Daşkəsən haqqında qürbətçi nisgilim

Keçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da qoyulub. 1956-cı ilədək Dəstəfur adı ilə tanınıb. Daşkəsən Böyük Vətən müharibəsi zamanı cəbhəyə 6 min əsgər göndərib. Onların çoxu Vətən qəhrəmanı kimi orden və medallarla təltif olunub, bir qismi isə torpaq uğrunda canını qurban veribdir. Ermənistanın işğalçı ordusunun Azərbaycan torpaqlarına təcavüzündən sonra ana yurdumuzun başına min oyunlar açılmış, çoxsaylı şəhid vermiş, ölkəmiz ağır itkilərə, məhrumiyyətlərə düçar olmuşdur.

Daşkəsən rayonunda 1 şəhər, 6 şəhər tipli qəsəbə və 42 kənd var. İnzibati mərkəzi Daşkəsən şəhəridir. Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir.

Mənim doğulduğum Şəkərəm kəndi Daşkəsənin ən səfalı və füsunkar gözəlliyə malik yerlərindən biridir. Rus zülmünə qarşı baş qaldıran İmiş, Qoçaq Qafar kimi igidlər haqq sözü deməkdən çəkinməmiş və onların timsalında bu torpaqlarda mübariz oğullar yetişmişdir. Burada İmişolan mağazı, Təncərəqaya, Nəhrəqoyulan yaylağı, Yerliboyun kimi görməli yerləri üçün burnumun ucu göynəyir. Kazımdarıəkən yer isə adla məşhur idi. Müharibə illərində Kazım adlı mərd kişi bu ərazidə darı əkərək onu camaatla bölüşmüş və o vaxtdan bu yer el arasında da, inzibati olaraq da belə adlandırırlmışdır.

«Xoşbulaq yaylağı» tunc dövrünə aid olan «Daştəpə» qalaçası, «Çoban daşı», «Molla Abdulla bulağı» qalaçası,dəmir dövrünə aid olan «Nağara dağı» ilə məşhurdur, tarixçilərimizin diqqət mərkəzindədir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir.

Əmirvar kəndində «Yastı qaya» adlanan mənzərəli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. «Ləzgi qayası», «Qara inək» mağarası, «Yal yurdu» qalaçası, «Göyçəlilər yurdu» qalaçası, «Dərdər» qalaçası rayonda məşhurdur.

Qabaqtəpə zonası da turizm üçün çox əhəmiyyətlidir. Belə ki, burada 800 m2 ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı kimi mənzərəli guşəsi, təmiz havası, saf suları ilə məşhur olan bu ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır.

Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur.

Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır. Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr var. Meşələrdə, fıstıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir. Rayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər var. Rayonun gur çeşməli, şəffaf, müalicəvi əhəmiyyətli bulaqları var. Daşkəsən rayonu respublikanın mühüm mədən filiz sənayesi rayonlarındandır. Rayonun sənayesinin əsas hissəsini metallurgiya sənayesi təşkil edir.  Dəmir filizi, kobalt, alunit, mərmər, əhəng daşı və s. kimi faydalı qazıntıları ilə məşhur Daşkəsəndə "Daşkəsən", "Cənubi Daşkəsən" və "Dəmir" yataqlarıdı mövcuddur. Daşkəsən rayonu ərazisində (Kiçik Qafqaz dağ silsiləsi) yerləşən "Çovdar" qızıl yatağının istismarına başlanmışdır.

Rayon eyni zamanda kənd təsərrüfatı rayonudur. Kənd təsərrüfatı fəaliyyəti əsasən heyvandarlıq, bitkiçilik, arıçılıq və quşçuluqdur. Heyvandarlıq sahəsində əsasən iri buynuzlu qaramal və xırda buynuzlu davarlar saxlanılır. Heyvanlar əsasən fərdi təsərrüfatlarda saxlanılır. 59 kəndli (fermer təsərrüfatı mövcuddur ki, bunlar hüquqi şəxs kimi fəaliyyət göstərir. Təsərrüfatlarda hazırda əsasən qonur qafqaz, şves, az miqdarda qara-ala və hallavey cinsləri mövcuddur. Davarlarda isə əsasən yerli bozaq qoyunlardır. Heyvanların cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə 3 ərazidə Qabaqtəpə, Əmirvar və Quşçu kəndlərində süni mayalanma təşkil edilmişdir.

