Atalar və oğullar - Şəhid baş leytenant Səid Rəşidzadənin əziz xatirəsinə
Atalar
1992-ci ilin fevralı idi. Məhşum Xocalı faciəsinə sayılı günlər qalırdı. Hadrutun dörd kilometrliyinə qədər yaxınlaşıb orada yerləşən Horadiz könüllü dəstəsinin komandiriydim.
Biz bütün gücümüzü ordu quruculuğuna səfərbər edərkən qarşı tərəf daha sürətlə möhkəmlənirdi. Aramızdakı təmas nöqtələri də get-gedə birləşib cəbhə xətti kimi formaşlaşırdı. Vur-tut üç-dörd atıcı silaha malik bir dəstəylə ağır zirehli texnikalarla silahlanmış qüvvələrə qarşı dayandığımız günlərdə mövqelərimizi qoruyub saxlamaqdan başqa, heç nə düşünmürdük. Hücum haqqında söhbət gedə bilməzdi. İşin başqa bir tərəfi də var idi. Nə vaxtsa Hadrutda yerləşdirilmiş sərhəd dəstəsi SSRİ-nin qırmızı bayrağını Rusiyanın üçrəngli bayrağı ilə əvəz edib hələ də orada qalırdı. Yüksək səviyyəli razılaşmaya görə, biz onların Hadrutdan tamamilə çıxmasını gözləməliydik. Amma bununla belə, boş da dayanmırdıq. Əraziyə yaxşı bələd olan adamlardan yararlanıb kiçik kəşfiyyat qrupları ilə cəbhə xəttini öyrənməyə başladıq. Etibarlı keçid yeri tapıb düşmən arxasına sıza bildik. Məlum oldu ki, 366-cı alayın bölünmüş texnikalarının təkcə bir tank və iki PDM-dən ibarət olmadığından şübhələnməkdə haqlıymışıq. Bir neçə gün davam edən axtarış əməliyyatlarınin sonucunda Hadrut qəsəbəsinin mərkəzində - həmin günlərdə qərargaha çevrilmiş keçmiş raykom binasının qarşısındakı talvarın altında sıralanmış zirehli texnikaları aşkarlayıb bütün məlumatları birbaşa kəşfiyyat idarəsinə göndərdik.
Bu yerlərin əhəmiyyətini təsəvvürə gətirmək üçün Hadrut və onun ətrafı haqqında qısaca da olsa, danışmalıyıq. Hadrut qəsəbəsi Şayax və Ərgünəş dağının arasında yerləşir. Əsasən qoz və zoğal ağaclarıyla zəngin bağ-bağatlı dərələri keçib sonunda Əhmədalılar altında Araza qovuşan məşhur Qozluçay da öz axarını elə buradan başlayır. Qəsəbənin şərq hissəsində yerləşən əzəmətli Ərgünəş dağı hücum edən qüvvələrə əngəl yaratmırdı. Qarışıq meşə ilə örtülmüş dağın təkcə qərb hissəsindəki ətəklərində düşmənin bir neçə müdafiə mövqeyi var idi. Amma Şayax haqqında bunları söyləmək olmazdı. Cəbrayılla Hadrut inzibati rayonlarının arasından burulub keçən bu dağ silsiləsi qəsəbəni və ətraf kəndləri iki tərəfdən divar kimi qoruyurdu. Üstəlik, bu yüksəkliyin güney yamaclarındakı Sur və Banazur kəndlərinin ətrafı da müdafiə mövqeləri ilə möhkəmləndirilmişdi. Cəbhənin bu hissəsi ilə Hadrut arasında əlaqə el arasında “Ağ yol” deyilən nəqliyyat dəhlizi vasitəsilə həyata keçirilirdi. Qozluçayı adlayan kimi yamacla çəpinə qalxıb oradan güneyə aşan torpaq yolun Şişqaya deyilən yüksəklikdən keçən hissəsi təbii ağ rəngi ilə seçilirdi. O vaxtlar xəritəmiz olmadığından maraqlı bir detala diqqət eləməmişdim. Sən demə, Füzuli, Cəbrayıl Və Hadrut (sonradan Xocavənd) inzibati rayonlarının birləşmə nöqtəsi Şayax