AZƏRBAYCAN SİYASƏTİNİN PRİORİTETLƏRİ...

Ölkəmizin 2017-ci il üçün hədəfləri nələr olmalıdır?

Başa vurmaqda olduğumuz 2016-cı il Azərbaycanın daxili və xarici siyasətində bir çox mühüm hadisələrlə yadda qaldı. Biz bu hadisələri sadalamaqla dəyərli oxucuların vaxtını almaq istəmirik. Amma, ümumilikdə belə demək olar ki, 2016-cı ildə Azərbaycan daxili siyasətdə daha bir addım geriyə getsə də, xarici siyasətdə bir çox uğurlar əldə edə bildi. Xüsusən də regional siyasətdə önəmli yol qət edə bildik. Əlbəttə, hələ qarşıda görüləcək işlər, həll olunması vacib olan problemlər çoxdur. Ən əsası da region dövlətləri ilə münasibətlərdə ciddi dönüş etməyə ehtiyac var. Məsələn, Rusiya və İranla əlaqələr qarşılıqlı səmimiyyət üzərində qurulmalı, bu ölkələrin Azərbaycan dövlətinə olan qeyri-normal münasibəti dəyişməlidir. Bu baxımdan, ümid edirik ki, qarşıdan gələn 2017-ci ildə Azərbaycan qonşları ilə əlaqələrdə üstünlük verdiyi səmimiyyət prinsipinə anoloji qarşılıq ala biləcək. Etiraf olunmalıdır ki, bu gün Azərbaycanın müstəqil siyasət yürütməsinə çox ciddi əngəl var. İstər region, istər də dünya ölkələri ilə münasibətlərimiz bəzi hallarda dövlət maraqlarının tələb etdiyi prinsiplərdən kənarda qalır. Belə ki, biz öz siyasətimizi müəyyənləşdirərkən, paralel olaraq qonuşlarımızın da maraqlarını nəzərə almaq məcburiyyətində qalırıq. Əks halda isə, zaman-zaman ölkəmizə çox ciddi basqılar edildiyinin şahidi oluruq. Buna misal olaraq İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfəri ərəfəsində istər İran, istər də Rusiyadan səslənən bəyanatları göstərmək olar. Hansı ki, bu ölkələr yarı rəsmi, yarı qeyri-rəsmi formada Azərbaycanla hədə dilində danışmaqdan belə çəkinmədilər. Üstəlik, İran tərəfi daha da irəli gedərək, dövlət başçısının Ermənistana səfəri ilə ölkəmizdən “qisas” almaq siyasətinə üstünlük verdi. Təbii ki, İran prezidentinin İrəvana səfəri hər iki ölkənin dövlət maraqları baxımından normal bir siyasi hadisədir. Eynilə, İsrailin baş nazirinin Azərbaycana səfəri kimi. Ancaq çox təəssüf ki, rəsmi Tehran Bakıdan fərqli olaraq Netanyahunun səfərini anlayışla qarşılamaq fikrindən uzaq oldu. Hətta, bundan öncə də dəfələrlə İran rəsəfmilərinin Ermənistana səfərlər etməsinə və bu səfərlər zamanı Azərbaycanın dövlət və milli maraqlarına zidd addımlar atılmasına rəğmən. Halbuki Netanyahunun Bakı səfəri zamanı İranın dövlət maraqlarının əleyhinə hər hansı qərarlar verilmədi, bəyanatlar səslənmədi.
Bütün bunlardan sonra belə qənaətə gəlmək olur ki, İran, o cümlədən də Rusiya Azərbaycanın müstəqil dövlət olması ilə hələ də barışa bilmirlər. Bu ölkələrə elə gəlir ki, rəsmi Bakı özünün regional və dünya siyasətini ilk növbədə onların maraqlarına uyğun qurmalı, daha sonra özünün dövlət marağını düşünməlidir. Sözsüz ki, Iran bu mövqeyini açıq elan etsə də, Rusiya hər zaman özünün aqressiyasını qapalı mühitdə ortaya qoymağa üstünlük verib. Bu, illərdir davam edir. Çox təəssüf ki, Azərbaycanın müstəqillik əldə etdiyi illərdən bu yana istər Moskva, istər də Tehran ölkəmizə qarşı yanlış düşüncələrindən əl çəkmək istəmir. Nəticədə isə, hər iki ölkənin açıq və ya qapalı basqısı Azərbaycanın digər region ölkələri və dünya dövlətləri ilə əlaqələrinin inkişafına, ölkəmizin Qərbə inteqrasiyasına çox böyük əngəllər törətməkdədir. Bu baxımdan hesab edirik ki, 2017-ci ildə Azərbaycanın regional siyasətinin prioritet məsələlərindən biri Rusiya və İranla münasibətlərini qarşılıqlı səmimiyyət müstəvisinə daşımağa nail olmaq olmalıdır. Zənnimizcə, rəsmi Bakı bu məsələnin həllinə üstünlük vermədikcə, Azərbaycanın ciddi siyasi və iqtisadi problemləri də həll olunmadan qalacaq. Hansı ki, biz Azərbaycanın başlıca problemi olan Qarabağ konfliktinin həllinə hər iki ölkənin – Rusiya və İranın ciddi maneə törətdiyinin illərdir şahidi olmaqdayıq.
