YALAN VƏ HƏQİQƏT!

(Əvvəli: https://xudaferin.eu/yalan-v-hqiqt.html-1)

Laçınlı bir müəllimin yazmış olduğu məqaləni sizlərə təkrarən təqdim edirik…

Həkərlilər kürd deyillər!

Laçın rayonu ərazisindən axan Həkəri (Həkərli, Əkərə-müəl.) çayının sol sahilinə yaxın, Laçın rayonunun Güləbird kəndinin qarşısındakı dağ tirəsinin (yalın) arxa ətəyində yerləşən (keçmiş yeri) və inzibati cəhətdən indiki Qubadlı rayonuna məxsus Həkəri (Həkərli-müəl.) kəndinin əhalisinin (hətta bütün Həkəri çayı hövzəsində yaşayan əhalinin) kürd olmasında israrlı olanlar vardır. Onlar bu fikri Türkiyənin cənub şərqində, Van gölündən cənubda yerləşən Hakkariyə ilinin (vilayətinin) və onun ərazisindən axan Hakkariyyə çayının adı ilə eyniləşdirməklə sübut etməyə cəhd edirlər.

— Əvvəla, dilçilik qanunlarından az-çox məlumatı olan hər bir şəxs bu iki sözü – Həkəri və Hakkariyyə bir-biri ilə məna və fonetik baxımdan müqayisə etsə, onların olduqca fərqli deyimlər olduğunu qydın görmüş olar;
— İkincisi, Türkiyədəki bu vilayətin, çayın, dağların Hakkariyyə adlanması və burada kürdlərin yaşaması heç bir əsas vermir ki, Həkəri çayının və kəndinin adlarının oradan götürülməsini deyəsən. Bu sadəcə olaraq diletantlıqdır. Həkəri adlı tayfa da olmamışdır və bu barədə də tarixilik baxımından hər hansl bir yozum dəyərləndirmək məntiqdən uzaqdır;
— Üçüncüsü, topoqrafik elmə məlumdur ki, bir sıra yaşayış yerlərinin adında hidronimlər iştirak edir. Bu adlar mənşəcə ən qədim adlar sayılır. Həkəri çayının adı eramızın 5-ci əsrindən bəhs edən tarixi mənbələrdə (Т. М. Мамедов, Кавказская Албания. Баку, 1993 г. стр.31) Aker adlanır. Göründüyü kimi Aker-Əkər, Həkəri, Əkərə sözlərində nə qədər məna və fonetik eynilik, uyğunluq, yaxınlıq vardır;
— Dördüncüsü, qədim dövrdə bu çayın hövzəsində alban türk tayfaları yaşamışdır;
— Beşincisi, topoqrafik qanunauyğunluğa görə çayın adı orada yaşayan əhalinin adından yox, əhalinin və kəndin adı oradan axan çayın adından götürülməlidir, çünki çayın adı daha qədim olur, insanlar tarix boyu yerlərin böyük coğrafiyada dəyişə biliblər, çaylar isə yox. Həmçinin bu əyalətlər, həm Uzun Həsən, həm də Səfəvilər dönəmində Azərbaycan türklərinə aid olmuş və buraya kürdlər, yalnız Osmanlı- Səfəvi savaşı sonrası köçürülmüşlər.

