Tanınmış iqtisadçı devalvasiyanın biznesə vurduğu zərbələrdən danışdı: "Sahibkarlar pulsuz qalıblar"

 

 

2014-cü ilin iyun ayının sonlarından etibarən, dünya əmtəə bazarlarında neft üzüaşağı getməyə başladı. 2014-cü ilin iyunun 20-də 115 dollara satılan "Brent" markalı neft ilin sonunda 60 dollardan da ucuz təklif edilirdi. “Qara qızıl”ın yarım ildə 2 dəfə ucuzlaşması, sonrakı aylarda hətta 29 dollara düşməsi neft gəlirlərindən asılı olan ölkələr, o cümlədən Azərbaycan üçün də çətinliklər vəd edirdi.

 

2015-ci ildən başlayaraq iqtisadiyyatda çox hadisələr yaşandı: manat dəyərini itirdi, qiymətlər bahalaşdı, bankların bir hissəsi bağlandı, əmanət və kredit qoyuluşu azaldı, bəzi yerli və xarici şirkətlər bazarı tərk etdi və s. Təsadüfi deyil ki, son iki ildə ölkənin iqtisadi gündəmini məhz devalvasiya təhlükəsi, bankların bağlanması kimi mövzular zəbt edib. Şirkətlər bağlanır, maaşlar azaldılır, işsizlik artır… Bəs bu vəziyyət haçanadək davam edəcək? Elə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevlə söhbətimizdə də baş verən proseslərə ötəri nəzər salmağa, xüsusən də devalvasiyanın biznes mühitinə təsirini qiymətləndirməyə çalışmışıq. Tanınmış iqtisadçı-ekspert yaranmış problem və ondan çıxış yolları barədə fikirlərini bölüşüb:

 

– Samir bəy, adətən, bir hadisədən müəyyən zaman ötdükdən sonra onu daha gerçək qiymətləndirmə imkanı yaranır. 2 ildir Azərbaycanın gündəmini məşğul edən bir mövzu var: devalvasiya. Onun yaratdığı əsas problemlərə keşməzdən öncə, bir suala cavab vermənizi istərdik. Sizcə, devalvasiyadan qaçmaq mümkünüydümü?

 

– Xeyr, birmənalı olaraq, mümkün deyildi. Resurs lənəti ilə üzləşmiş iqtisadiyyatımız fakt qarşısında qalmışdı. Devalvasiyanın miqyası müzakirə mövzusu ola bilər. Hökumətin iqtisadi bloku arasında koordinasiyanın olmaması, proseslərə vaxtında reaksiya verilməməsi, neftin yenidən bahalaşacağna ümid edib gözləmə mövqeyi tutlması devalvasiyanın fəsadlarının miqyasını daha da genişləndirdi. İqtisadi şaxələnmənin olmaması, neftdənkənar sektorun inkişaf etməməsi taleyimizi neftdən asılılı vəziyyətə saldı. Xatırlayırsınızsa, 2008-2009-cu illərdə qlobal maliyyə böhranı baş verəndə də manat devalvasiya riski ilə üzləşmişdi. Həmin dövrdə kəskin ucuzlaşan neftin qısa müddətdə bahalaşması bizi təhlükədən sovuşdurdu. Həmin vaxt hökumət qeyri-neft sektorunun inkişafının vacibliyini anlasa da və bunun üçün bir sıra cəhdlər etsə də, neftin bahalaşması yenidən onu arxayınlaşdırdı. İdxal inflyasiyasını cilovlamaq üçün bahalı manat siyasəti ucuz neft dövrünün təzyiqinə tab gətirmədi. 2015-ci ildə manat iki dəfə devalvasiyaya məruz qaldı. ABŞ dollarının məzənnəsi iki cəhdə 78 qəpikdən 1,55 manata qədər bahalaşdı. İkinci devalvasiyadan sonra dollar hətta 1,90 manata qədər bahalaşsa da, sonradan nisbətən ucuzlaşdı və hazırda rəsmi məzənnə 1,70 manat ətrafındadır. Müvəqqəti də olsa, nisbi sabitlik yaranıb. Devalvasiyadan ona görə qaçmaq olmazdı ki, Azərbaycan ixracının 95%-i neft-qaz gəlirlərində asılıdır. Xırda istisnalarla, biz faktiki olaraq, meyvə-tərəvəzdən savayı, heç nə ixrac edə bilmirik. Ölkənin tədiyyə balansına diqqət yetirsək, görərik ki, müsbət saldo həmişə neft ixracı hesabına yaranıb. Çünki tədiyyə balansı il ərzində ölkəyə gələn və ölkədən çıxan xarici valyuta arasında fərqi göstərir və onun müsbət olması milli valyutanın güvənliyini artırır. Bir tərəfdən ölkəyə neftin ucuzlaşması fonunda gələn dolların kəskin azalması, digər tərəfdən müxtəlif səbələrdən ölkədən kapital axını manata təzyiqi gücləndirdi. Təsadüfi deyil ki, Mərkəzi Bank manatı qorumaq üçün 2015-ci ilin sonuna qədər ehtiyatından 10 milyard dollar xərclədi. Ehtiyatların həcmi bu müddətdə 15 milyard dollardan 5 milyarda qədər azaldı…

