Keçmiş nazir: “Dağlıq Qarabağda separatizm mövcud deyil, anneksiya var”

 

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Amerikanın Səsi" radiosuna müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşünün nəticələrindən danışıb.
 

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün nəicələri mövcud status-kvonun dəyişdirilməsinə yol aça bilərmi?
 

- Təəssüflər olsun ki, indi bu sualın cavabı çox sadədir. O da ondan ibarətdir ki, bu görüş heç bir imkanlara şərait yaratmayıb. Görüşdən sonra həm diplomatik böhran artıb, həm də təmas xəttində hərbi gərginlik artıb.
 

- Siz dediyiniz kimi, yüksək səviyyəli danışıqlardan sonra diplomatik cəbhədə qarşılıqlı ittihamlar artıb, cəbhədə isə hərbçilərin itkisi ilə nəticələnən gərgik müşahidə edilir. Buna səbəb nədir?
 

- Buna səbəb odur ki, Ermənistan öz işğalçı siyasətini davam etdirir. Onun məqsədi odur ki, bu cür provokasiyadan (təxribatdan-red) bir növ xeyir götürsün. İstədikləri xeyir ondan ibarətdir ki, Rusiya birbaşa bu məsələlərə müdaxilə etsin və bu vasitə ilə Azərbaycanın günü-gündən artan müdafiə imkanlarının qarşısını alsın.

- Fikrinizcə, münaqişənin dinc yolla nizamlanması üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri daha nə etməlidir? Bu dövlətlərin özləri arasında diplomatik gərginlik artrmaqda davam etdiyi bir dövrdə vasitəçilik missiyaları nə qədər effektli ola bilər?
 

- Artıq fikir fərqi mövcuddur. Biz onu gördük. Yəni Hoqlandın bəyanatını götürsək və Lavrov təklifləri adlanan modifikasiya (yeni dəyişikliklər olunmuş-red) olunmuş prinsiplər və sair, onu göstərir ki, artıq Rusiya ilə ABŞ arasında konfliktə aid mövqelər uzaqlaşır. Hesab edirəm ki, bu proses davam olunacaq. Çünki iki ölkə arasında olan gərginliyin tendensiyası göstərir ki, bu proses artacaq. Bu şəraitdə təbii ki, ABŞ və Rusiya arasındakı gərginlik hər bir məsələyə təsir göstərəcək.

-Keçmiş xarici işlər naziri kimi münaqişənin nizamlanmasının hazırda müzakirə edilən variantından hansı fərqli yollarını görürsünüz? Tərəflərin sülhə gəlməsi üçün nə edilməlidir?

-İlk növbədə həmsədrlər baxışlarını dəyişməlidir. Çünki, artıq biz görürük ki, orada onların dediyi kimi separatist problemlər, ya da millətlərin öz müqəddaratlını həll etmək prinsipinə aid məsələlər mövcud deyil. Bir növ Ermənistanın hərbi işğalı və torpaqların anneksiyası (bir dövlətə məxsus ərazinin qeyri-qanuni yolla digər dövlətə birləşdirmə-red) siyasəti mövcuddur. Əgər bu, göz qabağında olan faktlar onların (Minsk qrupunun həmsədrləri nəzərdə tutulur-red) təklifinin əsasını təşkil etməsə sülh danışıqlarının effekti və gələcəyi olmayacaq. Çünki görürük ki, Ermənistanla Dağlıq Qarabağdan olan insanların seçki sistemi, siyasi sistemi (Ermənistanın son iki prezidenti Dağlıq Qarabağdandır) birləşib. Bu baxımdan regionda separatizm adında bir problem yoxdur. Əksinə olaraq anneksiya siyasəti var və Ermənistan tərəfindən irredentizm (etnik siyasət alında ərazi iddiası-red) siyasəti mövcuddur. Əgər, bu qəbul olunmasa və təkliflərdə bu faktlar əksini tapmasa sülh prosesinin perspektivini görmürəm.

- Sizcə münaqişənin dinc nizamlanması ilə bağlı hazırki danışıqlar nəticə verməsə hərbi nizamlanma yolu mümkündürmü? Hərbi nizamlanma olarsa münaqişənin əhatə dairəsi nə qədər geniş ola bilər?

- Artıq, konflikt Ermənistan-Azərbaycan arasındadır. Alınan silahlar, hərbi planlar barədə sızan məlumatlar onu göstərir ki, hərbi əməliyyatlar bərpa olunsa, bu iki ölkə arasında olan hərbi əməliyyatlar olacaq. Hesab edirəm ki, Ermənistanın siyasəti və strategiyası ondan ibarətdir ki, bu gərginliyi artırmaqla hərbi əməliyyatların bərpasına nail olmaq istəyir. Bu yolla Rusiyanı bu münaqişəyə cəlb etmək istəyir. Çünki, Rusiya münaqişəyə cəlb olunmasa Ermənistan, onun müdafiə imkanları Azərbaycanın günü-gündən genişlənən müdafiə imkanlarına tab gətirə bilməz. Ermənistanın strategiyası bundan ibarətdir.

Amerikaninsesi.org

09:31