2017-ci ildə ölkəmizin əsas siyasi hədəflərindən biri də Qərb ölkələri ilə münasibətləri daha da inkişaf etdirməkdən ibarət olmalıdır. Azərbaycanın nüfuzlu Avropa ölkələri və ABŞ-la əlaqələri səmimi notlar üzərində qurulmalıdır. Qərb dövlətləri üçün bütün qapılar açılmalı və ölkəmizin siyasi və iqtisadi inkişafı naminə Azərbaycana ciddi investisiya cəlb edilməlidir. Təbii ki, bundan öncə də ölkədə hər bir sahədə şəffaflıq olmalıdır. Xüsusən də indiki böhran vəziyyətindən çıxmaq üçün təcili olaraq siyasi islahatlar həyata keçirilməli və ölkəmizin inkişafına əngəl olan məmurlar daha gənc və Qərbmeylli kadrlarla əvəzlənməlidir. Çünki, yuxarıda da qeyd etdiyimiz kimi, Rusiya və İranın ölkəmizə qarşı xoşagəlməz münasibəti dəyişmədikcə, bu dövlətlərdən hər hansı birinə birbaşa və ya dolayısı ilə bağlı olan, o cümlədən həmin ölkələrə simpatiyası olan məmurlar Azərbaycanın inkişafına heç bir töhfə verə bilməzlər. Bunun üçün kadr potensialı bir daha gözdən keçirilməli və dövlət vəzifələrinə peşəkar, milli maraqlarımıza bağlı olan şəxslər təyin edilməlidir. 2017-ci ildə böhrandan xilas olmağın ən başlıca yolllarından biri də ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Bir sıra deputatlarla bağlı son günlər yaşanan qalmaqallı hadisələr də göstərir ki, Milli Məclisin indiki tərkibi Azərbaycanın inkişafına heç bir töhfə verə bilməz. Çünki bu gün deputat mandatı daşıyan şəxslərin böyük əksəriyyəti millət vəkili olmaqdan daha çox, hansısa məmurun nökəri rolunu icra edir. Onlar bütün parametrlərinə görə deputat adını daşıya bilməzlər. Odur ki, qarşıdakı ildə yeni parlament seçkiləri keçirməklə, Milli Məclisi xalqın etimad göstərdiyi şəxslərdən ibarət formalaşdırmaq lazımdır.
Bəlli olduğu kimi, sonuncu referendumun nəticəsinə əsasən Azərbaycanda yeni siyasi sistem formalaşmalıdır. Hansı ki, bununla ölkədə Nazirlər Kabinetinin səlahiyyəti məhdudlaşdırılacaq və baş nazirinin səlahiyyətinin bir hissəsi vitse-prezidentlərə həvalə olunacaq. Lakin, indiyə qədər AZƏRBAYCANDA BAŞ NAZİR POSTU FORMAL OLDUĞUNDAN yeni dəyişikliyin bu sahədə o qədər də gözəçarpan olacağı gözlənilmir. Bununla belə, vitse-prezidentlərin kimliyi diqqət mərkəzində olacaq. Yəni, əgər vitse-prezidentlər mövcud hakimiyyət komandasının rəhbərliyində təmsil olunan Rusiyaya bağlı məmurların içərisindən seçiləcəksə, bu, Azərbaycanın mövcud xaotik durumdan çıxmasına səbəb olmayacaq. Əksinə, belən olan halda ölkədə vəziyyət daha da kəskinləşə bilər. Bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, 2017-ci ilin ilk ayından etibarən Azərbaycanda siyasi islahatlara start verilməlidir. Ölkədə hakimiyyətin sifəti dəyişməli, Azərbaycanı böhrandan çıxarmaq iqtidarında olan şəxslər vəzifələrə gətirilməli və onlara meydan açılmalıdır. Azərbaycan hakimiyyətində hansısa xarici dövlətin deyil, milli maraqlarımıza xidmət edən məmurlar olmadıqca, ölkəmizi böhrandan çıxarmaq və xarici siyasətdə ciddi irəliləyişlərə nail olmaq mümkün olmayacaq. Nəticədə isə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan özünün xarici siyasətində müstəqil dövlət maraqlarını deyil, bizi özlərinin “müstəmləkəsi” gözündə görən Rusiya və Iranın maraqlarını “prioritet” tutmaq məcbriyyətində qalacaq.

RƏŞAD

12:55