''Hökümət öz yarıtmaz işinə görə xalqı cəzalandırır''

 

Nazim Bəydəmirli: ''Əhali kasıblaşacaq, iqtisadiyyat zəifləyəcək və tənəzzül davam edəcək''

 

İyulun 14-də Tarif Şurası “Aİ-92” markalı benzinin qiymətini artırdı. Qiymət 1 litr üçün 90 qəpik oldu. Şura qeyd etdi ki, tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı benzinin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 dollardır.

''Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb'', - deyə Şuranın qərarında bildirilir.

İqtisadçı Samir Əliyev 2013-cü ilin dekabrında yanacağın qiymətinin artırılmasını xatırlayır. Deyir, həmin vaxt qərar dünya bazarında neftin qiymətinin kəskin bahalaşmasıyla əsaslandırıldı: ''2013-cü ildən əvvəlki qiymət artımında isə neftin qiyməti 60 dollar idi. Amma dekabrda yanacağın qiyməti artırılanda neftin qiyməti 100 dollardan da çox idi. Yəni həmin zamankı qiymət artımları sırf neftin dünya bazarındakı qiymətilə bağlıydı. İkinci, həmin dövrdə aksiz vergilər artırıldı. Avtomatik olaraq yanacağın da qiyməti bahalaşdı. 2014-cü ilin fevralında Nazirlər Kabineti aksiz vergisinin faiz dərəcəsini 2 ay əvvəlkindən də aşağı səviyyəyə endirdi. Gözləmək olardı ki, Nazirlər Kabinetinin bu qərarından sonra yanacağın qiyməti ucuzlaşacaq. Hətta ekspertlər mediada sual verdilər ki, əgər aksiz vergisinin dərəcəsi azalıbsa, nə üçün yanacağın və digər məhsulların qiyməti ucuzlaşmır? Amma reaksiya olmadı. Səbəb o idi ki, aksiz vergisindən əldə olunan gəlir SOCAR-a gedir''.

İqtisadçı deyir ki, 2015-ci ildə devalvasiya ərəfəsində də yanacağın qiymətinin ucuzlaşması gündəmə gətirildi. Bugün dünya bazarında neftin qiyməti 2013-cü illə müqayisədə 2 dəfədən çox ucuzlaşıb. Bununla paralel neft ixrac edən ölkələrdə də yanacağın qiyməti ucuzlaşır. Amma Azərbaycanda əksinə qərar qəbul olunur. Yanacağın qiyməti artırılır”.

İqttisadçı-alim Nazim Bəydəmirli Tarif Şurasının qərarını şərh etməkdə çətinlik çəkdiyini dedi. Onun sözlərinə görə, 14 iyul qərarından sonra ənənəvi olaraq zəncirvari şəkildə bütün xidmət sektorunda, əhali üçün ən vacib olan qida sektorunda qiymət artımı çox ciddi şəkildə özünü büruzə verəcək: “Ümumilikdə əhali kasıblaşacaq, iqtisadiyyat zəifləyəcək və tənəzzülün davam etməsini görəcəyik. Biz bunu əvvəlki illərdə olan qiymət artımlarında da müşahidə etmişik”.