– Mili valyutanın ucuzlaşdırılmasına gedilməsi, Sizcə, nə dərəcədə doğru addım idi? Neft istehsalçısı olan digər ölkələrin belə vəziyyətdə təcrübəsindən yararlana bilməzdikimi?

– Neftlə zəngin 1-2 ərəb ölkəsi istisna olmaqla, digər ölkələrin hamısı milli valyutalarını ucuzlaşdırmaq məcburiyyətində qaldılar. Hətta iqtisadiyyatı neftdən az asılı olan Norveç belə, devalvasiyaya getməli oldu, milli valyutası dəyərini 35%-ə qədər itirdi. Azərbaycan qonşu Rusiya, Qazaxıstan, Türkmənistan da milli valyutalarını ucuzlaşdırdılar. Burda fərqlər devalvasiyanın həddində və formasında ola bilər. Rusiya və Qazaxıstan "üzən məzənnə"yə keçidi elan edərək, milli valyutanın taleyini bazarın öhdəsinə buraxdılar. Azərbaycan da analoji yolu getdi. Ancaq iki ölkə ilə müqayisədə bizim neftdən asılılığımız daha yüksəkdir və milli valyutamız daha çox təzyiqə məruz qalır. Məsələ ondadır ki, iqtisadiyyatı neftdən asılı olan ölkələr əvvəlcə milli valyutalarını və makroiqtisadi sabitliyi qorumaq üçün valyuta ehtiyatlarını sərf etdilər, sonra isə valyuta ehtiyatlarını qorumaq üçün milli valyutalarını ucuzlaşdırmalı oldular. Elə ölkələr var ki, məsələn, Birləşmiş Ərəb Əmirlikləri – ehtiyatları hesabına bu günə kimi valyutalarını qorumağa müvəffəq olub…

– Ancaq belə fikir var ki, devalvasiyaya gedilməsi Azərbaycana daha böyük zərbə vurdu…

– Təəssüf ki, elədir. Zərər həm ümumilikdə ölkənin makroiqtisadi sabitliyinə, həm maliyyə sektoruna, həm də əhalinin yaşayış səviyyəsinə mənfi təsir göstərdi. Devalvasiya ilk növbədə bank sektoruna zərbə vurdu. Ölkədəki bankların təxminən 1/3-i, bank olmayan kredit təşkilatlarının 8,3%-i bağlanaraq bazarı tərk etdi. Bank sektoru sürətlə dollarlaşmağa başladı. Dollarlaşma prosesi ona gətirib çıxardı ki, 2012-2016-cı illərdə cəmi kreditlərdə xarici valyuta kreditlərinin payı 31,2%-dən 53,8%-ə yüksəldi. Depozitlərin dollarlaşması 2016-cı ilin sonuna 75,6%-ə çatdı. Qiymətlər əhəmiyyətli dərəcədə bahalaşdı və bu, əhalinin gəlirlərinə mənfi təsir göstərdi. Yüksək inflyasiya və iş yerlərinin bağlanması fonunda işsizliyin artması sosial vəziyyəti pisləşdirdi. Yeri gəlmişkən, Beynəlxalq Özәl Sahibkarlıq Mәrkәzinin (CİPE) dəstəyi ilə devalvasiyanın biznesə təsirini qiymətləndirmək üçün tədqiqat da aparmışıq…

– Bilmək olarmı ki, tədqiqatınız zamanı hansı problemlər daha qabarıq nəzərə çarpır?

