Türkməneli cəbhəsi: “Lavrov yalan danışır, Hələb bombalanmaqdadır”

Türkməneli cəbhəsi: “Lavrov yalan danışır, Hələb bombalanmaqdadır”Hamının hamıya qarşı vuruşduğu, müxalifətçilərlə hökumətin, İran və Rusiya ilə Amerika və Avropanın, İŞİD ilə PYD kimi terrorçuların maraqlarının toqquşduğu Suriyada bircə həqiqət var – bu xaosun qurbanı soydaşlarımız olan türkmənlərin arasında olduğu dinc əhalidir. İraq və Suriyada baş verənlərin arxasında bölgədə demoqrafik dəyişikliklərə nail olmaq planlarının həyata keçirilməsi durur.

Onu da qeyd edək ki, Hələbdən ziddiyyətli məlumatlar gəlməkdədir. Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya ordusunun Hələbdəki fəaliyyətini dayandırdığını, atəşkəsin başlandığını bəyan eləmişdi. “Türkməneli cəbhəsi” saytının verdiyi məlumatda isə, hazırda Hələb səmasında uçan təyyarələrin türkmən məhəllələrini havadan bombalamağa davam etdikləri bildirilir. Saytda bu barədə video da yerlədirilib. Xatırladaq ki, bu gün səhər saatlarında “RİA Novosti” saytında yerləşdirilən və bizim də paylaşdığımız videonun müəllifləri isə dinc əhalini müxalifətçilərin atəşə tutduqlarını iddia edirdilər.
Başqa bir xəbərə görə, dinc sakinlər Hələbi tərk edir, yaraqlılar onları atəşə tutur və təslim olurlar. Minlərlə dinc sakin Alepponun Suriya müxalifətçilərinin nəzarətində olan rayonlarını tərk edir. “RİA Novosti” saytının yazdığına görə, aralarında 2,9 min nəfər uşaq olan 8,5 min nəfərə qədər insan yaraqlıların nəzarətində olan məhəllələrdən gedir. Müqaviməti dayandırmaq qərarı vermiş yaraqlılar da şəhərin şərq məhəllələrini tərk etməkdədirlər. On dörd nəfər yaraqlının silahını yerə qoyaraq, şəhərin Suriya hərbçilərinin nəzarətində olan qərb hissəsinə keçdikləri bildirilir. Suriya prezidentinin qərarı ilə onların hamısı dərhal əfv edilir.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bildirmişdi ki, Suriya ordusu Hələbin  şərq məhəllələrində hərbi əməliyyatları dayandırıb – məqsəd dinc sakinlərin növbəti dəfə və əməliyyat boyunca ən böyük həcmdə olan köçünə şərait yaratmaqdır. Onun sözlərinə görə, söhbət səkkiz min nəfərə qədər insanın döyüş bölgəsindən çıxarılmasından gedir. Bundan sonra isə həmin məhəllələrin azad edilməsi üçün hökumət qüvvələri müxalifətçilərə qarşı böyük əməliyyata başlayacaq. Son üç həftə ərzində Suriya hökumət qüvvələri və könüllüləri şərqi Alepponun 2012-ci ildə terrorçular tərəfindən zəbt edilmiş ərazisinin 80%-dən çoxunu azad edə biliblər. Çərşənbə günü meqapolisin tarixi hissəsini azad edən hərbçilər yaraqlıları cənub məhəllələrə qaçmağa məcbur ediblər. İndi bu ərazi – yaraqlıların axırıncı müdafiə zonasına çevrilib. Məlumatda hazırda radikalların əlində Hələbin şərqindəki 10-12 kvadrat kilometrdən çox olmayan ərazinin qaldığı bildirilir. “RİA Novosti” saytında yayılan məlumata görə, müxalifətçilər şərq məhəllələrinin canlı qalxan kimi istifadə etdikləri dinc sakinlərinin döyüş zonasını tərk etməsinə maneə olmağa çalışaraq, onları atəşə tutublar.

Hurriyyet.org

13:47