dağı ilə qurtaran bu silsilənin başlanğıcı imiş. Nə vaxtsa başlayacaq hücumun uğurlu olması üçün ən azından yüksəkliyin ilk pilləsini ələ keçirmək lazım idi. Bu dağ indi xəritələrdə 1020 kimi qeyd olunur. Xocalıya görə bayram ovqatı hiss olunmayan Novruzdan üç həftə sonra əməliyyat keçirib orada yerləşə bildik. Əlbəttə, qarşı tərəf bunun nə demək olduğunu anlamışdı və uzun müddət bizi oradan çıxartmaq üçün cəhdlərinə ara vermirdi. Heç iki həftə keçməmişdi ki, yenicə təşkil olunmuş ikinci briqadanın Füzuliyə gəldiyini və burada yerləşdiyini eşitdik. Ərazidə döyüşən bütün hərbi birliklər həmin briqadanın tərkibinə verilmişdi. Dəstəmiz Hadrut ərazisində yerləşsə də, bu əmr bizə də aid edildi və tezliklə üçüncü taburun beşinci motoatıcı bölüyü olaraq xidmətimizi həmin briqadanın tərkibində davam etdirməli olduq. Əslində bu dəyişikliklər gələcəyə olan ümidləri daha da artırmışdı. Prezident seçkilərindən təxminən iki həftə sonra Hadrutda yerləşən sərhəd dəstəsinin qalıqları da oradan çıxdı. Rusiya bayrağı altında hərəkət edən texnikaların necə gəlib keçdiklərini görəndə sevinirdik. Bu, genişmiqyaslı hücumun tezliklə başlayacağına bir işarə idi. Gözlənilən gün, axır ki gəlib yetişdi.
Sonradan 28 iyun hücumu kimi tarixə düşmüş həmin hərbi əməliyyatlar daha çox uğursuz olduğuna görə yadımda qalıb. Bu, bəlkə də cəbhənin mərkəzi hissəsində Ağdərənin və ona bitişik ərazilərin azad edilməsi üçün düşmən qüvvələrini güney istiqamətdə cəmləyib onların başını qatmağa hesablanmış aldadıcı fənd ola bilərdi. Amma yenə də düşünürəm ki, bu əməliyyatları daha uğurla və həm də az itki ilə yerinə yetirmək mümkün idi.
Hadrut istiqamətində planlaşdırılan növbəti hücum əməliyyatı ayyarım sonra baş tutdu. Təəssüf ki, hər şey yenə öncəki kimi oldu. İkinci briqadanın əsas qüvvələri və onlara verilmiş əlavə birliklər Ərgünəşin ətəklərindəki mövqeləri ələ keçirmək üçün səfərbər edildi. Şişqayanı götürmək yenə də Cəbrayıl alayına tapşırılmışdı. Bizi uzun müddət kəşfiyyat aparıb detallı öyrəndiyimiz ərazilərdən uzaqlaşdırılaraq sağ cinahdakı bölüklərlə birlikdə Məlikcan kəndini ələ keçirməyə cəlb edilmişdik. Hələ hava işıqlanmamış götürdüyümüz mövqelərdə yerləşib gözləyərkən sol cinahda ağır döyüşlər gedirdi. Hər şeyin başdangetdi planlaşdırıldığı tezliklə ortalığa çıxır. Sağ cinahımızda hücum edənlər heç bir yeri ələ keçirə bilməmişdi. Bizə verilmiş tapşırıq da yarımçıq kimi görünürdü. Hücum başlayan kimi irəli gedib Ərgünəşin bütün ətrafını götürmək əvəzinə, mövqelərdə oturub kəndin kənarındakı düşmənlə boş yerə atışırdıq.
Günorta vaxtı bizə gəlib çatan xəbərlərdən hücumun baş tutmadığını, Cəbrayıl alayının Şişqayada ağır itkilər verib geri çəkildiyini öyrəndik. Qaranlıq qovuşanda biz də Məlikcanı tərk edib oradan çıxdıq. Götürdüyümüz mövqelər az qala kəndin içərisində olduğundan müdafiə üçün əlverişli deyildi.
