Həkimlərin puç etdiyi həyatlar: Azərbaycan xəstəxanalarındakı ölümlərlə bağlı dəhşətli faktlar

 

Statistikaya görə, dünyada hər 20 min xəstədən biri əməliyyat zamanı ölür.

Azərbaycanda da belə hallar kifayət qədərdir və son illərdə artmaqdadır. Bir neçə həftə öncə 22 yaşlı model Leyla Oruclu liposaksiya (piy sovurma) əməliyyatı etdirdi və 2 gün sonra dünyasını dəyişdi. İki gün öncə Ağdaşda 9 yaşlı uşaq sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirildi. Uşağı əməliyyata hazırlayan həkim xəstəyə narkoz verdi və azyaşlı əməliyyata girərkən öldü.
 

“Balamı anastezioloq öldürdü”

Ağdaşdakı hadisənin təfərrüatını öyrənmək üçün mərhumun atası Qoşqar Mehralıyevlə əlaqə saxladıq. 9 yaşlı övladını itirən ata oğlunun ölümündə anastezioloqu ittiham etdi: “Birinci cərrah İdris həkimi tanımışam, sonra narkoz verən həkimi (anastezioloq), Nizaməddini. Mənim balamı Nizaməddin öldürdü. Bilmirəm o, nəşəli olub, kefli olub. Cərrah 4 saat balamı ölü formada saxlayıb. Halbuki uşaq əməliyyat başlayandan 20 dəqiqə sonra ölüb. Nizaməddin ənməliyyatdan 20 dəqiqə sonra çıxdı. Dedi hər şey yaxşıdır və getdi. Sən demə artıq o an mənim balamı öldürüb qaçırmış. Cərrahiyə əməliyyatı başlamamış uşaq ölüb. Balama bıçaq dəyməyib. Hadisə ilə bağlı danışan ata deyir ki. Ötən həftənin 5-ci günü xəstəxanaya gedib, həkimlə danışıb və əməliyyat növbəti həftənin birinci gününə təyin edilib: "Əməliyyatdan qabaq uşağı saat 10-da xəstəxanaya apardım. Saat 4-ə kimi uşaq ac qaldı. Dedi ata, su istəyirəm. Həkim dedi su olar, yemək olmaz. Nizaməddinə dedim bəs bu uşağın kordioqraması və digər analizləri necə olacaq? Dedi, narahat olma hər şey yaxşıdır. Bəlkə də heç bir analiz cavabına baxmayıb. Əməliyyatdan öncə də həkimdən soruşdum ki, nəsə bir risk varmı, dedi hər şey əladır. Həkimləri də tapa bilmirəm. Nəinki İdrislə Nizaməddini, baş həkimi də tapa bilmirəm".

Ata deyir ki, 4-5 saat idi əməliyyat başlamışdı, amma heç kəs oan bir cavab vermirdi: "Axırda qapını qırıb girdim içəri. Belə insafsızlıq olar? Balamı öldürüblər, 5 saatdı meyiti ordadır və mənə demirlər. Hara lazımdır, müraciət edəcəm. Bu işdən əl çəkən deyiləm. Bu gün mənim başıma gələn sabah başqasının başına gələcək. İstəyirəm ki, həkimlər cəzasını alsın”.

Anaoloji hallarla əvvəllər də az qarşılaşmamışıq. Xüsusən də plastik və estetik əməliyyat zamanı ölüm faktı bir-neçə dəfə yaşanıb. Nədir problem? Mütəxəssislərə görə, səbəb əməliyyat öncəsi xəstəyə verilən narkozun - anestezinin miqdarıdır.

Səhiyyə Nazirliyinin baş mütəxəssisi, ölkənin baş cərrahı Hacıqulu Bağırov əməliyyat zamanı baş verən ölüm hadisələri barədə fikirlərini Publika.az-la bölüşüb: “Ola bilər ki, bir insanın hər hansı fon xəstəlikləri olsun. Yaxud anasteziya ilə bağlı problemi olsun. Biz əvvəlcə əsl həqiqəti bilməliyik. "Sağlamlıq haqqında" qanunda var ki, insanlar həkimi və müalicə müəssisəsini seçmək hüququna malikdir. Kimi özəl klinikanı, kimi dövlət xəstəxanasını seçir".

Baş cərrahın sözlərinə görə, bütün dünyada anastezioloqların ümumi bir protokolu var ki, narkozdan minimum 4 saat əvvəl yemək yemək olar: "Təcili xəstələr olanda da yenə də həmin xəstənin mədəsi boşaldılmalı, sonra əməliyyat aparılmalıdır. Bəzən həyat xilasedici əməliyyat olur və hər saniyə qızıl dəyərində olur. Bu zaman həkim minimum vaxtda xəstənin qan qrupunu təyin edir və qan tədarükü görülür. Proses əməliyyat otağında icra olunur. Planlı əməliyyatlarda isə anastezioloji risk mütləq şəkildə dəyərləndirilməlidir. Riskin 5 dərəcəsi var. Tutaq ki, planlı əməliyyat zamanı xəstənin ürəyində problem varsa, onun riskinin dərəcəsi müəyyənləşdirirlir və həyati təhlükə varsa, əməliyyat edilmir”.
 

