İki körpəni yetim qoyan milyonçunun oğluna hakim bərabət verdi

 

Sabunçu rayon məhkəməsinin hakimlərinin verdiyi bu müdhiş qərar ölkədə bütün qanunlara tüpürmək üçün geniş meydan açdı. Guya “milyonçunun oğlunun yaş həddi imkan vermir ki, o törətdiyi cinayətə görə tutuqlansın”

Bakı şəhər prokurorluğundan verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib. Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib. Xatırladaq ki, ilkin məlumatlarda Ağaəli Fərəclinin 14 yaşı olduğu bildirilirdi. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda A. Fərəclinin 16 yaşının olduğu açıqlanıb.

Qeyd edək ki, bu il mayın 3-də naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada, 24 yaşlı Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb. X. Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı Şəhər Kliniki Xəstəxanasında vəfat edib. Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Porsche” markalı, 99-BS-999 dövlət nömrə nişanlı avtomobili idarə edən azyaşlı Ağəli Füzuli oğlu Fərəcli tərəfindən törədilməsi müəyyən edilib.

Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs – F. Fərəcli tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə – azyaşlı oğlu A. Fərəcliyə verdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq edilib.
Beləliklə iki körpə uşağın anasını qəddarlıqla öldürən bu qudurğan milyonçu oğluna məhkəmə dolayı yolla bəraət verib. Məhkəmənin qərarı ilə xuliqanlıq maddəsi ilə qatil milyonçu oğlu pul cəriməsini ödəməklə yaxasını qurtarmış olub. Halbuki həddibuluğa çatmamış qatillər və cinayətkarların tutuqlanması üçün mövcud qanunlar sən demə sadəcə kasıblar üçünmüş. Qanunların hakimlərin “maraq”ları çərçivəsində idarə olunması artıq Azərbaycan gerçəkliyinin yeni təzahürü kimi rəsmi status qazanmağa başladı.

 

Xudaferin.eu 

 

09:34