“Əsgər oğul, ürəyini aç mənə” adlı yeni layihənin icrasına başlanıb

 

 

Cəbhə bölgələrində, xüsusilə döyüş mövqelərində xidmət keçən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədilə yeni layihənin icrasına başlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, elm, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin, görkəmli psixoloqların, eləcə də ictimaiyyətin nümayəndələrinin cəlb edildikləri tədbirlərdə fərdi və kompleks yanaşma üsulu ilə hərbi qulluqçuların mənəvi-psixoloji durumu öyrənilir, arzu və təklifləri nəzərə alınır, reabilitasiya tədbirləri həyata keçirilir. Əgər bir əsgər özünə qapanıbsa, ürəyində gizli saxladığı hər hansı sirri varsa, onun qəlbinə yol açılır, emosional təsir vasitələrinin - canlı sözün, musiqinin, ağsaqqal məsləhətinin təsiri ilə daxili aləmi öyrənilərək narahatlıq və həyəcanına son qoyulur.

Düşmənlə təmas xəttində, zirvələrdəki ön səngərlərdə təşkil olunan görüşlərdə Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri şair-publisist Barat Vüsal, Gəncə Dövlət Universitetinin qocaman dosenti, ədəbiyyatşünas-alim Aydın Nağdəliyev Vətən müdafiəçiləri ilə səmimi söhbət edib, onları maraqlandıran sualları cavablandırıb, Azərbaycan ədəbiyyatında Vətən, vətənpərvərlik, Vətənin müdafiəsi, qəhrəmanlıq ənənələri barədə ətraflı məlumat veriblər. Barat Vüsal yeni şeirlərini oxuyub, Aydın Nağdəliyev Oğuz elinin ağsaqqalı Dədə Qorqudun deyimləri ilə döyüşçülərə öyüd-nəsihət verib, “İgidin başına hər nə gəlibsə, uyğudan gəlib”, - deyə onları hər an döyüş mövqeyində ayıq-sayıq, ehtiyatlı olmağa çağırıb.

Əsgərlər qonaqlara ürəklərini açıb, işğal altında olan torpaqları azad etməkdən başqa özgə problemlərinin olmadığını deyiblər. Layihənin müəllifləri bildiriblər ki, belə tədbirlər şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında formalaşmasına, öz vəzifə məsuliyyətlərini daha dərindən dərk etmələrinə, bütün qayğılardan uzaq olaraq yalnız Vətənə sevgi, dövlətə sədaqətlə milli təhlükəsizliyimizi etibarlı şəkildə qorumalarına möhkəm zəmin yaradır.

Xudaferin.eu
“Qazax Bürosu”

 

09:40