Azərbaycan müxalifəti və milli hədəflərimiz

2017-ci ildə müxalifətin başlıca siyasi hədəfləri nələr olmalıdır?

Son illər Azərbaycan müxalifətinin zəif və gücsüz vəziyyətdə olduğu kimsəyə sirr deyil. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb kimi on göstərə bilərik ki, ölkədə müxalifətin fəaliyyəti üçün heç bir şərait və mühit yoxdur. Çünki hakimiyyət müxalifətin fəaliyyətində maraqlı deyil. Azərbaycan iqtidarı ölkədə “müxalifət” rolunu oynayan siyasi partiyaların fəaliytində daha çox maraqlıdır. Məhz bu səbəbdən də Azərbaycanda real müxalifət partiyası demək olar ki, yox səviyyəsindədir. Azərbaycanda müxalifətin zəif olmasının subyektiv səbəbi kimi isə, müxalif partiyaların pərakəndə vəziyyətdə olmasını göstərə bilərik. Hansı ki, son illər müxalifət daxilində ciddi parçalanma olduğu danılmazdır. Heç bir partiya digərini qəbul etmir, hər kəs özünün daha doğru yolda olduğunu, daha düzgün siyasət yürütdüyünü iddia edir. Nəticədə isə münasibətlər getdikcə daha da çıxılmaza sürüklənir. Üstəlik, daxili qarşıdurma və qarşılıqlı ittihamlar da günbəgün böyüməkdədir. Bu səbəbdən də cəmiyyətdə haqlı olaraq belə bir fikir formalaşıb ki, İNDİ AZƏRBAYCANDA MÜXALİFƏT PARTİYALARININ MİSSİYASI HAKİMİYYƏTƏ DEYİL, BİR-BİRİNƏ QARŞI MÜBARİZƏ APARMAQDAN İBARƏTDİR.

Müxlifətin başlıca hədəfləri

Bəs, belə bir vəziyyətdə müxalifətin xilas yolu varmı? Ümmiyyətlə, 2017-ci ildə Azərbaycan müxalifətinin başlıca siyasi hədəfləri nələr olmalıdır? Təbii ki, Azərbaycan hakimiyyətinin mövcud siyasəti dəyişmədikcə, bu suala birmənalı cavab vermək mümkün deyil. Lakin onu da demək mümkündür ki, Azərbaycandakı mövcud vəziyyətin yaranmasında, ölkənin siyasi və sosial böhrana sürüklənməsində müxalifətin günahı da az deyil. Çünki, nə qədər ki, müxalifət daxilində şəxsi ambisiyalar milli maraqlardan üstün yerdə durur, heç bir zaman Azərbaycanda gerçək inkişafdan, hakimiyyətin nə vaxtsa siyasi islahatlar aparacağından danışmaq mümkün deyil. Ona görə ki, qarşısında güc görməyən qeyri-demokratik rejimlər öz-özünə, heç bir basqı olmadan dəyişə, demokratikləşə bilməz. Çünki avtoritar idarəçilik sisteminin kənar təsir olmadan demokratik sistemlə əvəzlənmə ehtimalından danışmaq absurd olar. Lakin bu cür rejimlər qarşısında güc gördükdə, xalqın basqısı ilə üzləşdikdə, heç olmasa demokratiyanı imitasiya etməyə üstünlük verirlər. Azərbaycanda isə mövcud hakimiyyət nəinki demokratik idarəçilik sisteminə keçmək, heç demokartiyanı imitasiya etmək fikrində belə deyil.
Sözsüz ki, hər bir problemin müxtəlif çıxış yolları olur. Azərbaycan müxalifətinin də mövcud siyasi böhrandan çıxış yolu olmamış deyil. Zənnimizcə, 2017-ci il bunun üçün yaxşı fürsət ili ola bilər. Ona görə ki, hökumətin yarıtmaz siyasəti nəticəsində ölkədə sosial böhran getdikcə ağırlaşmaqda, buna adekvat olaraq cəmiyyətdə narazılıq artmaqdadır. Üstəlik, qarşıdan önəmli seçkilər – 2018-ci il prezident seçkiləri gəlir. Bu baxımdan müxalifər 2017-ci ildə hər iki şansdan yararlanmaq üçün aktif fəaliyyətə keçməlidir.

Yeganə çıxış yolu - BİRLİK

Əlbəttə, hakimiyyət nə qədər gücsüz və xalqın dəstəyindən məhrum olsa belə, müxalifətin pərakandə vəziyyətdə hansısa ciddi uğurlar əldə etməsi mümkün deyil. Bunun üçün müxalif partiyalar, xüsusən də onların siyasi liderləri “köhnə palan içi tökmədən”, səmimi olaraq biraraya gəlməyi bacarmalıdır. Əlbəttə, söhbət “müxalifət” rolunu oynayan siyasi partiyalardan getmir. Çünki bu partiyaların həlledici məqamlarda ümumi maraqlara zərbə vurduğunun zaman-zaman şahidi olmuşuq. Odur ki, bu gün müxalifətin birləşməkdən başqa yolu yoxdur. Alternativi düşünülməyən bu yolda birgə addımlamaq müxalifətin hakimiyyət üzərində qələbəsinə gətirib çıxara bilər. Lakin, ilk növbədə, xalqı bu birliyin səmimi olduğuna inandırmaq lazımdır. Azərbaycan xalqı əmin olmalıdır ki, hansısa müxalifət partiyasının lideri hakimiyyətə qarşı mücadilədə onu yarıyolda qoymayacaq.

Milli hədəflərimiz

Çoxlarına sirr deyil ki, hazırda Azərbaycan hakimiyyətində antimilli qüvvələr təmsil olunub. Əlbəttə, bu ifadəni hər kəsə şamil etmək doğru olmaz. Ancaq bu iqtidarın başında duran əksər məmurların milli maraqlarımızın, dövlətçilik maraqlarının əleyhinə fəaliyyət göstərdiyi danılmazdır. Hansı ki, məhz bu məmrların xidməti hesabına müstəqilliyimizin 26-cı ilinə qədəm qoysaq da, Azərbaycan xalqı hələ də özünü müstəqil hesab edə bilmir. Çünki mövcud hakimiyyət xalqımızı 70 il əsarətdə saxlayan Kremlin maraqlarını Azərbaycan dövlətinin maraqlarından hələ də üstün tutur. Bu baxımdan, Azərbaycan iqtidarına qarşı mübarizəyə həm də MİLLİ MÜCADİLƏ kimi baxmaq olar. Əminik ki, bu hakimiyyətdən xilas olmaq bir çox siyasi-sosial problemlərin həlli ilə yanaşı, ölkəmizi və xalqımızı sözün həqiqi mənasında müstəqilliyə qovuşdura bilər.

RƏŞAD

12:54