M.FÜZULİNİN ƏLYAZMASI “DÜNYA YADDAŞI” PROQRAMINDA

UNESCO mədəni dəyərləri  kontekstində  Azərbaycan ədəbiyyatının və mədəniyyətinin ayrı-ayrı nümunələrinin müxtəlif  paltformlarda öz yerini tapması bizim üçün mühüm hadisədir. Bu platformalardan biri də “Dünya Yaddaşı” Proqramıdır.  Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin türkcə (azərbaycanca) “Divan”ının əlyazmasının surəti “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsi də bu mühüm mədəniyyət hadisələrindən biridir.   Bundan öncə Əlyazmalar İnstitutunda saxlanılan tibb tarixinə dair üç əlyazma UNESCO-nun Dünyanın Yaddaşı Proqramına daxil edilmişdi, lakin həmin əsərlərin müəllifləri - İbn Sina, Zəhravi, Zeynəddin Cürcani azərbaycanlı deyildi  və həmin əlyazmalar da Azərbaycan əlyazmaları deyildi.  Lakin bu əsərlər orta əsrlərdə ölkəmizdə mədəniyyətin, elmin, təhsilin inkişafının  yüksək səviyyəsini göstərmək üçün həmin reyestrə daxil edilməsi bizim üçün çox  önəmli idi. Lakin sözügedən əsərin səciyyəvi xüsusiyyəti isə ondan ibarətdir ki, ilk dəfə olaraq Azərbaycan müəllifinin əsəri, Azərbaycan əlyazması  UNESCO-nun Dünya Yaddaşı Proqramına daxil edilmişdir.

Boyan Radoykov

UNESCO-nun universal çıxış və qorunma sektorunun müdiri Boyan Radoykov tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ünvanına göndərilən məktubda deyilir: “UNESCO-nun Baş qərargahının yerləşdiyi Paris şəhərində “Dünya Yaddaşı” Proqramının Beynəlxalq Məşvərət Komitəsinin tövsiyəsi ilə Komitənin 2017-ci il oktyabrın 24-dən 27-dək keçirilmiş 13-cü iclasında Baş direktor tərəfindən Məhəmməd Füzulinin “Divan”ının əlyazmasının surətinin “Dünya Yaddaşı” Proqramı Reyestrinə əlavə olunmasının təsdiqlənməsi haqqında məlumatı verməkdən məmnunluq duyuram. Baş direktor tərəfindən imzalanmış sertifikatı sizə göndəririk. Bu sənədli irsin “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilməsi onun müstəsna dəyərini əks etdirir və bəşəriyyət üçün qorunmasının əhəmiyyətini vurğulayır. Bu, həmçinin kollektiv yaddaşın əhəmiyyətinə və onun mümkün qədər çox insan üçün əlçatan olmasına şəraitin yaradılması məqsədilə qorunmasına diqqət yetirmək baxımından mükəmməl imkan yaradır”.

Əlyazmalar İnstitutu tərəfindən verilən məlumata görə, haqqında söhbət gedən əsər Füzulinin türkcə (azərbaycanca) “Divan”ının ən mötəbər nüsxəsi sayılan, şairin ölümündən 16 il sonra - 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır.

   

76 vərəqdən ibarət bu əlyazmanı Səidi təxəllüsü ilə məşhur olan Mahmud ibn Davud Ulanyavi 1569-1572-ci illərdə köçürüb. 

Əziz oxucular beləliklə Sizlərə “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilmiş bütün nümunələrimiz haqqında məlumat verməklə Azərbaycan xalqının zəngin mədəni irsinin gənc nəsilə çatırılmasına çalışdıq.

 

Könül HƏSƏNOVA

Xudaferin.eu

15:32