Doğma yurduna getməyin nəyi qəbahətdir?

Buxarlı şüşəyə yurdunun adını yazanların kədərli hekayəti

Avtobusların bağlı pəncərəsinin buxarlı (buğlu) şüşəsinin üzərinə “ŞUŞA” yazan şuşalı uşaqlar vardı, Şuşa üzü görməmişdilər, böyüklərindən eşitmişdilər ki, Yer üzündə, dağların başında belə bir şəhər var. Onlar bir gün o şəhəri necəsə görəcəklərini xəyal edirdilər və “qurtardı, biz bir də Şuşa üzü görməyəcəyik” deyənlərə acıqları tuturdu. Elə ona görə də harasa “Şuşa” yaza bilirdilərsə, yazırdılar – yadlarından çıxmasın deyə, hamı ölkənin Şuşa adl şəhərinin olduğunu bilsin deyə.

32.jpg (48 KB)

Oğluna, nəvəsinə Laçın adı qoyan laçınlılar vardı, televiziyada Məhəbbət Kazımovun “Laçınım” mahnısına kövrələ-kövrələ qulaq asır, köks ötürür, arada dözmür, səssiz-səssiz ağlayır, əllərinin dalıyla gözlərinin bulağını silirdilər. Laçınlı şair Şərahil Laçının yana-yana yazdığı “Bəylərin obası bayquşa qaldı, çiçəyi pərişan, gülü pərişan” misrasının möhnətini ürəklərində gəzdirir, el-obanın xeyir-şər məclislərində həmişə Laçından danışırdılar.

Kəlbəcərli söz ustadı Sücayət bir dəfə, ürəyinə dammış kimi, “Bəlkə qayıtmadım, görmədim sizi, çəmənlər, əlvida, çöllər, əlvida” yazmışdı, günü keçmiş, günəşi qüruba əyilmiş dərdli eloğlularının, əli Kəlbəcərdən üzülmüş “əmoğlu”larının qəm-qüssəsinin tərcümanı olmuşdu. Kəlbəcərə nə Sücayət qayıtdı, nə də onun ahıl “əmoğluları”, Qayıtmadılar, görmədilər, “Kəlbəcər” deyə-deyə, üzləri ölkənin qərbinə baxa-baxa nakam ayrıldılar dünyadan.

mqdefault.jpg (7 KB)

Muğam ustası Ağabala Abdullayevin gənc ikən vəfat etmiş bəstəkar oğlu Zöhrabın bəstələdiyi “Vətənim Füzuli” mahnısının sədalarına, Füzuli adı qoyduğu oğullarını qaldırıb oynadan adamlar vardı. Sonra da oturub bir saat yerli musiqiçilərin hüzr məclisinə döndərdikləri toyda torpaq, yurd həsrətindən bəhs edən müğənnilərin ifasında “Zabul-Segah” üstündə oxunan muğam parçalarına qulaq asırdılar. İşğaldan azad olunmuş kənd-kəsəyinə “qanunsuz daxil olduğu”na görə dünən həbs olunan Manaf Ağayev camaatının toyunda hər dəfə bir saat “Füzuli” deyə zarıyır, ağı deyir, arada Ağabala kişinin müğənni oğlu, öz ustadı Nizami Abdullayevin məşhur “Təbrizim” mahnısını sözləriini dəyişərək “Gəl, boyuna qurban, ay Vətən oğlu” kimi oxuduğu mahnını oxuyurdu. Bir dəfə onlar – Nizami və Manaf bir toyda qabaq-qabağa durub baş-başa verdilər, mikrofonlarını da aşağı salıb elə oxudular ki, toyun qonaqlarını da ağlatdılar.

