, evə gəlib başsağlı məktubunu açıram.

4.jpg (43 KB)

“Azərbaycan Respublikasının 2-ci prezidenti cənab Əbülfəz Elçibəyin ailəsinə

Azərbaycan Respublikasının 2-ci Prezidenti cənab Əbülfəz Elçibəyin həyat yoldaşı xanım Həlimə Əliyevanın vəfatı xəbərini dərin hüznlə qarşıladım.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə səbir diləyirəm.

Allah rəhmət eləsin!”- İmza çəkilib və sonda sadəcə ad soyad yazılıb: Mehriban Əliyeva.

Başsağlığı öz səmimi və sadə mətni ilə, dünəndən bəri dövlət tərəfindən, dövlətin birinci Vitse Prezidentinin şəxsində edilənlərə, maddi və mənəvi dəstəyə vurulan möhür idi sanki!

Çingiz ÖZGÜR, yazar, Elçibəy ailəsinin yaxını

10:18