SALAM ÜÇRƏNGLİ BAYRAĞIM!

Hər şey sənin üçün üçrəngli bayrağım! 

Analar doymaz övladlarından.

Bax elə bu an hardasa bir ana həzin - həzin laylay deyir" Laylay balam ay laylay. İgid balam ay laylay" . Beşiyin deyil , bir baş daşına sarılıb xısın-xısın - ağlayır. Ətrinə doymadığı övladının ətrini , gülüşünə doymadığı balasının gülüşünü axtarır ana.

Haradasa bir bacı köks ötürür vağzalı sədasına. Qardaşının xonçaları bəzənib qalmış, əhd ürəyində yanmışdı. O yanmış bacı ürəyi közlənə - közlənə qalıb, dünya suyunun belə o közü söndürməyə qüdrəti yetməz.

Haradasa bir qardaş var, şəhidini çiynində gətirdi. Daha zarafatlaşıb , qurşaq tutduğu qardaşı yoxdur yanında. Daha evlərini bürümür qəhqəhələri . Xatirələri canlanır və təbəssümü donur qalır.

Haradasa igid ata aslan oğlunu son mənzilə yola salır. Başını dik tutub, cünki özü də bir qəhrəmandır. Ondan keçib oğluna şücaət, Vətənə sevgi. Doğulduğu gündən bu sevgiylə bəsləmişdi övladını. 

Bir gəlin balasıyla ovundurur özünü. Axı söz vermişdi ərinə övladından muğayat olacaq.

Övladlar artıq şəkillərdən xatırlayacaq atanı. Ondan qalan xatirələrlə yaşayacaqlar.

Haradasa br igid itirdiyi döyüş yoldaşlarını,onları necə alovun içindən çıxartdığını, onların son sözlərini, itirdiyi bədən üzvlərini yuxuda görüb hayqıraraq, qan- tər içində oyanır. Yaşadıqlarının bir kabus olduğuna inanmaq istəyir, amma təəssüf dolu hisslərlə reallıqla barışır.

Ey bu torpaqda yaşayanım , unutma yaşadıqlarını. 

Ey üçrəngli bayrağım hamısı sənin üçün! 

Sən dalğalandıqca bütün yaralara məlhəmsən . Qürurumuz, vüqarımız, şöhrətimiz sənsən!

Dünya durduqca dalğalan, üçrəngli bayrağım! 

Dünya var olduqca var ol, Azərbaycanım!

 

Züleyxa NaEl

 

Xudaferin.eu

23:46