Mənzil məsələsi və Azərbaycansayağı Ev-2

 

KİV əməkdaşlarına mənzillərin paylanması ilə bağlı ikinci epopeya birincidən daha biabırçı ola bilər. Hər halda, bu siyasi kampaniyanın ifşa edilməsi üzrə təcrübə artıq vardır, aldadılmış və buna görə də qəzəblənmiş jurnalistlərin sayı isə iki dəfə artıb.

Tənqidçilər əzab-əziyyətlə tərtib edilmiş və elan edilmiş "qaliblər siyahısı"nı diqqətlə öyrənir. Maraqlı və ümumiyyətlə, siyahıya necə düşdüyü aydın olan şəxslər müəyyənləşdirilir. Bir neçə "azad jurnalist", yəni KİV redaksiyalarının tərkibində olmayanlar aşkar edilib ki, bu da pulsuz mənzil almaq üçün namizədlərin seçilməsi qaydalarına ziddir. Siyahıda sirli vəzifələr tapılıb: məsələn, "Azərbaycan" nəşriyyatının əməkdaşı. Hali olanlar yazırlar ki, bu sözlərin arxasında nəşriyyatın "jurnalist" peşəsinə aidiyyatı olmayan inzibati işçisi gizlənir. Bundan başqa, mifik qəzetin mifik müxbiri üzə çıxarılıb və məlum olub ki, bu, mənzil almağa namizəd olan jurnalistlərdən sənədləri qəbul edən məmurdur. İctimai xadim Üzeyir Cəvərov dəyərli siyahıya aid olan bütün hər şeydə inanılmaz saxtakarlığın olmasından təəssüfləndiyini bildirib. Aldadılanların hamısı bunu açıq şəkildə deməyir, amma onlardan bəziləri susa bilmir və onlardan sənədləri necə qəbul edildiyi, onlara nə deyildiyi və nə üçün faktiki olaraq evsiz ola-ola bu cür ağır əmlak statusunda qaldıqları haqda danışırlar. KİV-ə Dəstək Dövlət Fondunun elan etdiyi meyarlara nə qədər də cavab verdiyini, amma ona mənzil verilmədiyini göstərmək üçün Zeynəb Kazımova özünün tərcümeyi-halını dərc edib.

Xaricdə Azərbaycan mənzil bazarını diqqətlə izləyirlər. RİA "Novosti"-nin Moskva rəhbərliyi Bakıdakı ofisindən dəfələrlə mənzil alanların tam siyahısını dərc etməyi tələb edib. Moskvada bu siyahının nə üçün uzun müddət elan olunmadığını anlaya bilmirdilər.

Bizim mühacir jurnalistlərimizin müqayisə aparmağa imkanı var. Bir vaxtlar son dərəcə populyar olan "Çeşmə" yumoristik nəşrin yaradıcılarından biri olan Malik Bayramov Almaniyada yaşayır. Yazır ki, Hitler hakimiyyəti illərində orada da jurnalistlərə dövlət pulsuz mənzil hədiyyə edirdi. İndi ölkədə belə bir şey mümkün deyil.

Rövşən Əliyev Böyük Britaniya BBC-nin təcrübəsi ilə bölüşür. Ümumdünya yayım korporasiyasının əməkdaşları maddi cəhətdən o dərəcədə təmin olunub ki, özləri mənzil və hətta ev alırlar. Onların arasında ən çox qazanan ildə 2 mln. 200 min funt sterlinq məvacib alan aparıcı Kris Evansdır. Britaniyalı jurnalistlər ölkə rəhbərliyinə elliklə "sağ olun" yazmırlar, çünki yüksək əmək haqqını bilavasitə Böyük Britaniyanın BBC-nin verilişlərinə baxan vətəndaşlarından alırlar. Britaniyalı jurnalistlər bilirlər ki, hakimiyyətə yaltaqlığa görə öz hörmətini, tamaşaçı marağını itirərlər, onların verilişlərinə baxan olmaz, deməli, telekanal reklamdan, əlavə gəlirlərdən məhrum olar. Britaniyalı jurnalistləri birbaşa xalq saxlayır, deməli, peşə vərdişlərini təkmilləşdirmək və elə işləmək lazımdır ki, kraliça və baş nazirin yox, xalqın xoşuna gəlsin.

