Mikayıl Cabbarova sərt təpki: “Bu, Azərbaycanın milli ideallarına sayğısızlıq və milləti fəlakətə aparmaqdır”

 

Mehriban Vəzir: “Nə qədər çabalasalar da, Azərbaycanın gələcəyi rus dili ilə bağlı deyil”

Sabir Rüstəmxanlı: “Təhsil nazirimiz və başda oturanlar bu siyasəti bizə izah etsinlər”

“Rus dili ana ilə balanın ünsiyyətinə soxulur”

Təhsil naziri Mikayıl Cabbarov “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzalayıb. Əmrdə bildirilir ki, ölkənin 50 ümumi təhsil müəssisəsində rus dili tədris ediləcək. Əmrdə “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi, həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsini təmin edilməsi nəzərdə tutulub.

Əmrə əsasən, 2017-2018-ci dərs ilində Bakı şəhərinin 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli tam orta məktəblər, 20 nömrəli məktəb-lisey və 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhər 11 nömrəli, Şirvan şəhər 3 nömrəli, Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli, Şəki şəhər 5 nömrəli, Şamaxı şəhər 6 nömrəli, İsmayıllı rayonu Talıstan kənd, Zaqatala rayonu Əli Bayramlı kənd, Tovuz rayonu Ağbulaq kənd, Quba rayonu Əliməmmədoba kənd, Qusar rayonu Ləcət kənd, Masallı şəhər 2 nömrəli, Lənkəran rayonu Havzava kənd, Saatlı rayonu Məmmədabad kənd tam orta məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdiriləcək.

Maraqlıdır, Azərbaycanda daha 50 məktəbdə rus dilinin tədrisinə ehtiyac var idi?

Bu qərarın arxasında Kremlin maraqlarının gizləndiyi bəllidir. Çünki Azərbaycanda rus dilinin genişləndirilməsi ancaq Rusiyaya xoş getmək niyyəti daşıyır. Azərbaycan məktəblərində rus dili fənni kifayət qədər tədris olunduğu halda, rus dilinin daha da stimullaşdırılması kimə lazımdır ki?! Azərbaycanlı zabitlərin Rusiyada təhsil almağa göndərilməsinin ardınca bu qərarın verilməsi hər sahədə Rusiyameylli siyasətin həyata keçirildiyini aydın göstərir. Dil bilmək insan üçün müsbət bir hal kimi dəyərləndirilsə də, rus dilinin bu dərəcədə genişləndirilməsi cəmiyyətimiz, ölkəmiz üçün yaxşı nəsə vəd etmir.

“Qərarın arxasında Azərbaycanın maraqları dayanmır”

 

Bu və digər sualları cavablandıran yazıçı-publisist Mehriban Vəzir Hurriyyet.org-a bildirdi ki, təhsil nazirinin bu qərarının arxasında Azərbaycanın maraqları dayanmır: “Çünki Azərbaycan müstəqil dövlətdir və dünyaya, xüsusilə Avropaya inteqarsiya etməyə cəhd göstərir və cəhd göstərməlidir. Bu gün dünyanın dili ingilis dilidir. Azərbaycanda da ingilis dili çox inkişaf edib. Sadəcə Rusiya öz ərazilərini itirməkdədir. İmperiya çökdükdən bəri demək olar çabalayır. Yenə rus dilində bu imperiyanı qorumaq, yəni köhnə inteqrasiyanı saxlamaq üçün Rusiya əlindən gələni edir”.

“Bu, Kremlin təzyiqdir və Azərbaycan üçün düzgün hədəf deyil”

 

“Əlbəttə, rus dili böyük, zəngin dildir. Dünya ədəbiyyatının roman dilidir. Amma bu rus imperiyasının mürtəce xarakteri, antidemokratik olması, işğalçı və ekspansionist quruluşu artıq bu dili Azərbaycan üçün cazibədar etmir. Azərbaycan üçün daha cazibəli dil ingilis dilidir. Ona görə, hansı kurallara tabe olaraq bu qərar verildiyini bimirəm, amma müşahidlər göstərir ki, bu, Kremlin təzyiqdir və Azərbaycan üçün düzgün hədəf deyil”, - deyə yazıçı-publisist vurğuladı.

 

“Rus dili evin içinə soxulursa, artıq bu ekspansionizim alətidir, xarici dil deyil”

 

M.Vəzir qeyd etdi ki, rus dilini bilmək çox yaxşıdır, amma ingilis dili daha vacibdir: “Bu gün üçün də rus dili çox lazımlıdır. Amma perspektiv ingilis dilinindir. Bir də rus dili bizim topluma xarici dil kimi girmir, özünü xarici dil kimi aparmır, rus siyasətinin zorakılığı, ekspansionist siyasəti ilə evlərimizə, ürəklərə, hətta ana ilə balanın ünsiyyətinə, tədrisə soxulur. Bunlar çox təhlükəli şeylərdir. Rus dilini Azərbaycan insanı ingilis, fransız, alman dili kimi öyrənmir. Bu dil ənənlərimizə soxulur. Yəni rus dili evin içinə soxulursa, artıq bu ekspansionizim alətidir, xarici dil deyil. Bu, son dərəcə təhlükəli bir şeydir və müstəqiliyimizə ciddi bir zərəbədir”.

