“Yolları kəsəcək, aksiya keçirəcəyik, qoy lap öldürsünlər” - Bakıda həyəcan

Bakı sakinlərini narahat edən böyük söküntü davam edir. Sakinlərin narazılıqlarına səbəb olan “Sovetski”-nin dağıdılması ilə yanaşı keçmiş “Motodrom” da sökülməyə başlayıb. Metronun “Avtovağzal” stansiyasının çəkillməsi ilə əlaqədar olaraq o ətrafda yerləşən sakinlərin evləri plana düşüb, yerlə yeksan edilir. Bunun müqabilində isə təklif edilən kompensasiya sakinləri qane etmir. Səbəb isə Bakı şəhərinin rayonlarında torpaq sahələrinin və evlərin qiymətinin baha olmasıdır. Sakinlərin bununla bağlı redaksiyamıza daxil olan müraciətindən sonra sözügedən ərazidə olduq. Keçmiş “Motodrom”, indiki Beynəlxalq Avtovağzal Komleksinin ətrafı Suriyada mərmi yağışından çıxmış, dağıdılmış qəsəbə və küçələri xatırladırdı. Elə uçuq-sökük küçələrdə bizi etirazçı sakinlər qarşıladı. Onlar bir zamanlar düşmən tanklarının, güllələrinin qarşısına sipər etdikləri sinələrinə bu dəfə də evlərini qorumaq üçün traktorların qarşısına sipər etmişdilər. Məni görən kimi söhbətə başladılar: “Qardaş çək, yaz, bizim günümüzü-rüzigarımızı yaz. İşıqlandır, bəlkə ölkə başçısı baxdı, günümüzü gördü. Belə nə görən var, nə baxan”.

“Sovetski” sakinləri kimi, bizim də başımıza oyun açırlar”

Onlarla tək-tək danışmağa başladım. Elbrus adlı sakini dinləyək: “Artıq metropolitenin inşası zamanı biz qara günümüzü öncədən hiss etmişdik. Bilirdik ki, evlərimiz söküləcək, “Sovetski” sakinlərinin başına gələnlər bizim də başımıza gələcək. Elə belə də oldu. İndi burda 60 ev  sökülən evlərin siyahısına düşüb. Onlardan 8 ailə verilən kompensasiya ilə razılaşıb. Hər kvadratmetrə isə 600 manat verilir. 600 manatla biz evimizi versək, gedib Bakının harasında ev, torpaq ala biləcəyik? Alsaq da orda ev tikdirmək üçün gərək vəsait xərcləyək. O qədər məbləğə də biz yeni ev tikə bilmərik, bundan başqa da ev tikdirmək mümkün olsa belə biz ən azından 6-7 ay kirayədə qalaq və özümüzü təmin edək. Bu heç cür mümkün deyil. 8 ailəyə isə təzyiqlər edildi, çox sıxdılar deyə onlar buna razı oldular, pullarını alıb, evlərinin materiallarını da satışa çıxardılar. Yəqin gedib Xırdalandan, Sumqayıtdan ev alacaqlar. 60 ailənin də çoxunun işi Bakıdadır, hər kəs işini evinə yaxın yerdə qurub. İndi biz burdan çıxsaq necə olacaq bu işlər?”

“Bilmirik dərdimizi kimə deyək”

Digər sakinlər də Elbrusun sözlərini təsdiq etdilər. Qeyd etdilər ki, noyabrın 28-də keçirdikləri etiraz aksiyasına polis müdaxilə edib: “Digər yerlərdə olan söküntülərdən də xəbərdarıq. Bizim sözümüzə məhəl də qoymadan traktoru, texnikanı salıb evimizi sökəcəklər. Dünən etiraz aksiyası etdik. Hamımız qapılarımıza kağız yapışdırdıq ki, 600 manata ev satılmır. Sonra əraziyə polis yeritdilər, yerli sahə polis müvəkkili gəlib qapılarımızdan o yazıları qopartdı. Biz toplaşdıq, bir aksiya keçirdik, əraziyə polislər, təyinatlılar gətirirdilər deyə məcbur olub dağılışdıq. Həm evimiz dağıdılır, həm də başımıza dəyənək dəyməsin. Nə edək, dərdimizi kimə deyək bilmirik. Burada hansısa bir məmurun, hansısa bir nazirin evi olsa, onu da belə sökərdilərmi, ona da 600 manatdan kompensasiya ödəyərdilərmi? Onsuz da bizi ermənilər köçkün duruma salıb, buradan da məmurlar sürgün edəcək”.

