50 milyon soydaşımızın media problemi

 

Sədrəddin Soltan: “Ərdəbil”, “Təbriz” televiziyasında danışılan dil Azərbaycan türkcəsi deyil”

Bu gün dünyada təxminən 50 milyondan artıq azərbaycanlı yaşayır. Azərbaycanlıların çoxluq təşkil etdiyi bir sıra ərazilərdə, ana dilində mətbu nəşrlərin, televiziya və radio fəaliyyətinin olmaması isə təəssüfləndirici məqamlardan biridir. Maraqlıdır, azərbaycanlıların çoxluq təşkil etdikləri hansı ərazilərdə ana dilində mətbu nəşrlər çıxır, televiziya və radio fəaliyyət göstərir. Gürcüstanda azərbaycanlılar üçün müəyyən mətbu nəşrlər var. Bu sırada “Gürcüstan, “Varlıq”, “Region Press”, “Ozan”, “Müəllim və yeniləşmiş məktəb” qəzetləri “Uğur”, “Qarapapaqlar”, “Meydan” jurnalları Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi – “gaxa.ge” və “Xəbər.ge” (iki dildə), “Cmedia.ge”-nin (iki dildə) adını çəkmək mümkündür. Dağıstanda isə azərbaycanlıların yalnız bir qəzeti - “Dərbənd” nəşr olunur.

Gürcüstanda yaşayan jurnalist Amil Hacıyev açıqlamasında bildirib ki, bu ölkənin ictimai televiziyasında xəbərlər proqramı Azərbaycan dilinə tərcümə ilə verilir:  “Azərbaycan dilinə onlayn tərcümə var. Bundan əlavə mənim təşəbbüsümlə “Kvemo Kartli” kanalında hər gün 10 dəqiqəlik xəbərlər proqramı yayımlanır. Marneulidə televiziya fəaliyyət göstərir. Bu internet televiziyada Azərbaycan dilində xəbərlər yayımlanır. Bu bölgənin yerli radiosunda Azərbaycan dilində verilişlərin yayımı internet üzərindən həyata keçirilir. Qardabani və Bolnisi şəhərlərində də internet radiolar var. Bütün Azərbaycan kanallarına peyk vasitəsi ilə baxmaq olur”.  

Qeyd edək ki, Gürcüstanda yaşayan 233 min azərbaycanlı ölkə əhalisinin ümumilikdə 6,3 faizini təşkil edir. Güney Azərbaycan və İranda isə 40.000.000-a yaxın azərbaycanlı yaşayır. Gürcüstandan fərqli olaraq, Güney Azərbaycanda yaşayan azərbaycanlıların ana dilində mətbu nəşrləri demək olar ki, yoxdur.  

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya bu haqda danışıb:  Güney Azərbaycanda ana dilli mətbuat demək olar ki, yox dərəcəsindədir. Yerli mətbuat oraqanlarında Azərbaycan dilində təxminən bir səhifəlik material yayımlanır. Bu səhifədə əsasən şeirlər, müəyyən tədbirlərlə bağlı elanlar yerləşdirilir. Güney Azərbaycanda ana dilimizdə nəşr olunacaq ciddi qəzet yoxdur. “Ərdəbil”, “Təbriz” televiziyasında danışılan dil Azərbaycan türkcəsi deyil. Bu Tehranın uzun illər formalaşdırdığı qondarma türkcədir. Bu dili feili türkcə adlandırmaq olar”.

Nigar Məhərrəm

Cebhe.info

 

09:42