 

– Əlbəttə, uzun müddət manatın sabit olan məzənnəsinin qısa müddətdə ucuzlaşması və oynaması həm ümumilikdə makroiqtisadi sabitliyə, həm də biznesə mənfi təsir göstərib. Əhalinin gəlirlərinin azalması səbəbindən alıcılıq qabiliyyətinin zəfləməsi, manatın dəyərsizləşməsi nəticəsində qiymətlərin bahalaşması mal və xidmətlərə tələbatı kəskin azaldıb. Bütün bunlar sahibkarlıq subyektlərinin dövriyyəsində mənfi iz qoyub…

 

– Mümkünsə, ilk olaraq makroiqtisadi sabitlik üzərində dayanaq. Burada hansı problemlər daha çox nəzərə çarpır və üstəlik, hzırda bu sabitlik nə dərəcədə uzunmüddətlidir?

– Milli valyutanın devalvasiya ölkənin makroiqtisadi sabitliyinin pozulması riskini artırıb və proses yekunlaşmayıb. Götürək ümumdaxili məhsulun vəziyyətini. Devalvasiyadan öncəki 2013-cü ildə ÜDM 5.8% artdığı halda, neftin qiymətinin kəskin azaldığı 2015-ci ildə artım tempi zəifləyərək 1.1% təşkil edib, 2016-cı ildə isə 4%-ə yaxın azalıb. Manatın ucuzlaşması idxaldan asılı olan iqtisadiyyatımızı yüksək inflyasiya idxalına məruz qoydu. 2012-2014-cü illərdə inflyasiya tempi kifayət qədər aşağı olsa da, 2015-ci ildə 4%-ə, 2016-cı ildə isə 12.4%-ə yüksəlmişdi. İnflyasiya səviyyəsinin artması əhalinin sosial vəziyyətinin gərginləşməsinə, onların real gəlirlərinin azalmasına gətirib çıxarıb. Bir tərəfdən qiymətlərin bahalaşması fonunda əhalinin xərclərinin artması, digər tərəfdən də iqtisadi aktivliyin aşağı düşməsi əhalinin gəlirlərinin azalmasına təsir edib. Ümumilikdə nominal gəlirlər artsa da, inflyasiya səviyyəsinin yüksək olması əhalinin real gəlirlərini üstələyib. Əhalinin adambaşına düşən real gəlirləri 2012-ci ildəki 10,74%-lik artdığı halda, 2016-cı ildə 10%-lik azalma ilə əvəz olunub. Bundan başqa, makroiqtisadi sabitliyin təminatçılarından olan invesitisiyaların da artımında mənfi tendensiya müşahidə edilib. Əsas kapitala investisiyaların 2015-ci ildə qeyd olunan göstəricisi 11.1%, 2016-cı ildə isə 28% azalıb. İqtisadiyyatın pulla təminatı səviyyəsində kəskin azalma olub. İqtisadiyyatın pulla təminat səviyyəsi devalvasiyadan öncə 25.2-29.4% intervalında qərarlaşdığı halda, son 2 ildə əhəmiyyətli dərəcədə aşağı düşüb. 2015-ci ildə iqtisadiyyatln monetizasiya əmsalı 16%, 2016-cı ildə isə 19.3% təşkil edib. Qeyd etməyə dəyər ki, hazırda dünyada inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyatın monetizasiya səviyyəsi 45-50%-dən az deyil, bir sıra inkişaf etmiş ölkələrdə isə hətta 100%-dən yüksəkdir. Azərbaycanla oxşar iqtisadiyyata malik Rusiyada 2015-2016-cı illərdə 42-45%, Qazaxıstanda isə 20% olub. Milli valyutanın devalvasiyası, bir qayda olaraq, xarici valyutada olan dövlət borclarının qaytarılmasını imkanlarını çətinləşdirir. 2014-cü ildə xarici dövlət borcunun ÜDM-də payı 8,62% olduğu halda, 2016-cı ilin sonuna 20,4%-ə yüksəlib. Devalvasiya ölkənin əsas maliyyə sənədi olan dövlət büdcəsinin xərclərinə də təsir edib. 2013-cü ildə özünün rekord həddində (19143 milyon AZN) çatan dövlət büdcəsi sonrakı neftin ucuzlaşması ilə azalmağa başlayıb…

