“Aquavita”da da kütləvi ixtisarlar başladı

 

Bu istehsalat müəssisəsində yaranmış mövcud iqtisadi vəziyyətə görə 6 aylıq müddətinə işçiləri işdən uzaqlaşdırmağa başlayıblar. Yalnız 3 ayının kompensasiyanın ödənilməsi nəzərdə tutulub. İşçilər isə haqlarını tələb ediblər. Şirkət rəhbərliyi bildirib ki, 6 aydan sonra işə bərpa olunacaqlar. Guya bu zaman kəsiyində işin gedişində vəziyyət yaxşılaşacaq. Halbuki, “Aquavita” rəhbərliyi işçilərini aldadır. Bununla onları könüllü şəkildə istefa ərizəsini yazmağa vadar edir.
Qeyd edək ki, “Aquavita” - yerli bazarda ən tanınan mineral su brendlərindən biridir və 1997-ci ildə əsası qoyulmuş “TAC” şirkəti tərəfindən istehsal olunur. Hüquqları pozulan işçilər prezident İlham Əliyevə və İqtisadiyyat Nazirliyinə müraciət etməyi planlaşdırır. Onlar iqtisadi böhran vaxtından şirkətin imitasiya etdiyini və zərbənin işçilərə dəydiyi bildirirlər. İlin sonu yaxınlaşdıqca gedişat daha da pisləşir. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.
İndi ölkədə bir ticarət mərkəzinin bağlanması xəbərləri yayılır. Ürək ağrısı ilə oxunan bu məlumatlar həmin obyektlərin rəhbərliyi deyil, orada ailəsinə bir tikə çörək aparanları düşünməyə vadar edir. Artıq 2 iri ticarət mərkəzləri bağlanıb. “Baku Layf Sentr” (Baku Life Center) ticarət mərkəzinin dalınca 2003-cü ildə Azərbaycanda qida sektorunda fəaliyyətə başlamış “Neptun” supermarketlər şəbəkəsi də bir filialını bağlamalı olub.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 07.10.2016-cı 06Ü saylı əmrinə əsasən Üzən Nasos Stansiyalarının Hazırlanması və Təmiri Zavodu Meliorasiya - Mexaniki Təmir Zavoduna qoşularaq ləğv olunub. Bundan əlavə, Böyük Britaniyanın "İvor Promotions LLP" və "Arcotrans LLP" şirkətləri Azərbaycandakı nümayəndəliklərinin ləğv olunduğunu elan edib. İrlandiyanın "Accenture Ltd." şirkəti də Azərbaycan bazarını tərk etməyə qərar verib. Bu faktlar yeni ildən Azərbaycanda iqtisadi vəziyyətin ağırlaşacağından xəbər verir.
Hökumətin bərbad iqtisadi idarəçiliyi yerli və xarici investorları ölkədən didərgin salıb. İş adamları çarəsiz vəziyyətlə üzləşib. Onlara təkan verəcək bir stimul yoxdur. Bəzi məmurların məqsədli şəkildə yürütdüyü bu siyasət nəticəsində bütün ticarət şəbəkələri bir-iki adamın əlində cəmləşib. Müstəqil şəkildə kimsə fəaliyyət göstərə bilmir. Ona görə də iş yerləri bağlanır, minlərlə insan ailəsinə çörək apara bilmir.

Xudaferin.eu

 

12:27