İranın Nyu-Yorkdakı göydələn əmlakı müsadirə edildi

 

Nyu-Yorkun andlılar məhkəməsi İrana məxsus “göydələn” binanın müsadirə edilməsi barədə qərar çıxarıb. 36 mərtəbəli bu bina Manhetten şəhərinin mərkəzində yerləşir. Bina İran-Amerika “Ələvi” Xeyriyyə Fonduna məxsusdur. Məlumata görə, “Ələvi”nin işi ilə bağlı araşdırma 9 il sürüb.

2009-cu ildə ABŞ-da fəaliyyət göstərən iranmeylli “Ələvi” Fonduna qarşı sanksiya tətbiq olunub. Araşdırma zamanı onların İran tərəfindən idarə edildiyi aşkarlanıb. Fondun "ianə" şəkilində yığdığı maliyyə vəsaiti ABŞ universitetlərinə sərf edilib. ABŞ-ın tanınmış Kolumbiya Universiteti 2007-ci ildə keçmiş prezident Mahmud Əhmədinijata çıxış etmək üçün şərait yaratdığına görə bu fonddan 100 min dollar məbləğində "yardım" alıb.

Bundan başqa, "ələvi"lər Nyu-Cersidəki Ratgers Universitetinə böyük məbləğdə maliyyə vəsaiti ayırıblar. İş o yerə çatıb ki, fonddan yardım alan universitet professorlarından Huşəng Əmirəhmədi fəaliyyətində və bəyanatlarında ABŞ-ın terrorçu kimi tanıdığı “Həmas” və “Hizbullah”ı açıq-aşkar dəstəkləyib. ABŞ dövlət orqanlarının açıqlamalarına görə, hazırda “Ələvi” Fondunun hesabında 650 milyon dollar var. Bu fond 2005-2007-ci illərdə Ratgers Universitetində fars dilinin tədrisi üçün 351 min 600 dollar “ianə” ayırıb. İran üzrə amerikalı mütəxəssis Maykl Rubinin qənaətinə görə, dil öyrənmək adı altında maliyyə ayırmaları əslində İran hakimiyyətini dəstəkləyən universitet professorlarına yardım kimi verilib. Xəbərdə bildirlib ki, bina 500 milyon dollardan 1 milyard dollaradək qiymətə satıla bilər. Həmin məbləğ beynəlxalq terrorçuluğun qurbanlarına xərclənəcək.
Qeyd edək ki, bu bina Məhəmmədrza Pəhləvinin diktatorluğu dönəmində neft gəlirləri hesabına tikilmişdir.

 

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

09:43