154506_qfke1xh1v2.jpg (67 KB)

Didərgin düşəndən sonra yaşadıqları şəhər və qəsəbələrdə “Ağdam” məhəlləsi salan, iki sözlərindən biri Ağdam olan ağdamlılar vardı, “Ə, belə qalmıyajağ e, qaqa, sən öl, bir gün erməninin anasını ağladajıyıx” deyə bir-birinə təskinlik verən, düşmənə nifrətlərini bir saat belə öləzitməyən gənclər vardı, bir gün işğalçının dərsini verəcəklərinə, onları gəldikləri yerə qədər qovacaqlarına inanırdılar, sonra ellikcə yığılıb “Qarabağ”ın oyununa baxmağa gedirdilər, səsləri batana qədər “Qa-ra-bağ” deyə qışqırırdılar. Bir çoxu heç bilmirdi futbol nədir, oynayan komandalar hansılardır, onlar eləcə “Qa-ra-bağ” hayqırmağa gedirdilər.

56.jpg (9 KB)

Cəbraıyıllılar vardı, İmişlidə, Biləsivarda, Beyləqanda əvvəlcə çadır şəhərciklərində, sonra çiy kərpicdən tikdikləri düşərgələrdə, daha sonra səliqə ilə salınmış abad qəsəbələrdə yaşaya-yaşaya, özləri demişkən, gün keçirə-keçirə, doğma Cəbreyilə qayıdacaqları günü gözləyirdilər. Bir xeylisi Cəbrayılın işğaldan azad olunduğu günü görmədi, “dəən, day o torpaqları görmüyəjiyik” deyə dünyadan nigaran getdilər.

Sumqayıtda yaşayan qubadlılılar vardı, şəhərə toplaşmış Qubadlı camaatının çoxluğuna görə zarafat edənlərə qoşulur, özləri də deyirdilər, Qubadlının kəndləri işğal olunsa da, şükür ki, paytaxtı – Sumqayıt bizdədir.

Zəngilanlılar ölkənin 40 rayonuna səpələnmişdilər, yeni-yeni Zəngilan, Mincivan məhəllələri salmışdlar, ölkənin cənib-qərb qurtaracağındakı elata qayıdacaqları günü sayırdılar.

33.jpg (12 KB)

Xocalı camaatının halı 30 ildir hal deyil, hər ilin bu vaxtı yaralarının közü qopur, bütün milləti yasa boğur. “Can deməklə candan can əskik olmaz, məhəbbət artırar, mehriban eylər” deyərlər, amma hər ilin fevralında millət xocalılılara “can” deyir və düşmənə nifrəti artır.

Taleyin ironiyasına baxın ki, buğlu şüşə üzərinə “Şuşa” yazanlar, Laçın deyiləndə gözlərinin bulağı açılanlar, “Kəlbəcərin suyu balından da şirin idi, bircə qurtum olsa” deyə dodağı çatlayanlar, “ay Vətən oğlu” deyə haray qoparanlar, “Qa-ra-bağ” qışqırmaqdan səsini kallaşdıranlar bu gün 29-30 il həsrətini çəkdikləri torpağa gedəndə saxlanılır, təcridxanaya salınır, cərimələnir.

1114.jpg (352 KB)

Belə olmaz axı. 30 il boyunca “qaşqınnar” kimi tanınan adamlar üçün o torpaqlar “işğaldan azad olunmuş ərazilər” deyil, doğma torpaqdır, üstündə ilk addımlarını atdıqları çəməndir, çöldür, bəzilərinin – gənclərin heç vaxt görmədiyi, amma böyüklərin dilindən eşidib təsəvvürlərində canlandırdıqları cənnət guşəsidir - quru səhralıq da olsa.

Adamlar o keçəl təpəli, yalın dərəli bozqıra özləri ilə eləcə kölgələrini götürüb getmək istəyirlər.

Onlar buxarlı şüşə üzərinə doğma elinin adını yaza-yaza böyüyən, yurd sevgisini və həsrətini özləri ilə böyüdən adamlardır, buraxın, gedilmiş yollarla getsinlər, dəyməyin.

Xudaferin.eu

00:34