Hövsanda şəhid adına hörmətsizlik: Abidəsi dağılır, adını daşıyan küçə üfunət iyi verir

 

Paytaxt Bakının Suraxanı rayon Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsində yerləşən binanın sakinləri “Cümhuriyət” qəzetinə şikayət məktubu ünvanlayıblar. Sakinlərin şikayəti yaşadıqları binadakı ağır vəziyyətlə bağlıdır. Əməkdaşımız şikayət məktubu əsasında deyilən ünvanda olub.

Acınacaqlı vəziyyət küçənin girişindən müşahidə olunur. Küçəyə adı verilən şəhid Füzuli Bayramovun abidəsi çox bərbad vəziyyətdədir. O dəqiqə hiss olunur ki, abidə illərdir baxımsızdır. Abidə demək olar ki, dağılmaq üzrədir. Sakinlər deyir ki, əraziyə cavabdeh olan Mənzil İstismar Sahəsinə (MİS)-ə, rayon İcra hakimiyyətinə dəfələrlə müraciət olunsa da heç kim şəhidin abidəsini təmir etmir. Məhəllələrə yaxınlaşdıqda kəskin üfunət iyindən baş çatlayır. Sakinlər deyir ki, hələ havalar soyuq olduğu üçün o, qədər də kəskin iy gəlmir. Yay aylarında ifunət iyindən binalara girmək mümkün olmur. Səbəb isə binaların kanalizasiya xətlərinin bərbad vəziyyətdə olmasıdır. Bina sakini Ələkbər Əliyev deyir ki, artıq uzun illərdir ki, bu binalarda kanalizasiya xətləri işləmir:  “Bütün çirkab suları binanın zirzəmisinə dolur. Müraciətlərə baxmayaraq heç bir aidiyyatı qurum problemi həll etmir. Sadəcə olaraq gəlib baxıb gedirlər. Zirzəmilərin çirkab suları ilə dolu olması haqqında dəfələrlə İcra hakimiyyətinə müraciət etsək də heç kim səsimizə səs vermir”.

Məhəllədə olduğumuz müddətdə diqqətimizi sakinləri köçürülmüş, sökülmüş bina çəkdi. Məhəllə sakinləri deyir ki, bu bina qəzalı vəziyyətdə idi. Bina sakinləri 1 il müddətində davamlı olaraq İcra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etdi. Sakinlər artıq təhlükəli vəziyyətdə yaşayırdılar. Nəhayət ötən ilin sonunda İcra hakimiyyəti hər ev sahibinə 35 min manat ödəməklə sakinləri köçürdülər. Digər binalarda da vəziyyətdə eynidir. Sakinlər qış günlərində evə girməyə qorxduqları üçün çöldə gecələyirlər. Artıq bir il olar ki, bu binanın sakinləri də müvafiq orqanlara müraciət ediblər. Ancaq hələ ki, heç kim sakinlərin köçürülməsi haqqında bir iş görmür. Digər tərəfdən binaları istiliklə təmin edən qazanxana da artıq uzun illərdir ki, işləmir. Qazanxananın işləməmsi qış günlərində sakinlərin işini bir az da çətinləşdirir. Ümumiyyətlə, sakinlərin söhbətlərindən belə başa düşmək olur ki, şəhid Füzulu Bayramovun adını daşıyan bu məhəllə diqqətdən kənarda qalıb. Heç bir qurum sakinlərlə maraqlanmır. Sakinlər taleyin ümidinə buraxılıb.

Vilayət Muxtar

Cumhiriyyet.az

09:23