— Altıncısı, Həkəri kəndi yaxınlığında “kürd xırmanı” adlı yerə istinad edib demək olmaz ki, bu kənd kürd kəndidir, əhalisi kürddür…”Kürd xırmanı” adını tanınmaq mənasında burda yaşayan azərbaycanlı (türk) əhali verib. Çünki kürd öz xırmanına “kürd xırmanı” deməz. Bu sayaq faktlara əsaslanılsa, onda Laçın rayonu Qarakeşiş kəndini, yumşaq ifadə etsək, xristian kəndi, əhalisini isə xristian adlandırmaq olar. Çünki Qarakeşiş adı xristiana məxsusluğu göstərir. Kəndin adından məlumdur ki, kürdlər bu kəndə sonralar gəlmiş və keçmiş sakinlərə (xristianlara) məxsus adı saxlamışlar. Yəqin ki, müasir siyasi düşüncə tərzinə malik olsa idilər, ona özlərinə məxsus aid başqa ad qoya bilərdilər. Burada bir hadisəni də xatırlamaq yerinə düşərdi: 1987- ci il iyun ayının 18-də axşam yağan leysan yağışının yaratdığı selin Qarakeşiş kəndi əhalisinin illərdən bəri istifadə etdiyi çox az sulu yeganə bulağın üstünü örtüb batırması nətəcəsində əhali çətin vəziyyətə düşdü. Selin gətirdiyi torpaq-qum örtüyünü qazıb kənara atmaq, batmış bulağı üzə çıxarmaq üçün torpaq qazan texnikadan istifadə etmək zərurəti yarandı. Qazıntı nəticəsində bulağın olduğu yerin altından 5-6 nəhəng bir-birinə oyma üsulla bağlı daş novlar çıxdı ki, bu da yeni tapıntı kimi bütün kənd əhalisinin (hətta rayon əhalisinin də) böyük təəcüb və marağına səbəb oldu. Demək son 100 ildən çox bir müddət ərzində bu bulaqlardan istifadə edən kənd əhalisi burada, torpaq altında belə bir bulaq novlarının olmasını bilmirmiş, ondan xəbərsizmiş, yoxsa mal-qaralarını bu sızqa bulağın üstündə qurulmuş kiçik novçadan və gölməçədən suvarmaq məcburiyyətində qalmazdılar. Bu daş novlar haqqında kənd əhalisinin ulu babaları da xəbərsiz olub…

Deməli, onlar buraya sonralar (mənbələrə görə 1813- cü ildən sonra) gəliblər və burada heç nə görməyiblər. (Aydınlıq üçün o dövrü əks etdirən rus mənbəyində bu barədə yüzlərlə faktlar var. Birini diqqətinizə çatdırırıq: «Полный разгромъ русскими войсками Персіи въ войну 26—27 года произвелъ еще болѣе сильное впечатлѣніе на весь персидскій и турецкій Курдистанъ. Многіе персидскіе курды стали предлагать графу Паскевичу свои услуги для совмѣстныхъ дѣйствій противъ турокъ; такъ напр., въ 1828 году, начальникъ Салмасскихъ курдовъ, Ибрагимъ-ага, весьма настойчиво просилъ разрѣшенія переселиться (вмѣстѣ съ переселявшимся армянами) со всѣми своими курдами въ наши владѣнія, отказываясь отъ вспомоществованія, которое было выдаваемо армянскимъ переселенцамъ; этотъ же Ибрагимъ-ага предлагалъ свои услуги и въ предстоящей войнѣ съ Турціей[3]. Еще раньше, въ 1827 г., многіе персидскіе курды обращались съ подобными же [45]просьбами и предложеніями къ Грибоѣдову, во время нахожденія его въ Чорсскомъ лагерѣ Аббаса-Мирзы». (Курды в войнах России с Персией и Турцией (Аверьянов)/1900 (ДО)/Глава III)-red.).

Bu sayaq daş novlar əhalisi kürdlərdən ibarət olan Kamallı kəndinin Köhnə Kamallı adlanan hissəsində, dərədəki bulaqda da mövcuddur və onun nə vaxt kimlər tərəfindən qurulduğu, tikildiyi bilinmir. Bu kəndin keçmiş adı Pull olub, bu ad XIX əsrin ikinci yarısında yazılmış rusdilli kitablarda (Tiflis nəşləri) qeyd olunmuşdur.

— Həkəri kəndinin ən yaşlı sakinlərinin belə onların ulularının kürd olması barədə heç bir məlumatı yoxdur, bu onların qan yaddaşında da özünü göstərmir.

— Nəhayət, Həkəri kəndinin əhalisi kürd olsaydı, o 1725-1727- ci illərdə türk-osmanlı hökuməti tərəfindən tərtib edilmiş “müfəssəl dəftər”də mütləq göstərilərdi (“Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” Bakı. 2000- ci il. səh. 485-488)
— Gürcüstanın Marnueli rayonunda, Ermənistanın Allaverdi (Tumanyan) rayonlarında da Həkəri adlı kənd var və əhalisi də azərbaycanlılardan ibarətdir.