Rayonun Tapan kəndində Qudur bulağı, Alaxançallı kəndində Turşsu ərazisi, Qaraqullar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecazkar dəmiryol körpüləri və keçidləri, Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində birtağlı körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli Kurqanlar və daş qəbirstanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbristanlıqları, Əhmədli kəndində türbə, Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış qədimi körpü, 700 m² ərazini əhatə edən Alban məbədi və s. tarixi və təbii abidələr bu gün də rayonun bölgələrində hörmətlə, ehtiramla, heyrətlə qarşılanır.

"Xoşbulaq yaylağı" tunc dövrünə aid olan "Daştəpə" qalaçası, "Çoban daşı", "Molla Abdulla bulağı" qalaçası, dəmir dövrünə aid olan "Nağara dağı" ilə məşhurdur, tarixçilərimizin diqqət mərkəzindədir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir. Əmirvar kəndində "Yastı qaya" adlanan mənzərəli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. "Ləzgi qayası", "Qara inək" mağarası, "Yal yurdu" qalaçası, "Göyçəlilər yurdu" qalaçası, "Dərdər" qalaçası rayonda məşhurdur.

Qabaqtəpə zonası da turizm üçün çox əhəmiyyətlidir. Belə ki, burada 800 m² ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqaya təbii abidəsi, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı kimi mənzərəli guşəsi, təmiz havası, saf suları ilə məşhur olan bu ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır. Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur.

Möhtərəm Prezidentin Daşkəsənlə bağlı verdiyi sərəncamların əksəriyyətinə indiyədək əməl olunmur. Allahın verdiyi bütün təbii gözəlliklərə, yeraltı və yerüstü sərvətlərə sahib olan Daşkəsən əhalisinin böyül bir qimsi, son 20 ildə gənclərə iş yerlərinin açılmaması üzündən Gəncəyə, Yevlaxa, Bərdəyə, Ucara kütləvi köç etməsini Sizcə nə vadar edə bilər? Təbii ki bitr qarın çörək.  Rayonun cavanları, qolu güc tutanları, əmək qabiliyyətli hər kəs digər bölgələrə ailələrini bir qarın çörəyə möhtac qoymamaq üçün üz tuturlar. Bir gün gözlərimizi açacağıq ki, bu bölgəmiz də Şuşanın, Laçının vəziyyətinə dönübdür. Daşkəsənin xüsusilə turizm üçün əlverişli olan Alxançallı-Turşsu yolu bərbad gündədir. Mən orada olanda əhalinin yaşlı nümayəndələrindən təşvişlə alçaqdan uçan helikopterləri göstərib soruşanda, onlar bu helikopterlərin düşmən ermənilərə məxsus olduğunu mənə bildirdilər. Maraqlıdır ki, bu rayonun heç bir güc strukturu belə alçaqdan uçan və kəşfiyyat xarakterli sərbəst şəkildə manevr edən erməni helikopterlərinə gözün üstə qaşın var demir. Daşkəsənin yerli icra məmurları yalnız öz qohum-əqrəbalarının həyat şəraitini yaxşılaşdırmaq üçün çalışırlar. Polis, icra, məhkəmə və s. orqanlar sanki Daşkəsən camaatına düşmən kəslib. Onlar cənab Prezidentin müvafiq tapşırıqlarına əməl etmir və onun Daşkəsənə olan qayğısının və diqqətinin üzərində uzun illərdir ki, kölgə salırlar.

Redaktordan: “Xudafərin” jurnalının Benilüks ölkələri üzrə daimi nümayəndəsi yenicə Azərbaycana səfərdən qayıdan və dövlət və iqtidara sadiq Ş.Şəkərəmlinin mövqeyinə hörmətlə yanaşmışıq və onun Avropanın müxtəlif regionlarından verdiyi reportajlar oxucular tərəfindən müsbət qarşılanmışdır. Onun ifrat iqtidaryönümlü yazılar yazan və yeri gələndə yumşaq tənqidlərini oxuculara çatdıran Ş.Şəkərəmlinin Daşkəsəndə səfərdə olan və doğma rayonu haqqında təəsüratlarının yazıldığı bu məqaləsini nöqtə və vergülünə toxunmadan olduğu kimi yayımlayırıq.

 

Şəmil Şəkərəmli
“Xudafərin” jurnalının Benilüks ölkələri üzrə daimi nümayəndəsi

14:25