“Traktorun altında qalarıq, amma evimizdən çıxmarıq”

Sakinlər deyir ki, aksiyanın dayanmasına səbəb Milli Məclisin vədləri olub: “Bizim aksiyadan sonra icradan,polisdən adamlar gəldilər. Sakitləşdirdilər bizi. Sonra getdik Milli Məclisə. Orda dərdimizi dedik. Oradan bizə dedilər ki, ayın 30-u Milli Məclisdə toplantı keçiriləcək və bizim məsələmiz orada müzakirə olunacaq. Söz verdilər ki, müzakirələrdə vətəndaşlara verilən kompensasiyanın məbləğinin artırılması məsələsinə də aydınlıq gətiriləcək. Ona görə bir az ümidliyik ki, iclasdan sonra bəlkə bizə kompensasiya olaraq artıq pul hesabladılar. Başqa cür biz evlərimizi tərk etməyəcəyik. Qoy öldürsünlər, traktorun altında qalıb, öz evimizdə ölərik, öz həmyerlilərimizin əli ilə...”

“Divar çat-çatdır, ev başımıza uçacaq”

Daha çox ziyan isə qəsəbə sakini, şəhid ailəsi Hüseynova Təzəgül xanımın evinə dəyib. Onun evinin altından, təxminən 5-6 metr dərinlikdən keçən tunelə vurulan betonun səthə çıxması onun evini demək olar ki, yararsız vəziyyətə salıb və evi qəzalı vəziyyətə gətirib. Təzəgül xanım isə evdən çıxmayacağını qeyd edib: “Mən şəhid ailəsiyəm. Yoldaşım Hüseynov Oqtay polis idi, Xocavənd rayonu Tuğ kəndində şəhid olub. Bu evi də ərsəyə gətirməkdə bu dövlət mənə bir qara qəpik də yardım etməyib. Dişimlə-dırnağımla işləyib zəhmətlə, qardaşlarımın, atamın köməkliyi ilə ərsəyə gətirmişik. Heç evi tikəndə gəlib heç kim, torpağı uğrunda şəhid olduğu dövlət başsız ailəyə kömək, dəstək olmadı, amma sökəndə o qədər adam gəlir ki, üstümüzə. Baxın hər şey göz qabağındadır. Evimin bütün divarları çat-çat olub, belə davam eləsə, uçacaq başımıza, azyaşlı nəvələrim var evdə, qızım var. Uçacaq başımıza, qalacağıq altında. Yenə heç olmasa dürüstülk etsələr, dərdimiz yarı olar. 70 kvadratmetr evdi, gəlib kvadratmetrindən də kəsib 64 kvadratmetr yazıblar. Orada 6 kvadratmetrini kəsiblər. 64 kvadratmetr 600 manatdan 38 min manata mən hardan 70 kvadratmetr ev ala biləcəm? Bu gün Bakıda 38 min manata ancaq toyuq üçün hin almaq mümkündür, ev yox. Torpaq alsan, gərək icra başçısı Xaləddin İsgəndərovun cibinə 10 min manat pul qoyasan, 5 min manat polisin cibinə qoyasan, 5 min filankəsin, 5 min bəhmənkəsin yerdə qalanına mən nə edəcəm? Dəhşətdir, yaşamaq mümkün deyil”.

“Xeyrimizə qərar çıxaırlmasa...”

Küçələrdə toplaşan sakinlər isə noyabr ayının 30-da Milli Məclisin verəcəyi qərarı gözləyirlər: “Əgər Milli Məclis xeyrimizə bir qərar verməsə, biz məcburuq yolları kəsək, böyük aksiyalara başlayaq. Qazın, işığın da qiymətləri qalxıb. Vəziyyət dözülməzdir. Xeyrimizə qərar çıxarılsa, bizi qane eləsə, razılaşacağıq, əks təqdirdə evimizi başımıza uçursalar da tərk edən deyilik”.

P.S. Mövzuya yenidən qayıdacağıq...

Rövşən Əsədov
(Cebhe.info)

12:47