Həmin 15 avqust günü mənim yaddaşımda silinməz izlər buraxıb. Bəli, həmin gün mən özümün 31 yaşımı Məlikcanda qeyd etmişdim. Həm də orada ikinci dəfə yaralanmışdım - səhər çağı düşmən səngərinə yetişəndə sol ayağımdan aldığım qəlpə yarasına görə bir neçə gün axsadım.
Başdangetdi hazırlanmış Məlikcan əməliyyatına görə üçüncü taborun bütün bölük komandirləri hərbi prokurorluğa rəsmi müraciət edib etirazlarını bildirdilər. Sağ cinahda da durum ürəkaçan deyildi. Yuxarı Veysəlli kəndi işğaldan azad edilsə də, döyüşlərə rəhbərlik edən Elxan Yusifovun şəhid olması hər şeyi dəyişdi – yoldaşları onun cəsədini götürüb kəndi tərk etdilər.
Təəssüf ki, bu uğursuzluğun gətirdiyi faciə təkcə bununla bitmirdi. Şişqayada 36 nəfərin cəsədi qalmışdı. Əsasən Saatlı və Sabirabaddan olan bu döyüşçülərin valideynləri Cəbrayıla gəlib övladlarının cəsədini tələb edirdilər. Bu işi yoluna qoymaq üçün düşmənlə danışıqlar başladı, onları birtəhər razı saldıqdan sonra cəsədlər döyüş meydanından götürüldü.
...Həyat və savaş davam edirdi. Qələbə naminə irəli baxıb nələrsə eləmək lazım idi. Dəyişikliklər özünü çox gözlətmədi. Həm ikinci briqadanın, həm də Cəbrayıl alayının komandir heyətində yerdəyişmələr edildi. Düşmən tərəfində isə təbii ki, bütün bunlar uğur kimi qəbul olunurdu. Qanlı döyüşlərin baş verdiyi Şişqaya yüksəkliyində metal konstruksiyadan qüllə quraşdırıldı və onun üzərinə seperatçı qurumun bayrağı sancıldı. Eyni belə bir bayraq, Məlikcanda geri verdiyimiz mövqedə də görünməyə başladı. Hücumların qarşısında davam gətirib durduğuna görə isə Hadruta “qəhrəman şəhər” statusu verildi. Bundan sonra hər il avqustun 15-də düşmən tərəfin döyüşçüləri Şişqaya zirvəsinə çıxıb qələbələrini bayram edirdilər.
1993-ün hər mənada qızmar keçən yay günlərində cəbhənin durumu fəlakətli hal aldı. İllərlə qoruyub saxladığımız mövqeləri və döyüş yoldaşlarımızı bir-birinin ardınca itirib Araz çayına qədər çəkiləndə, vaxtilə bir addımlığında olduğumuz Ərgünəşə və Şişqayaya uzaqdan həsrətlə baxırdıq. Oktyabrın axırlarında torpaqları düşmənə buraxıb İrana keçərkən bir çoxları son ümidini Arazın soyuq sularına buraxmışdı. Əlbəttə, mən heç kimi qınamıram. Amma hər şeyini itirsə də, ümidini üzməyib son döyüşün həsrətiylə yaşayan bizim kimilər də var idi. Bu adamlar nə vaxtsa Şişqayada Azərbaycanın üçrəngli bayrağının dalğalandığı günü görmək üçün yaşayıb-yaratmalı və döyüşüb öyrətməliydilər.
Oğullar
Kim nə deyir desin, cəbhə həyatı yaşayan adam üçün deyingən arvadlar kimi başlayanda kəsmək bilməyən payız yağışından zərərli və cansıxıcı heç nə ola bilməz. 44 günlük Vətən müharibəsinin beşinci axşamı başlayan yağış bütün gecəni davam edib hamını başdan-ayağa islatdıqdan sonra dayanmışdı. Maşınlar dağılıb tar-mar olmuş Bakı-Laçın magistralı ilə gəlib Cəbrayılın Quycaq kəndinə dönən hissəsində durudular. Buradan o yana hamı piyada hərəkət edəcəkdi. Silah-sursat, ərzaq, geyim, hər nə gəldi hamısı əllə daşınıb irəlidəki qoşunlara çatdırılırdı (Mənim bu dəfə cəbhəyə gəlməyimin özü ayrıca bir kitabın mövzusu olduğundan bu barədə danışmayacam).
