Novruz Məmmədov Qarabağ münaqişəsinin tarixini niyə təhrif edir?

 

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi və administrasiyanın eyni adlı şöbəsinin müdiri Novruz Məmmədovun bu fikirlərinin üzərindən sükutla keçmək mümkün deyil: “Bu gün dünyada mövcud olan münaqişələr kiçik dövlətlərin fəaliyyətinin nəticəsi deyil, xüsusən Qərb dövlətlərinin apardıqları siyasətin nəticəsidir”. Prezidentin köməkçisi, Qərbin Qarabağ münaqişəsinə ədalətli yanaşmadığını və münaqişəni zamanında ədalətli həll etmədiyini də vurğulayıb.
 

Yüksək vəzifəli administrasiya nümayəndəsinin belə bir yanlış fikir ifadə etməsinə inanmaq çox çətindir. Bu fikirlər doğrudan da ona məxsusdursa, deməli ölkəmiz adına dərin təəssüf hissi ilə ciddi narahatlıq keçirməyə əsaslar var. Doğrudanmı dövlətimizin xarici siyasətinə məsul şəxslərdən biri hələ də Qarabağ münaqişəsinin yaradıcısının kim olduğunu bilmir? Əgər bilmirsə, diplomatiyamızın Ermənistan qarşısında niyə heç bir uğura nail olmamasının səbəbləri aydındır. Bilirsə, o zaman bu yanlış fikirlərlə kimə və hansı mesajı vermək zərurəti yaranıb? Dünyanın və ölkəmizin bütün yetkin vətəndaşlarının bildiyi acı gerçəkləri dövlət rəsmisinin bu şəkildə, həm də ölkəmizin milli maraqlarının ziddinə təhrif etməsinə səbəb nə ola bilər?

Bu suallara cavablar axtarmağa hələlik vaxt sərf etməyəcəm. Hər bir yetkin oxucunun hansı qənaətə gəlməsini onların öz ixtiyarına buraxaq. Qarabağ münaqişəsinin yaradıcısının kimliyini xatırlatmaq üçün çağdaş tariximizə ötəri nəzər salaq.

Məhz 1988-ci ildən etibarən Qarabağ münaqişəsinin yaradıcısı, qızışdıranı və idarə edəni keçmiş SSRİ rəhbərliyi və sonradan isə onun varisi olan Rusiya idi. Heç uzağa getməyək, 1988-ci ildə Ermənistandan azərbaycan türklərinin kütləvi deportasiyasına göz yuman rəsmi Moskva, erməniləri Azərbaycanda bütün vasitələrlə müdafiə edirdi.

Erməni əhalisini və yaraqlılarını öz hüquqi çətiri altında təhlükəsiz gücləndirmək məqsədilə 1989-cu il yanvarın 12-də DQMV ərazisində A.Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi (XİK) təşkil edildi və Azərbaycanın bütün dövlət və ictimai orqanlarının DQMV-dəki səlahiyyətləri dayandırıldı.

A.Volskinin XİK-i fəaliyyətə başladığı andan Qarabağın itirilməsinin təməli atıldı. DQMV-nin 55 yaşayış məntəqəsindən azərbaycanlıların silahları yığıldı. Laçın-Gorus yolu ilə Ermənistandan gətirilən silahlar isə ermənilərə paylandı. Qısa zaman ərzində təkcə Xankəndi (Stepanakert) şəhərindən 12 min azərbaycanlı qovuldu, 3 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirliklərinin və idarələrinin tabeliyinə verildi. Bu, SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə həyata keçirilirdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bayrağı, gerbi, blankı və digər rəmzləri ləğv edildi. DQMV-nin ərazisində Ermənistanın bayrağı və gerbi qaldırıldı. DQMV-nin Ermənistanla birləşməsinə həsr edilmiş «Artsax» medalı meydana çıxdı. 1989-cu il iyunun 13-dən azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı.

SSRİ rəsmən dağıldıqdan sonra isə Volski Xüsusi Komitəsinin davamçıları məhz Rusiyanın 366-cı alayının birbaşa iştirakı ilə Xocalıda dinc insanlara qarşı əsrin ən amansız soyqırımınını törətdilər. Xalqımıza əsrlər boyu unudulmayacaq sağalmaz yara vuruldu. Məgər bu tarixi faciələri bizə yaşadan Qərb idi? O zaman burada nəinki qərbin özü, heç ən kiçik izi belə yox idi.

Psixi sağlamlığı yerində olan on minlərlə Qarabağ döyüşçüsünün hər biri 20 faiz ərazilərimizin işğal edilməsində birbaşa Rusiyanın iştirakının canlı şahidləridirlər və bu faktı təsdiq edə bilərlər. Atəşkəs dövründə də Ermənistan ordusunu müasir silahlarla daim təhciz edən, işğalda olan ərazilərimizə ərəb ölkələrindən gətirilən insanları məskunlaşdıran və ölkəmizə aşağılayıcı münasibət sərgiləməkdən çəkinməyən rəsmi Rusiya deyilmi?

ABŞ və Avropa dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən onlarla bəyanatına bilərəkdən göz yuman Azərbaycan rəsmilərinin, hələ üstəlik münaqişənin yaradıcısı kimi Qərbi göstərməsini anlamaq mümkün deyil. Rusiyanın gündəmə gətirdiyi 5 rayonun işğaldan azad edilməsi təklifi, hansı məntiqlə ABŞ-ın 7 rayonun işğaldan azad edilməsi təklifindən cəlbedici ola bilər?

Azərbaycan rəsmisinin bu mövqeyi son günlər SSRİ-nin bərpası xülyasını hər fürsətdə ifadə edən Rusiya millətçilərindən ibarət “İzborskiy Klub” üzvlərinin fikirləri ilə tam üst-üstə düşür. Onlar da Qarabağ münaqişəsinin yaradılmasını əsasən Qərbə bağlamaqla SSRİ-ni təmizə çıxarmaq istəyirlər. Azərbaycan cəmiyyətinin bütün nüfuzlu və məsuliyyətli nümayəndələri ölkəmizi yenidən qaranlığa sürükləyən təşəbbüslərə vaxtında və sərt reaksiya verməlidir. Ölkəmizdə dövlət maraqlarının korporativ maraqlara qurban verilməsi halları gələcəkdə daha böyük faciələrə səbəb ola bilər.

Nəsimi Məmmədli

 

12:28