Zəngəzur əvəzinə “Kürdüstan”…

1920-1921 -ci illərdə Zaqafqaziyanın sovetləşməsindən sonra da ermənilər Dağlıq Qarabağı “özününküləşdirmək” uğrundakı mübarizələrini zorla yox, diplomatik gedişlərlə davam etdirirdilər. O zaman Azərbaycanın yüksək hakimiyyət eşalonunda əsas yerləri ermənilər (A. Mikoyan, Sərkis, Mirzoyan və s.) və onlara yaxın olan başqa millətlərin nümayəndələri (S. Kirov, S. Orcenikidze və s.) tutmuşdular.

N. Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” (Stalinə məktub, iyun 1923- cü il — 27 may 1924 -cü il) Bakı, 1992 əsərində oxuyuruq: “Maraqlı burasıdır ki, Mikoyandan sonra Sərkis nəyin bahasına olursa olsun BEKA-nın katibi olmaq istəyir. O istədiyinə nail olub, A. Mikoyanın xəttini davam etdirir… ” (səh.27) “Nəhayət Sərkis gedir, onun yerini isə layiqli yoldaşı Mirzoyan tutur” (səh. 29), “Bütün bunlardan göründüyü kimi BEKA artıq irs kimi Mirzoyana çatır” (səh. 30), “Bütün bunların müəllifi, …Mikoyan sayılır”, “…BEKA-nın katibi…, Mirzoyandan sonra Kasparov olacaq və i.a.”, “…bu ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır” (səh. 31), “Bir tərəfdən kommunizm bayrağı altında daşnaklar öz işlərini görür” (səh. 33), “Həqiqətən, partiya vardırmı? Mən təsdiq edirəm, belə bir partiya yoxdur və Mirzoyanlar öz iyrənc siyasətlərindən əl çəkməyənə qədər də olmayacaqdır” (səh. 39), “…Azərbaycanın bütün taleyi Mirzoyan başda olmaqla “sol” qrupun əlindədir)” (səh. 48), “Bədbəxt Azərbaycan…belə vicdansız fırıldaqçıların əllərində oyuncağa çevriləcəkdir…”, “Mənim Azərbaycanda daşnak işi haqqında mülahizələrimin o biri yarısı, fikrimcə elə bu il məlum olacaqdır. Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdır, ona görə yox ki, mən bu muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndliləri özləri bunu istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni daşnak müəllimlərinin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsinə keçirdi…Daha sonra Gəncənin dağlıq hissəsi haqqında məsələ gəlir və i.a. Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir. Mənim zərrə qədər şübhəm yoxdur ki, rvə Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır…Maraqlı odur ki, bu şəxslər elə fikirləşirlər ki, türklər o qədər axmaqdırlar ki, bütün bunları başa düşmürlər” (səh. 59-60).

(Həmin daşnak müəllimlərin başında Qarabağda, o cümlədən Zəngəzur üzrə fövqəladə komissarlarından biri olan, indiki Ermənistan Respublikasının Gorus rayonunun Xındzoresk kəndində 1889- cu ildə anadan olmuş, Şuşa çəhərində erməni seminariyasında kimya fənnindən dərs keçən Armenak Mkrtıçoviç Qaragözov dururdu.

DQMV yaratmaq üçün Azərbaycan hökuməti tərəfindən Şuşada “Dağlıq Qarabağ işləri komitəsi” təşkil edildi. Bu təşkilatın başına yuxarıda adı qeyd olunan, bolşevik şineli geyinmiş daşnak A. Qaragözov təyin edildi. Kəmaləddin Daşqıran. «Keçmişdən günümüzə. Qarabağ məsələsi» səh. 139-da qeyd edildiyi kimi “Qoyunu qurda tapşırdılar”. Milli şüurdan və uzaqgörənlikdən məhrum bəzi azərbaycanlı rəhbərlərin də ən yüngül halda laqeyd münasibəti nəticəsində 1923- cü ilin iyul ayının 7-də DQMV rəsmi təşkil edildi. 01 avqust 1923- cü ildə DQMV-nin mərkəzi Şuşadan Xankəndinə (sonradan Stepanakert adlandırıldı) köçürüldü.

