Keçmiş “çekist”in yerin altından çıxardıqları…

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarov Bakı Hərbi Məhkəməsinin keçirdiyi prosesdə Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun on milyonlarla manat büdcə vəsaitini mənimsəməsi, onun ölkədə və xaricdəki mülkləri barədə danışıb.

A.Çovdarov bildirib ki, vaxtilə ölkə rəhbərliyinin tapşırığı əsasında Tağı Əhmədov nəzarətə götürülüb, fəaliyyəti araşdırılıb. Keçmiş "çekist"in dediklərinə görə, T.Əhmədov büdcədən metropolitenə ayrılan milyonlarla manat pulu mənimsəyib. General sabiq metro rəisinin Xarici İşlər Nazirliyində çalışan oğlu Ruslan Əhmədov vasitəsilə on milyonlarla dollar vəsaiti offşor hesablara köçürdüyünü bildirib. Tağı Əhmədov isə məhkəmədə Akif Çovdarovun ondan 3 milyon dollar rüşvət aldığını bildirib və pulunun qaytarılmasını tələb edib.

Maraqlıdır ki, bəzən mediada dərc edilən məlumat əsasında araşdırmalara başlayan, insanları istintaqa cəlb edən hüquq-mühafizə orqanları vəzifəli şəxslər arasında böyük miqdarda rüşvətlə bağlı məhkəmədə səslənənlər barədə hələ də susmağa üstünlük verirlər. Həmçinin T.Əhmədovun on milyonlarla vəsaiti necə qazanması, onun vergi öhdəliyi barədə məlumat verilmir. Halbuki, A.Çovdarov məhkəmədə T.Əhmədovun qanunsuz mənimsəmələri barədə Respublika Prokurorluğunun yüksək vəzifəli şəxsinə məlumat verdiyini bildirib. Dövlət ittihamçısı T. Əhmədov haqda prokurorluqda araşdırma aparılmadığını desə də T.Əhmədov 3 milyon manatı işlədiyi dövrdə yığdığını deyib. Onun bu mülahizəsi isə ekspertləri qane etmir. Ekspertlər Tağı Əhmədovun 44 illik əmək haqqı barədə aşağıdakı araşdırmanı aparıblar.

"1 fevral 1948-ci təvəllüdlü Tağı Əhmədovun dediyi 1970-2014-cü illərdə aldığı 3 milyon manatı 44 ilə "iş staşı"na böləndə hər ilə 6818 manat, hər aya isə 568 manat düşür. Belə çıxır ki, Tağı Əhmədov Bakı Metropolitenində tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi, 1998-2014-cü illərdə, nəhayət, metropoliten rəisi vəzifələrində çalışarkən məhz hər ay 568 manat qazanıb. Ailəli və iki övlad atası olan Tağı Əhmədovun hər ay ailəsinin ehtiyaclarından əlavə ən azı 568 manat qazanması və bu pulları üst-üstə toplayıb, günlərin birində Akif Çovdarova verməsi real görünmür", -ekspertlər qeyd ediblər.

İqtisadçı Rövşən Ağayev Facebook səhifəsində yazır ki, metropolitenin keçmiş rəisi Tağı Əhmədovun keçmiş MTNçilərə 3 milyon manat rüşvət verməsi "tum pulu"dur.

"2007-2013-cü illər T.Əhmədovun ən böyük pul dövriyyəsinə sərəncam verdiyi illərdir. Həmin dövrdə dövlət büdcəsindən metro tikintisinə 1.250 milyard manat, subsidiya kimi təxminən 100 milyon manat ayrılıb - bu orta hesabla ilə 192 milyon manat deməkdir. Amma iş bununla bitmir. Metronun özünün də illik gəlirləri var".

Ekspert yazır ki, Tağı müəllimin dövründə - metroda gediş haqlarının artmadığı vaxtlarda məlumatlı şəxslərdən aldığı bilgi əsasında belə bir təqribi qiymətləndirmə də aparıb.

"Metropolitenin gediş haqlarından, ticarət obyektlərindən topladığı haqlardan və reklam haqlarından gəlirləri 60-70 milyon manatdan az deyil. Yəni, Tağı müəllim 7 il ərzində ən azı 250-260 milyon manata sərəncam verən səlahiyyətli şəxs olub. Dövlət vəsaitləri üzərində effektiv ictimai və rəsmi nəzarəti mexanizmlərinin olmadığı şəraitdə 250 milyondan nə qədər qazanmağın mümkünlyünü təsəvvür etmək belə çətin deyil", - o qeyd edib.

Qanunsuz yollarla qazanılmış bu qədər böyük həcmdə vəsaiti təkcə Tağı Əhmədovun mənimsəməsi mümkün deyil. Çünki büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə məsul olan çoxsaylı nəzarət qurumları var. Əgər Xarici İşlər Nazirliyində vaxtilə "layk" qalmaqalına və digər məqamlara görə təcrübəli diplomatları işdən azad edirdilərsə bəs metropoliten şefinin oğlunun "ofşorlar"da fırlanmasına nəzarət edən qurumlar niyə məsuliyyət daşımır? Baş verənlərlə bağlı araşdırma aparıb ictimaiyyətə onun vəsaitinin talanıb-talanmaması barədə məlumat vermək hökumətin vəzifə səlahiyyətlərinə daxildir.

Bununla yanaşı, general Akif Çovdarovun məhkəmədə dedikləri və medianın çap etdiyi məlumatlarla bağlı hüquq- mühafizə orqanlarından və Xarici İşlər Nazirliyindən şərh almaq hələ mümkün olmayıb.

Turan.az

 

09:33