“Rus dili cəmiyyətdə ikitirəlik yaradır”

M.Vəzir təəssüflə dedi ki, rus dili Azərbaycanda bir xarici dil kimi öyrənilmir: “Müxtəlif xarici dillər statusunda cəmiyyətimizə girmir. Rus dilinin Rusiya dövlətindən gələn bir ekspansionist xisləti var. suveren dövlətlər adətən ayıq-sayıq şəkildə öz dövlətlərini bu cür dillərdən qoruyurlar. Xarici dili öyrənirlər, amma evin içində, məktəbdə, dövlət işlərində öz dillərini qoruyub saxlayırlar. Rus dili isə birbaşa bu istiqamətdə zərbə vurur, insanların ruhuna soxulur, cəmiyyətdə ikitirəlik yaradır, rusdillilər ilə azərbaycandillilər arasında nifaq salır. Ona görə də bu çox təhlükəli bir tendensiyadır. Ancaq nə qədər çabalasalar da, Azərbaycanın gələcəyi rus dili ilə bağlı deyil”.

“Dövlətin bu zərbələrə meydan yaratması çox xətalı və yalnış bir şeydir”

M.Vəzir təhsil nazirinin məlum qərarını pislədiyini də qeyd etdi: “Əlbəttə ki, bu qərarı pisləyirəm. Dil öyrənmək lazımdır. Bir daha deyirəm, rus dilinin xisləti bir xarici dil statusunda deyil. Rus dili bizim evlərimizə, mədəniyyətmizə, tarixmizə, təhsilmizə soxulur. Bu mühüm starteji istiqamətlərdə zərbələr vurur. Ona görə dövlətin, bu cür məmurların bu zərbələrə meydan yaratması çox xətalı və yalnış bir şeydir”.

 “Azərbaycanın dövlətçilik və milli maraqları nəzərə alınır, yoxsa yox?!”

Xalq yazıçısı,Vətəndaş Həmrəyliyi Partiyasın (VHP) sədri Sabir Rüstəmxanlı isə xatırlatdı ki, indiyə kimi onsuz da məktəblərin çoxunda rus dili tədris olunurdu: “Mən başa düşmürəm, indi Azərbaycanın mədəniyyətinə, təhsilinə başçılıq edənlər nəyə baxırlar, hara baxırlar və Azərbaycanın dövlətçilik və milli maraqları nəzərə alınır, yoxsa yox?! Azərbaycanın rəsmi dövlət dili Azərbaycan türkcəsidir. İlk növbədə, bu dilin möhkəmləndirilməsi, geniş yayılması, bu dildə kadrların yetişdirilməsi haqqında düşünməliyik. Müqayisə etmək olar, indiyə kimi rus məktəblərini qurtaran və yaxud Azərbaycan məktəblərinin rus bölmələrini qurtaran uşaqlar arasında gedib bir sorğu keçirilsin, tədqiqat aparılsın, bunlar hansı məfkurə, ideal ilə böyüyürlər. Bunlar Azərbaycan dilini kifayət qədər bilmirlər, o məktəblərdə rus dili öyrədilir, Azərbaycan dərslərinin adı var, özü yoxdur, müəllimlər sinifə girir, çıxır. Azərbaycan tarixi, coğrafiyası öyrədilmir. Azərbaycanın mənəvi dünyası, mədəniyyəti kifayət qədər öyrədilmir. Rus məktəblərinin ideyası rus ideyasıdır, Rusiya psixologiyası, Rusiya ədəbiyyatıdır. Bunlar Rusiya vətəndaşı kimi yetişdirilirsə, onda Azərbaycan Respublikası nəyə lazımdır?”

 

“Bizim müstəqilliyimizn nəticəsi bu olacaqdısa, 90-cı ildə o qanlar niyə tökülmüşdü?!”

