Lukaşenko: Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır

 

Minskdə Milli Məclisin Sədri Oqtay Əsədovla görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus və Azərbaycan parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilərlər. Bu barədə Milli Məclisin mətbuat xidmətindən verilən məlumatda qeyd edilir.

 

Məlumata görə, Parlamentin öz imkanlarının və üstünlüklərinin olduğunu qeyd edən Aleksandr Lukaşenko görüş zamanı deyib: “Mən parlamentlərin imkanlarını yaxşı bilirəm. Düşünürəm ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verə bilər. Prezident kimi şəxsən mən Belarus parlamenti sədrinin fikirlərinə çox diqqət yetirirəm”.

Belarus dövlətinin başçısı qeyd edib ki, hər iki ölkənin müəyyən etdiyi öz yolu, öz siyasi xətti var:“Ölkələrimiz arasında çox səmimi və yaxşı münasibətlər var. Sözsüz ki, biz dost kimi bir-birimizə etibar edirik”.

Aleksandr Lukaşenko deyib ki, Belarus və Azərbaycan bir çox sahələrdə sıx əməkdaşlıq edirlər. Ölkələrimizin müştərək müəssisələrinin istehsal etdiyi məhsullar digər ölkələrin bazarlarına çıxarılır: “Biz birlikdə iqtisadi sahədə bu siyasəti dəstəkləməkdə davam edəcəyik. Belarus ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq genişlənir, bunu heç kimdən gizlətmirik. Azərbaycana sahədə dəstək verməkdə israrlıyıq. Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır və bununla bağlı qətiyyətli mövqeyini davam etdirəcək”.

TREND İA

09:24