1993-cü ilin sentyabrında qazılmış səngərlərin yerini bildiyimdən qaranlıqda oranı tapmaq elə də çətin olmadı. Hava işıqlananda aşağıda yolun kənarında toplaşmış zabitlərdən bir neçəsi təpəyə qalxıb mənim yanımda yer aldılar. Bəlli oldu ki, ikinci briqada bizdən arxa tərəfdəki ərazilərə gətirilib və Daşkəsən istiqamətində hücuma hazırlaşır. Bunu eşidəndə özümdən asılı olmayaraq sevindiyimi hiss etdim. İlk kəşfiyyat bölük komandiri olduğum hərbi hissənin indi bu hücumun sağ cinahında yer alması qürurverici idi. Tarixə düşmüş məşhur Horadiz əməliyyatından sonra bu briqadanın səs-sorağı onsuz da bütün ölkəyə yayılmışdı və indi də özlərini yaxşı mənada göstərəcəklərinə şübhə yox idi. Öyrəndim ki, orta məktəb illərindən dostluq elədiyim Nofəl Qasımovun kiçik oğlu Səid - baş leytenant Səid Rəşidzadə də bu briqadanın sırasında döyüşlərə qatılıb. Özü də bir vaxtlar mənim də tərkibində olduğum 3-cü taborun zabiti kimi. Neçə illər bundan əvvəl həmişə Nofəllə oturub Qarabağ uğrunda döyüşlərdən danışarkən həmişə bizə diqqətlə qulaq asan Səidin bir gün böyüyüb zabit olacağı heç birimizin ağlına da gəlməzdi. Bizim yaşıdların taleyinə yazılmış bu savaşın atəşkəslə dayanacağını və belə bir ağır yükün bir gün gələcək nəsillərin – balalarımızın çiyninə düşəcəyini gözləmirdik. Amma təəssüf ki, belə alındı.
Bərk yağış yağan gecə həm də ona görə yadda qaldı ki, otuz il davam edən müharibənin dönüş nöqtəsi kimi tarixə düşdü. Ölüm-dirim mübarizəsindən daha çox bir millətin taleyini həll edən bu savaş başladığı andan hamıya həyəcan yaşadırdı. Zəfərə aparan yolun başqa yerdən deyil, məhz buradan, həm də həmin gecə başladığını çox az adamlar bilirdi. O adamlardan biri də mən olduğum üçün həm qürrələnir, həm də həyəcan keçirirdim.
İki gündən sonra Cəbrayıl işğalçılardan azad olundu. Kiçik Qafqazın bütün dağ yolları artıq qarşımızda kitab kimi açılmışdı. Döyüşlər ağır keçsə də, uğurla davam edirdi. Bundan dörd gün sonra ortada Hadrut olmaq üzrə böyük bir ərazinin mühasirəyə alındığı xəbəri gəldi. Həmin gün mən Şayaxın qərb hissəsindəki Daşbaşı kəndiydəydim. Xəstələndiyimə görə daha irəli gedə bilməyəcəyimi dərk edib birtəhər Horadizə qayıtdım. Baş leytenant Səid Rəşidzadənin şəhid olması xəbərini də elə həmin gün orada eşitdim. Döyüş yoldaşları ilə elədiyim söhbətlərdə hər şeyin necə baş verdiyini öyrəndikcə dəhşətə gəlirdim. Hadrut ətrafındakı əməliyyatlarda iştirak etmiş, əraziyə yaxından bələd olan biri kimi döyüşlərin necə getdiyini aydın təsəvvür edə bilirdim.