Azərbaycan hökumətinin hələ əvvəlki iclaslarında Zəngəzur qəzasının bölünməsi məsələsi məsələsinə DQMV məsələsindən sonra baxılması qərara alınmışdı…Həqiqətdə isə ermənilər Zəngəzuru 1921 ci ildə bölüb “paylarını” (Gorus, Qafan, Meğri, Qacaran, Sisian rayonları) götürmüşdülər. Ona görə də həmin vaxt (7 iyul 1923 -cü il) Zəngəzur qəzasının Azərbaycan SSR-ə qalan hissəsində (indiki Laçın, Qubadlı, Zəngilan rayonları, Cəbrayıl rayounun bir hissəsi) – DQMV-nin qərb sərhəddi ilə Ermənistan SSR-nin şərq sərhəddi arasındakı ərazidə (əvvəldə qeyd edilmiş “neytral zonada”) real statistika üzrə əhalisinin çox az bir hissəsi (6-8%) kürd olan bu ərazidə, indiki Kəlbəcər rayonu da daxil edilməklə “Kürdüstan” qəzası təşkil edildi. A. Bukşpanın əsərindən (səh. 49-53) görünür ki, yuxarıda qeyd olunan əraziyə “Kürdüstan” adı verilməsi uzun müddət mübahisəli müzakirə obyekti olub. Ermənilər bu məsələdə də istədiklərini edə biliblər…

1926- cı ildə əhalinin siyahıya alınması nə göstərdi?

SSRİ yaradıldıqdan sonra 1926- cı ildə ilk dəfə olaraq əhalinin Ümumittifaq siyahıya alınması keçirilib. Azərbaycanda əhalinin siyahıya alınmasının nəticələri “Государственная статистика. Труды Азербайджанского Центрального Статистического Управления. Статистический Справочник по Азербайджану на 1926 год. Под редакции В. Смирнова. Издание Азербайджанского Статистического Управления. Баку. 1927г.” adlı statistik topluda öz əksini tapmışdır.

Statistik topluda respublikada ayrı-ayrı ərazilər üzrə kənd əhalisinin ümumi sayı verilib, milli tərkibi yox. Kürdüstan qəzası üzrə 1926- cı ildə cəmi əhali 51509 nəfər, o cümlədən şəhər (Laçın) əhalisi 434 nəfər olub (səh.17.cədvəl 7. «Территория и население АзССР» bölməsi) Kürdüstan qəzası üzrə mövcud olan 42 məktəbdə (biri Laçın şəhərində) 2043 nəfər şagirdin təhsil aldığı, onlardan 2017 nəfərinin kənd məktəblərində, 26 nəfərinin Laçın şəhər məktəbində oxuduğu göstərilir. Şagirdlərin milli tərkibcə 980 nəfərinin (48%) türk, 33 nəfərinin (1.6%) erməni olduğu qeyd edilib. 914 nəfərin (44.79%) isə qarşısında «прочие и неизвестные» yazılıb (səh.41, 42, 43. cədvəl 21. «Национальный состав учащихся» bölməsi). Eyni zamanda 2043 nəfər şagirdin 1981 nəfərinin (97%) türk dilində təhsil aldığı qeyd olununb (səh.46. cədvəl 24). «Распределение число школ и учащихся по языку преподования 01.12.1925» bölməsi. (Sayğı zamanı doldurulmuş blank-vərəqələr əldə olmadığından, «прочие и неизвестные» yazılması səbəbini aydınlaşdırmaq mümkün olmadı. Ancaq ehtimal etmək olar ki, bu milli mənsubca kim olmaları barədə verilən suallara alınan cavabların konkret olmamasından irəli gəlmişdir…).