– Milli valyutanın ucuzlaşmasının təkcə əhali üçün yox, həm də sahibkar təbəqəsi üçün yaratdığı çətinliklər ortadadır. Artıq iş adamlarımız, biznesmenlərimiz sürətlə ölkədən çıxırlar, çoxu iflas həddindədir. Hansı sahibkarı dindirirsən, ümidsizlik ifadə edir, vəziyyətin yaxşı olmayacağı qənaətini əsaslandırır. Tədqiqatlarınızda bu haqda da nəsə varmı?

– Əslində, Azərbaycanda biznesin həmişə problemi olub. Yüksək neft gəlirləri dövründə kiçik və orta sahibkarlıq zəif inkişaf etmişdi, yüksək inhisar mövcud idi, yoxlamalar sahibkarlıq mühitini pozurdu, gömrük-keçid məntəqələrində şəffaflıq çox aşağı idi. Bunlardan savayı, yüksək kredit faizləri biznesin genişlənməsinə mane olurdu. İdxal mallarının ancaq vahid mənbə vasitəsilə ölkəyə gətirilməsi qiymət və keyfiyyət rəqabətini pozurdu. Milli valyutanın möhkəmlənməsi yerli istehsalın idxal qarşısında rəqabət qabiliyyətini azaldırdı. Bütün bunlar idxalı stimullaşdırırdı, neftdənkənar ixracı isə məhdudlaşdırırdı. Şübhəsiz ki, uzun müddət məzənnəsi sabit olan milli valyutanın qısa müddətdə xarici valyutalar qarşısında dəyər itirməsi biznes sektorunun dayanıqlığını risk altına aldı. Kiçik və orta biznesin zəif inkişafı, biznesin əsasən neft pullarından asılı olması və onun hesabına genişlənməsi yaranmış iqtisadi böhrana lazımi müqavimət göstərə bilmədi. Nəticədə iqtisadi aktivlik zəiflədi, iş yerləri bağlandı, dövriyyə azaldı, maaşlar azaldıldı, zərərlər artdı. Devalvasiyanın sahibkarlığa təsirini qiymətləndirmək üçün rəsmi məlumatların analizi ilə yanaşı, sahibkarlar arasında sorğu və müsahibələr də aparılıb. Əsas təsirlərdən biri mallara və xidmətlərə tələbatın azalması nəticəsində sahibkarlıq subyektlərinin dövriyyələrinin kəskin azalmasıdır. Milli valyutanın xarici valyutalara münasibətdə dəyərini itirməsi qiymətlərin artmasına gətirib çıxarıb. Digər tərəfdən, əhalinin gəlirlərinin qiymət artımına adekvat olmaması, yəni real gəlirlərinin azalması alıcılıq qabiliyyətinə təsir edib və mallara və xidmətlərə tələbatı azaldıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatları da fikirlərimizi təsdiqləyir. Məsələn, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru üzrə məhsul buraxılışı 2014-cü ild 98% artdığı halda, 2015-ci ildə 78% azalma qeydə alınıb. Devalvasiya ilində – 2015-ci ildə sənayedə 51,7%, informasiya və rabitədə 66,5%, tikintidə 58,9%, daşınmaz əmlakla bağlı əməliyyatlarda 46,9% azalma baş verib. Apardığımız sorğuda hər 5 respondentdən 4-ü dövriyyəsinin azaldığını qeyd edib.