Ölüm riskini azaltmaq üçün...

Ümumi cərrah Elgün Səmədovun publika.az-a verdiyi açıqlamaya görə, əməliyyat zamanı ölümün səbəbini istənilən halda ekspertiza müəyyən edir: “Ölüm səbəbi adətən qan itirmə, narkozun qeyri-dəqiq dozası, əməliyyat öncəsi xəstənin düzgün qiymətləndirilməməsi və s. olur. Odur ki, ölüm riskini azaltmaq üçün xəstəyə çoxşaxəli yanaşmalıyıq. Bu iş anestozoloq və cərrah tərəfindən görülməlidir. Məsələn, xəstənin ürək sıxıntıları varsa, əvvəlcə ona kardioloq baxmalıdır. Yaxud şəkəri varsa və ya hansısa narahatçılığı varsa, müvafiq həkim əməliyyatdan öncə ona yardım etməlidir. Planlı əməliyyatlarda bu cür risklər olanda əməliyyat təxirə salınır. Təcili əməliyyatlarda isə vaxt məhdudiyyəti olduğundan bu riskləri alıb əməliyyata girirsən. Əməliyyat zamanı narkozu verən həkimlə (anestezoloq) əməliyyatı aparan həkim (cərrah) əməliyyat boyu xəstənin yanında olmalıdır".

Səmədov həkim seçərkən diqqət olunacaq məqamları isə belə izah edib: “Azərbaycanda həkimi 3 cür seçirlər. Birincisi, qohum-tanışın məsləhət bildiyi həkim, ikincisi xəstəxananı seçib orada hər hansı bir həkimi seçirlər, üçüncüsü də sosial şəbəkələr vasitəsilə. Üçüncü hal adətən xarici görünüşlə bağlı edilən əməliyyatlara aiddir. Yəni baxırlar ki, bu qızın şəkildə burnu yaxşıdır və onun getdiyi həkimin yanına gedirlər. Amma ən yaxşısı daha öncə qohum-tanışında əməliyyat olunmuş və xeyrini görmüş həkimi seçməkdir”.

Plastik rekonstruktiv və estetik cərrah Tale Qasımov bu cür məsələlərdə başlıca olaraq əhali arasında maarifləndirmənin az olduğunu deyir: “Bütün növ əməliyyatlarda proses öncəsi xəstənin analizləri aparılır və riskləri qeyd olunur. Xəstənin özü də buna imza atır. Azərbaycan reallığı budur ki, bir çox həkim özünü sosial şəbəkələrdə reklam edir və xəstələr də onun yanına gedirlər. Fikirləşirlər ki, filan klinikada işləyirsə, deməli yaxşı həkimdir. Xəstə gedəndə həkimdən diplom tələb etmir. Ona görə də hər bir sahənin öz peşəkarı bu işlə məşğul olmalıdır. Stomatoloq gəlib cərrahiyə əməliyyatı apara bilməz axı”.

T. Qasımov bütün hallarda anestezoloqu günahlandırmağı doğru hesab etmir: "Çünki o da xəstəni müayinəyə göndərir və digər həkimlərin rəylərinə istinad edir. Nəticələrə uyğun olaraq iynə vurur, narkozun miqdarını müəyyənləşdirir. Xəstəxanalarda işləyən bütün həkimlərin sertifikasiyadan keçib-keçmədiyinə nəzarət olunamlıdır. Hərə öz ixtisası üzrə işləyirmi? Xəstə ölən kimi hamı həkimi günahlandırır. Ona görə əməliyyatdan öncə həkimi əvvəlca araşdırmaq lazımdır. Cərrah anestezoloqun verdiyi rəyə əsasən, əməliyyat aparır. Bu cür hallarda hər iki həkim də məsuliyyət daşımalıdır. İstənilən halda anestezoloqun verdiyi doza yoxlanılmalıdır.

Anastezioloq: “Narkozu çox versən, xəstə ölmür, sadəcə çox yatır”
 

Anastezioloq doktor Oktay Şamilov isə publika.az-a açıqlamasında əməliyyat zamanı baş verən ölümlərdə anastezioloqların bəzən səbəbsiz yerə günahlandırıldığını deyir: “Xəstənin narkozun dərəcəsinin çox verilməsi səbəbindən öldüyünü iddia etmək gülüncdür. Narkozu çox versən, xəstə ölmür, sadəcə çox yatır. Burada başqa səbəblər var. Ola bilər qanaxma olub və s.".
 

Amin Nəzərli
Publika.az

 

13:14