S. Rüstəmxanlı qeyd etdi ki, rus dilinin məktəblərdə xarici dil kimi öyrədilməsinə qarşı deyil:“Rus dili bir xarici dil kimi məktəblərdə öyrədilsin. Məktəblərdə ingilis və başqa dillər də öyrədilir. İndi dünyanın əsas dili ingilis dilidir. İngilis dili bir yandan genişləndirilir. Olsun, buna bir sözümüz yox. Bir yandan da rus dili ortaya atılıbsa, sabah da bu rus dilini qurtaranlar deyəcəklər ki, bütün işlər rus dilində getsin və rus dilini tədricən Azərbaycanın ikinci dövlət dilinə çevirəcəklər. Onda bizim SSRİ-dən qopmağımızn nə mənası var idi?! Ümumiyyətlə, bu, nə siyasətdir? Belə bir siyasət dünyanın harasında, hansı dövlətdə var? Ermənistanda, qonşu Gürcüstanda belə bir siyasət var? Bəlkə slavyan dilli bir ölkədə, Ukraynada var? Kim nə istəyir onu edə bilməz, axı. Bunun bir məntiqi olmalıdır, xalqa izah edilməlidir. Niyə görə belə olmalıdır? Bununla nə demək istəyirlər? Onsuz da bizim 3 milyona yaxın əhalimiz Rusiyada yaşayır uşaqları ya rus dilində təhsil alır, ya da heç təhsil alımır, orada o insanlar böyüdükcə Bakıya gəlirlər, çoxalırlar, üstəlik burada da rus məktəbləri. Ona görə, Bakının küçələrində Sovet dövründə olduğundan daha çox rusca danışılır, Azərbaycan dili az danışılır. Bizim müstəqilliyimizn nəticəsi bu olacaqdısa, 90-cı ildə o qanlar niyə tökülmüşdü?! O Qarabağ savaşı niyə getdi?! Müstəqillik yolu başlayandan sonra niyə torpaqlarımızı itirdik? Rusiya da Ermənistanı qızışdırıb ortaya saldı. Bu qədər qan, bu qədər torpaq bahasına qazandığımız müstəqilliyi bu gün bu şəkildə məktəblərin əli ilə, təzyiq yolu ilə necə olar, başqa bir millətə qurban versinlər? Təhsil nazirimiz və başda oturanlar, qoy, bu siyasəti bizə izah etsinlər”.

“Biz bu uşaqları Rusiya üçün böyüdürük”

 

“Azərbaycan indi Rusiya ilə münasibətləri qorusun. Amma Rusiya bizdən tələb edə bilməz ki, sən bütün məktəblərdə rus dilini öyrət. Bizdə kifayət qədər rus dilini bilirlər. Onsuz da orta məktblərdə rus fənni keçilir, təzədən bu genişləndirilmiş təhsil nə deməkdir? Bunu başa düşə bilmirəm. Rusiyada neçə Azərbaycan məktəbi var? Azərbaycanda 9 milyon azərbaycanlı var, burada 100-150 min rus var. az qala 80-100 mindən də çox bizim uşaqlarımız rus məktəbində oxuyurlar. Yəni burada olan rusların sayından çox. Rus məktəblərində 30 uşaqdan 2-3 uşaq başqa millətdəndirsə, 26-27-si hamısı azərbaycanlıdır. Başlanğıc və orta təhsilin ana dilində olmaması uşaqların intellekt imkanlarının tam açılmasına imkan vermir, onları daimi yarımçıqlıq kompleksi içində saxlayır. Onu bilə-bilə biz uşaqlarımızı niyə bədbəxt etməliyik? Hökumətdə bütün yazışmalar, ünsiyyət, parlament, qanunlarımız hamısı Azərbaycan dilinə bağlıdırsa, bu uşaqları rus dilində oxuda-oxuda biz bunları niyə bədbəxt edirik? Ya onlar bədbəxt olub Azərbycanda işsiz qalcaqlar, ya da Rusiyaya çıxıb gedəcəklər. Biz bu uşaqları Rusiya üçün böyüdürük”, - deyə xalq yazıçısı vurğuladı.

“Nazirlər ana dilində danışa bimir”

S.Rüstəmxanlı hesab edir ki, təhsil naziri M. Cabbarovun bu qərarı verməsində Rusiyanın təzyiqi yoxdur: “Rusiya belə təzyiq edə bilməz. Sadəcə, içimzdə olan məmurlar kifayətdir. Azərbaycan məmurlarının böyük bir hissəsi Azərbaycan dilində danışa bilmir. Siz təsəvvür edin ki, nazirlər ana dilində danışa bimir. Bunlar öz xaqının tarixini, mədəniyyətini bimirlər. Otaqlarına girirsən, bunların kitabxanalarında Azərbaycan ədəbiyyatından bir nümunə yoxdur, rucsa çıxan 1-2 kitab varsa, oxuyublar, bir dənə azərbaycanca kitab oxumayıblar. Ona görə, bunlar istəyir ki, özlərindən sonra gələnlər də bu cür olsun. Elə bu bədbəxtçilikdir və mili dövlətin böyük fəlakətidir. Milləti millət edən onun dilidir. Dövləti dövlət edən onun dövlət dilidir. Dilimizə bu cür sayğısızlıq varsa, bu, bizim dövlətimizə sayqğısılıqdır. Bu, Azərbaycanın milli ideallarına sayğısızlıq və Azərbaycan millətini fəlakətə aparmaqdır. Bunun başqa adı yoxdur”.

Hurriyyet.org

 

10:09