- Digər problem sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması hallarının artmasındadır. Rəsmi məlumatlar göstərir ki, müxtəlif sferanı təmsil edən kiçik sahibkarlıq subyektlərinin sayının azalması müşahidə edilib. Əsas azalma da tikinti və sənaye sektorunda olub. 2015-ci ildə sənaye müəssisələrinin sayı 29.1%, tikinti şirkətlərinin sayı isə 5,5% azalıb. Tədqiqat çərçivəsində sahibkarlar arasında aparılmış sorğuda da respondentlərin 7,7%-i devalvasiya nəticəsində biznesinin bağlandığını bildiriblər. Sahibkarlıq subyektlərində işçilərin ixtisarı səbəbindən kadr potensialının zəifləməsini də qeyd etmək olar. Muzdla işləyən işçilərin sayı 2012-2014-cü illərdə 2,6% artdığı halda, 2014-2016-cı illərdə 0,35% azalıb. Devalvasiyanın kəskin olduğu 2015-ci ildə muzdlu işçilərin azalması əsasən emal (8,3%), tikinti (11,9%), maliyyə və sığorta (2,6%), informasiya və rabitə (0,8%) sektorlarında qeydə alınıb. Nazirlər Kabinetinin 2016-cı ilin ilk 6 ayının nəticələrinə həsr olunan müşavirəsində ölkə prezidenti bu ilin ilk 6 ayında ölkədə 26 min iş yeri bağlandığını bildirmişdi. Sahibkarlıq subyektlərinin kreditə çıxışlarının məhdudlaşması da əsas problemlərdəndir. Devalvasiyadan sonra ticarət və xidmət sektorunda kredit qoyuluşu 16,5%, kənd təsərrüfatı və emal sektoru üzrə 57%, inşaat və əmlak sektoru üzrə 36,1%, sənaye və istehsal sektoru üzrə 46,1% azalıb.

Digər tərəfdən, ödəniş yükünün artması nəticəsində kreditlərin qaytarılmasının çətinləşməsini, sahibkarlıq subyektlərinin banklardakı vəsaitləri (cari və depozit hesablarında) üzərində sərəncam vermək imkanının məhdudlaşmasını da problemlərə daxil etmək olar. Hətta bir müddət öncə dollar qıtlığı və manatın məzənnəsinin qeyri-sabitliyi idxalatçı şirkətlərə problem yaradırdı.

 

– Sahibkarlara dəymiş zərərin təsirini azaltmaq və biznesi qorumaq üçün hökumətin bir sıra addımları oldu. Necə qiymətləndirirsiniz bu addımları? Bir faydası varmı görülən tədbirlərin?

 

– Ümumiyyətlə, iqtisadi böhran dövründə makroiqtisadi sabitliyin qorunması üçün əsas yük və məsuliyyət dövlət qurumlarının üzərinə düşür. Belə vəziyyətlərdə hökumətlər təxirəsalınmaz tədbirlərin əks olunduğu antiböhran proqramları qəbul edir və bunun əsasında dövlət siyasətini qurur. Bu siyasətlər, bir qayda olaraq, əhalinin və sahibkarlıq subyektlərinin müdafiəsini təmin etmək, investisiya mühitinə təsir edən mənfi halların aradan qaldırılmasına, inzibati maneələrin aradan qaldırılmasına, iqtisdi aktivliyin artırılmasına yönəldilir. Təbii ki, hökumət bir sıra müsbət addımlar atdı. İlk olaraq sahibkarlıq subyektlərinin fəaliyyətinə müdaxilələrin azaldılması və yoxlanılması hallarının minimuma endirilməsi istiqamətində tədbirlər görüldü. 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldı. Bu zaman bitmək üzrədir və onun uzadılması yaxşı olardı. Sonra lisenziyalaşdırma və icazəalma proseduru sadələşdirilib, onların sayı azaldılıb, 22 fəaliyyət növü üzrə lisenziya ləğv edilib, lisenziya verən dövlət orqanlarının sayı 23-dən 4-ə endirilib, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə azaldılıb və s. Bura gömrük sistemində idxal prosedurunun sadələşdirilməsini, sahibkarlıq subyektləri üçün vergi amnistisiyasının və bir sıra vergi güzəştlərinin tətbiqini də şamil etmək olar. Bundan əlavə, yerli istehsalın qorunması məqsədilə idxal rüsumlarının artırılması və sahibkarlıq subyektlərinin ixrac potensialının artırılması tədbirləri həyata keçirildi. Ötən ilin sonunda isə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi qəbul edildi.