O, hesab edir ki, əslində, indiki iqtisadi durğunluq zamanı Tarif Şurasının qərarı insanların iqtisadi-sosial durumuna ciddi zərbə olacaq: “Görünür, hökumətin son vaxtlar beynəlxalq maliyyə qurumlarından aldığı böyük həcmdə kreditlər bu qərarı qəbul etməyə təsir göstərib. Çünki bu tipli qurumlardan kreditlər alınanda hökumətin qarşısında kommunal xidmətlərin qiymətləri və vergilərin artırılması məsələsi qoyulur. Güman ki, beynəlxalq qurumların Azərbaycan iqtisadiyyatına etibarı az olduğundan daha etibarlı mənbə kimi əhalidən bu vəsaitin toplanmasını proqnozlaşdırırlar. Başqa bir izah SOCAR-ın idarəçiliyindəki kobud səhvlər və əsassız xərcləmələri qarşılamaq üçün qiymət artımına gedilib. Əslində, yanacağın qiymətini ucuzlaşdırmaq daha məntiqli olardı”.
İqtisadçı Rövşən Ağayev diqqəti Tarif Şurasının qərarındakı “hətta bu qiymət artımından sonra A-92 markalı benzinin qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq” cümləsinə yönəldir. Bunu təskinlik hesab edir: “Problem benzinin qiymətində deyil, A-92 markalı benzinin qiyməti 1.2 manat da ola bilərdi. Əsas məsələ odur ki, bu ölkələrdə insanların yaşayış səviyyəsi, gəlir əldə etmə imkanları mövcud qiymət səviyyəsinə uyğundurmu? Rəsmi açıqlamada adıçəkilən 3 ölkədə - Qazaxıstan, Rusiya və Belorusda orta aylıq əmək haqqı səviyyəsi orta hesabla Azərbaycandan 2-2.5 dəfə yüksəkdir. Əlavə olaraq, bu ölkələrdə məşğul əhalinin orta hesabla 70-80 faizi rəsmi əmək müqaviləsi əsasında bəlli məbləğdə əmək haqqı səviyyəsinə, iş yerlərinə və sosial sığorta imkanına malikdirlər. Azərbaycanda həmin göstərici təxminən 33 faizdir. Adıçəkilən 3 ölkədə orta aylıq əmək haqqına Azərbaycanla müqayisədə azı 2 dəfə çox A-92 markalı benzin almaq olur - ən vacib məqam bax budur”.

Rövşən Ağayev yazır ki, devalvasiyadan sonrakı mərhələdə ölkə iqtisadiyyatı ikirəqəmli inflyasiyadan can qurtara bilmir: “Enerji daşıyıcılarının qiymət artımı ölkədə yüksək inflyasiyadan can qurtarmağa imkan verməyəcək. Belə şəraitdə hökumət sərt pul-kredit siyasəti ilə iqtisadi fəallığın artımından yenə də çəkinəcək. Nəhayət, metropoliten ətrafında son günlər yaranan müzakirələr göstərir ki, dövlət şirkətlərinin problemi aşağı tarifdə deyil, səmərəsiz və şəffaf olmayan xərcələmələrdədir”.

Hüquqşünas Ələsgər Məmmədli isə “Facebook” səhifəsində “İnformasiya əldə etmək haqqında Qanun”un 29-cu maddəsini xatırladıb: “Qanunda bildirilib ki, təbii-inhisarda olan sahədə qiymət artımı 1 ay öncədən elan olunmalıdır. Tarif Şurasının üzvləri də yəqin ki, qanunları oxuyacaq qədər hərfləri tanıyır. 12 Yanvar 2015-ci ildə Tarif Şurası benzinin qiymətini 2 qəpik artırdıqdan qısa müddət sonra bu qərarı ləğv etməli oldu. Əsas kimi də "bu qərar prezident İlham Əliyevin tapşırığına əsasən verilib" - dedi. Yəni prezidentin xəbəri olmadan bu qərar verildiyi etiraf edildi. Daha sonra əlaltı media bunu "hümanist addım" kimi geniş təbliğ etdi. İyulun 14-də Tarif Şurası yenə qeyri-iş zamanı, gecə-gecə xalqın cibinə girərək bu dəfə 2 yox 20 qəpik bizdən yağmalamağa qərar verib. Məntiqlə xalqı 2 qəpik də olsa əlavə xərcə salmaq istəməyən prezident gərək bu dəfə qərarı geri oxutmaqla bərabər, Tarif Şurasının üzvlərini öz işlərindən ayırıb, "gecə xidmətlərinə" yollasın. Çünki bunlar gecə 12-dən sonra xidmətə çox həvəslidirlər”.

Meydan. TV

09:24