Azərbaycanda isə gerçəklik tamam başqadır. KİV üzrə yoldaşını necə ötüb-keçməli? Peşəkarlıq sayəsindəmi? Sayt, qəzet və telekanalların rəhbərlərinə bu heç də lazım deyil, bəzilərinin jurnalistikaya ümumiyyətlə aidiyyatı belə yoxdur.

Bəzən iş rüsvayçılığa gəlib çatır. Dövlət başçısının diqqətindən kənarda qalanlar bildirirlər ki, təməli srağagün şəxsən İlham Əliyev tərəfindən qoyulmuş üçüncü binada mənzil almaq üçün onlar məmurlara etibar etməyərək sənədlərini yalnız prezidentin özünə göndərəcəklər. Space-TV-nin teleaparıcısı Elvin Baskallı KİV-ə Dəstək Fondunun fəaliyyətini nəzərdən keçirmək çağırışı ilə prezidentə müraciət edib: onun fikrincə, fond qərəzlə jurnalistlər və əlbəttə, xalqın ehtiyacları xüsusunda narahat olan və qayğı göstərən prezident arasında nifaq salır. Elvin Baskallı prezidentə çağırışında səmimi-qəldən yazır ki, şəxsən ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılmış telekanalda işlədiyinə baxmayaraq, ona mənzil verilməyib.

Üçüncü bina Bakıya yaxın yerdə tikiləcək, odur ki, təsəvvür edirəm, üçüncü dəfə ehtiraslar necə qızışacaq. Biz belə bir şeyi hələ görməmişdik...

Jurnalistlər ermənilər tərəfindən öldürülmüş Zəhranı, həbsxanada əziyyət çəkən həmkarlarını hamılıqla unudublar. Bakıda mal əti 14 manata, qoyun əti 15 manata satılır, benzin bahalaşıb, azərbaycanlılar arasında intihar halları artıb - bu, başı başqa işlərə qatılmış jurnalistlərin heç yadına belə düşmür. İndi prezidentə FB-də dərc olunmuş təşəkkürlərdən sonra onlar həmin evdə aldıqları mənzil və mərtəbələrin nömrələri ilə öyünməyə başlayıblar. Təbii ki, prezident İlham Əliyev yenə də "jurnalistlərin dostu" elan edilib. Həbibə Abdulla əsəbi halda hamıya elan edib: iyulun 22-də məni Jurnalist Günü münasibətilə təbrik edəcək hər kəsi dostlarımın siyahısından siləcəyəm!

"Turan"ın dünənki nömrəsində çıxmış yazı ("Pulsuz mənzil ancaq tələdə olur") cəmiyyətimiz üçün səciyəvi olan karikatura ilə aydınlaşdırılıb. "İki gündür ki, sosial şəbəkələrdə pulsuz mənzili qəbul edən jurnalistləri qəzəblə biabır edirlər. Bu dahi karikatura bütün cəmiyyətimizin ən yaxşı təsviridir. Bəs digərləri - bizim yazarlar və ya alim, müğənni, biznesmenlərimiz - məgər bundan yaxşıdır?

Bəs ölkədəki özbaşınalığa hər gün göz yumanlar, müəllimlərə uşaqlarının oxumaması üçün rüşvət verənlər, "hakimiyyət başında duranlara mədhiyyə oxuyanlar bunlardan yaxşıdırmı? Gəlin etiraf edək ki, hamımız böyük bir... düşmüşük və bizim üçün belə rahatdır. Axı orada dözülməz iy olsa da, yerimiz istidir...", - deyə siyasi mühacir Arif Məmmədov ağrıları ilə paylaşır. Həqiqətən, nə yapışmısınız bədbəxt KİV işçilərindən? Azərbaycanda elə hamı bu cürdür, heç kim nə yaxşıdır, nə də pis. Hamı necə, jurnalistlər də elə...

Muxalifet.az

09:24