– Üzdə belə görünür ki, maliyyə bazarında sabitlik yaranıb. Manat xeyli vaxtdır sabitləşib, dollar qıtlığı aradan qalxıb, indi istədiyin qədər dollar almaq mümkündür. Valyuta hərraclarında dollara tələbat da azalıb. Bəzi növ məhsulların qiymətində isə ucuzlaşma var. Təhlükə sovuşdumu?

– Təəssüf ki, cavabım müsbət olmayacaq. Sizin sadaladığınız hallar mövcuddur, ancaq dayanıqlı deyil. Mərkəzi Bankın inzibati tədbirlərinin nəticəsidir. Pul kütləsi əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. İqtisadiyyatın pulla təminatı səviyyəsi aşağı həddədir. Bankların əlindəki vəsaitlərin valyuta bazarına yönəldilməsinin qarşını almaq üçün Mərkəzi Bank depozit hərracları keçirir və onların vasitəsilə 500-600 milyon manat vəsaiti dövriyyədən kənarlaşdırırmağa nail olur, bunun hesabına manata olan təzyiqi azalda bilir. Tədiyyə balansının son vəziyyətində nisbətən yaxşılaşma müşahidə edilir. Səbəb, əlbəttə, neftin bir qədər bahalaşması, idxalın məhdudlaşdırılması və kapital axınının azalmasıdır. Gələcəkdə neftin ucuzlaşması və kapital axının davam etməsi balansda vəziyyəti yenidən qəlizləşdirə bilər. Sahibkarlar pulsuz qalıblar. İqtisadiyyat getdikcə daralır, bazar kiçilir, dövriyyə azalır. Proses belə uzun müddət davam edə bilməz. Sərt pul-kredit siyasəti həyata keçirilməsinə baxmayaraq, inflyasiyanı cilovlamaq mümkün olmayıb, hələ ki ikirəqəmli olaraq qalmaqdadır. İqtisadiyyata pul verməyəndə bir problem yaradır, pul verəndə başqa. Əhalinin manata, bank sektoruna etimadı itib. Əhali əlində olan artıq pulu dollara çevirib yastıq altına yönəldir. Neftin bahalaşması yaxın dövrdə gözlənilmədiyindən, vəziyyəti indiki kimi saxlamaq qısamüddətli səmərə verə bilər.

– Sizcə, indiki zamanda hökumət neyləməlidir? Sahibkarlara hansı istiqamətdə dəstək verməlidir?

 