1926- cı ildə əhalinin ümumittifaq siyahıyaalınmasının yekunları SSRİ hökuməti tərəfindən də ayrıca olaraq çoxcildli formada buraxılıb. Bunlardan: «Всесоюзная перепись население 1926 года, том. XIV. Закавказская Социалистическая Федеративная Республика. Отдел 1. Народность. Родной язык. Грамотность. 1929. Издание ЦСУ. Москва» statistik toplusunda Kürdüstan qəzasının əhalisi haqqında məlumatlar aşağıdakı qaydada öz əksini tapıb:

1). Kürdüstan qəzasında cəmi əhalinin 51431 nəfər olduğu, onlardan 435 nəfərinin şəhərdə (Laçın), 50996 nəfərinin kəndlərdə yaşadığı göstərilir (səh. 3 (41), cədvəl 1. səh. 4. cədvəl II);
2). Kürdüstan qəzası üzrə: milliyətinə görə kürdlər 37182 nəfər, ana dilinə görə kürdlər 3123 nəfər, milliyətinə görə türklər 13745 nəfər, ana dilinə görə türklər 47591 nəfər qeyd edilmişdir (səh. 60. cədvəl X. «население по полу, народности и родному языку по уъездам, отдельным городским населениям и дайра-округ» bölməsi. səh. 71. cədvəl X);

• Yuxarıdakı rəqəmlərin müqayisəsindən birinci o nəticə çıxır ki, ana dilinə görə əhalinin 47591 nəfəri (92,5%) türkdür (azərbaycanlı), yəni türkcə danışır. Ana dilinə görə əhalinin 3123 nəfəri (6,1%) kürddür, yəni kürdcə danışır.
Dil milli mənsubiyyətin birinci və əsas şərtidir. Böyük rus pedaqoqu Uşinski yazır ki,
insan hansı dildə düşünürsə, bu onun ana dilidir;
• İkincisi, belə görünür ki, 34059 nəfər (37182-3123=34059) kürd ana dilini itirərək assimliasiyaya uğrayaraq “türkləşmiş”lər. Qəribə nəticədir…Bu hansı şəraitdə baş verib? Kürdlər belə çoxluqla necə olub ki, “assimliasiya” olublar? 37059 nəfər kürd 13745 nəfər türkün arasında necə assimliasiya ola bilərdi? Bəs qalan bu 3123 nəfər kürd assimliasiyadan kənarda necə qalıb?
• Üçüncüsü, əsl kürdlər elə 3123 nəfər olub və indi də öz ana dillərini unutmayaraq, qoruyub saxlayıblar. Faruq Sumər yazır: “Bir qövmün bir yerdəki siyasi hakimiyyəti nə qədər uzun sürürsə sürsün və o yerdəki yerli xalqın mədəni səviyyəsi nə qədər aşağı olursa olsun, əgər qövm lazımi qədər əhali çoxluğuna malik deyilsə, başda dili olmaq üzrə milli mədəniyyətinin o yerdə hakim mövqeyə yüksəlməsi mümkün deyil”. Bu tezisə əsasən deyə bilərik ki, bu ərazilərdə həmişə türkdilli (türk, azərbaycanlı) əhali çoxluq, kürddilli (kürd) əhali isə azlıq təşkil edib. Çünki burada kürdlər çox olsaydılar əhali kürdləşmiş olardı. Bu isə əks mənzərəni göstərir…

(Ardı var)

Redaksiyadan: Məntiqli bir versiyadır və yaşlı adamlar bunu yaxşı xatırlayırlar. «Azərbaycanda sovetlərin qurulmasıyla, guya azsaylı xalqlara diqqətin göstərilməsi önəmə çəkilir, dağlarda yaşayan kürdlərə təsərrüfat yardımları etməyə “çalışılır”.

Öncədən seçilmiş kürdlərə, plan əsasında, 2 baş inək, 10 baş qoyunla, 1 atla geri döndüyünü görən qonşular onlardan bunları necə əldə etdikləri ilə ilgilənir. Bəlli olur ki, kim özünü kürd hesab edirsə, ”mən kürdəm” deyirsə, onlara bu sayda mal-qara “bağışlanır”. Belə bir durumu görən, bir kəlmə kürd dilindən anlayışı olmayan qonşular, beləcə, yardım almaq üçün kütləvi şəkildə özlərini kürd yazdırmağa başlayır. Məqsəd isə, sovetlərin adının tez-tez hallandırdığı “Qırmızı Kürdüstan”ı yaratmaq idi. Bunu yaratmaq üçün bəlli say olmalıydı. Nə qədər süni artım “yaratsalar” da, bu məsələ sonda öz çözümünü tapmır (İlqar Türkoğlunun facebook paylaşımı).

Mənbə fedai.az
Xudaferin.eu

13:53