Şişqaya yüksəkliyini azad etmək üçün tapşırığı alan həmlə bölüyünə komandirlik baş leytenant Səid Rəşidzadəyə həvalə edilir. Bu, heç də adi təyinat deyildi. Bir vaxtlar mənim də başçılıq elədiyim kəşfiyyat bölüyünə altmış nəfər əlavə döyüşçü vermişdilər. Müharibəyə çağırışla gələn bu adamlara qarşı hamımızda bir etimadsızlıq var idi və bunu heç gizlətmirdik də. Bu mənada Hadrut istiqamətinə həlledici hücumda könüllülər sırasında döyüşə gəlmiş zabitin həmlə bölüyünə başçılıq eləməsi görünməmiş hadisə idi.
Düşmən hər tərəfdən mühasirəyə alınsa da, ciddi müqavimət göstərirdi. Bu da təsadüfi deyildi. 1992-ci ildən bəri Şişqaya yüksəkliyinə sancdıqları bayraq hələ də gözləri qarşısında dalğalanıb onlara mənəvi güc verirdi. Görünür, peşəkar zabit - baş leytenant Səid Rəşidzadə də bunu anlamışdı. Azsaylı qüvvə ilə düşmənin inadını qırmaq asan deyildi. Amma yüksəklikdəki həmin bayrağı yerə salıb ora öz bayrağımızı sancmaq, qarşı tərəfi mənəvi-psixoloji sarsıntıya məruz qoyar, ona sarsıdıcı zərbə vurmuş olardıq. Düşmənin fiziki məhvindən daha çox, sıralarında yaranmış çaşqınlıq səbəbindən onları qaçmağa məcbur etməyin əsl məqamı idi. Buna görə də Səid cəsarətlə hərəkət edib özünü irəli atır. Hər tərəfdən açıq olan metal konstruksiyanın üstünə qalxmaq elə də asan deyildi. Kəskin nişançılardan tutmuş minamyotçulara qədər düşmənin bütün silahlı gücünü səfərbər etdiyi yüksəklikdə bu işi görmək birbaşa ölümə getmək demək idi. Amma cəsur zabitimizi bu gerçəklik saxlaya bilməzdi. O, belə də etmişdi və nə qədər çətin də olsa, bunu bacarmışdı. Bir azdan iyirmi səkkiz il dalğalanıb düşmənə ruh verən bayraq artıq ayaqlar altına atılmışdı. İndi qüllədə üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Şişqayanın bizim əlimizdə olduğunu göstərən bu işarə, arxadakı döyüşçülərə güc verib onları hücuma səsləməklə yanaşı, eyni zamanda qarşı tərəfi də mənəvi cəhətdən sındırmış oldu. Motoatıcı bölüklər müqaviməti qırılmış düşmən qüvvələrin üzərinə hücuma keçib bir neçə saatdan sonra bütün Hadrut ərazisini ələ keçirirlər. Amma bütün bunlardan Səidin xəbəri olmur. Artıq o, Şəhidlik zirvəsinə ucaltmışdı.
Baş leytenant Səid Rəşidzadəni Füzulinin Babı kəndində torpağa tapşırdıq. Savaşın qızğın dövründə, özü də cəbhə xəttinin yaxınlığında şəhid dəfn eləmək nə qədər ağır olsa da, mərasimdə böyük bir izdiham vardı. Yaxınlıqdakı Seyidəhmədli və Horadiz kəndlərində hələ döyüşlər gedir, ətraf ərazilər top atəşinə tutulurdu.
Dəfn mərasimində çox ibrətamiz bir mənzərə ilə qarşılaşdım. Səidin dəfn olunduğu sıradakı məzarların hamısı 90-cı illərdə şəhid olmuş döyüşçülərin məzarları idi. İllər öncə ataların başladığı savaşı bitirməyə çalışan oğullar bu gün həm də onların Şəhidlik yolunun davamçıları olurdular. Hər nə qədər ağrılı olsa da, belə idi. Hər birinin ruhu şad olsun!..

İlham AĞALAR
Korpus kəşfiyyatının sabiq komandiri
Mənbə 525.az
Xudaferin.eu
14:32
Digər xəbərlər