– Ümumi götürsək, çox işlər görülməlidir. Ölkədə struktur islahatları aparılmalıdır, iqtisadiyyat liberallaşdırılmalıdır, dövlət biznesdən kənara çəkilməlidir, büdcə yükü azaldılmalıdır, məhkəmə sistemi müstəqilləşməlidir, mülkiyyət hüququ qorunmalıdır və s. İndiyədək atılmış addımlar əhəmiyyətli olsa da, köklü deyil. Proses bu vəziyyətdə dayanmamalıdır. Uzun müddət bir yerdə qalan daş, nəhayət ki, tərpədilib, ancaq onu belə saxlamaq olmaz, fəsadları ağır ola bilər. İstənilən böhranlı vəziyyətdə hökumətlər əsas diqqəti kiçik-orta sahibkarlığın dəstəklənməsinə yönəldir. İqtisadiyyatın yüksək səviyyədə dollarlaşması pul-kredit siyasətinin səmərəliliyinin məhdudlaşmasına, likvidlik problemlərinin artmasına, Mərkəzi Bankın rolunun azalması kimi neqativ nəticələrə gətirib çıxarır. Bunun üçün iqtisadiyyatda dollarlaşma səviyyəsinin aşağı salınması vacibdir. Milli valyutada qiymətli kağızların buraxılması, etibarlı indeksasiya sistemi, valyuta risklərini sığortalama (hedge) aləti, kapital bazarının və bankolmayan institutların gücləndirilməsi, kredit məlumatları sisteminin təkmilləşdirilməsi, nəzarətin gücləndirilməsi, faiz dərəcələri üzərində inzibati tədbirlərdən imtina edilməsi, valyuta depozitləri və istiqrazlarının gəlirliliyinə vergi rejiminin tətbiqi kimi addımlar dollarlaşmanı əngəlləyə bilər. Manatın məzənnəsinin sabitliyi yalnız dayanıqlı makroiqtisadi sabitlik və iqtisadi inkişaf fonunda mümkündür. Ölkənin maliyyə sektorunun sürətlə dollarlaşması milli valyutaya təzyiqi artırmaqla yanaşı, makroiqtisadi sabitliyi risk altına qoyur. Milli valyutanın ucuzlaşması idxaldan asılı olan ölkə iqtisadiyyatını yüksək inflyasiya idxalına məruz qoyub. Hazırda Azərbaycanda inflyasiyaya bir sıra daxili və xarici amillər təsir edir. Daxili amillərə dövlət büdcəsində kəsirin yaranması, mikro və makro səviyyədə disproporsiyanın yaranması, xarici ticarətdə inhisarın mövcudluğu, daxili bazarın iri şirkətlərin inhisarında olması, yüksək kredit faizləri aiddir. Xarici amillərə isə xarici tcarətdən daxilolmaların azalması, xarici ticarət və tədiyyə balansında kəsirin mövcudluğu, idxal mallarının xarici bazarlarda bahalaşması daxildir…

– Əksdollarlaşma siyasətinin vacibliyini vurğulayırsınız. Araşdırmısnızmı ki, hansı ölkələr bu təcrübədən yararlanıblar və biz hansı ölkələrin təcrübəsindən faydalana bilərik?

 

– Əksdollarlaşma müxtəlif ölkələrdə həyata keçirilib. Bayaq əksdollarlaşma alətlərini sadaladıq. Anqola, Boliviya, Çili, Meksika, Rusiya kimi ölkələrdə hökumət dollar depozitlərinə alternativ investisya imkanlarını artıran milli valyutada olan istiqraz bazarını stimullaşdırmağa qərar verib. Çünki daxili pul və kapital bazarında milli valyutada olan qiymətli kağızların artması dollar aktivlərinin azalmasını şərtləndirir. Boliviya, İsrail, Meksika kimi ölkələr milli valyutada dövlət istiqrazlarının buraxılışını artırıb, dövlət istiqrazlarını inflyasiyaya uyğun indeksləşdirib. Estoniya, Haiti, Macarıstanda milli valyutanın cəlbediciliyini artırmaq üçün bankların faiz dərəcələri üzərində inzibati nəzarəti ləğv edilib. Boliviya, Honduras, Nikaraqua, İsraildə xarici valyutalar üzrə məcburi ehtiyat normalarının tələbləri sərtləşdirilib. Çili, Kolumbiya, Meksika və İsraildə milli valyutanın cəlbediciliyini və ona inamı artırmaq, həmçinin alıcılıq qabiliyyətinin sabitliyini qorumaq üçün kəskin məzənnə dəyişiklikliyindən sığortalamağa imkan verən əhalinin gəlirlərinin indeksasiyası sistemi tətbiq edilib.

Təcrübələr olduğu kimi yox, ölkə şəraitinə uyğun tətbiq edilməlidir. Təcrübə göstərir ki, bazar alətlərindən istifadə etmədən yalnız məcburi əksdollarlaşma tədbirlərinin həyata keçirilməsi səmərə vermir. Peru və Boliviyanın inzibati yolla dollarlaşmanı azalda bilməməsi buna sübutdur. Argentina və Pakistanda atılan addımların nəticəsi ona gətirdi ki, rezidentlər xarici valyuta vəsaitlərini bank hesablarında yox, nağd şəkildə saxlamağa üstünlük verdilər. Belə məhdudiyyətlər milli bank sektoruna inamı təhlükə altına qoyur və kapital axınına gətirib çıxarır…

Hurriyyet.org

 

09:26