Azərbaycannın Dilbər Guşələrindən Biri Lacınımızın İlanqayası

—Qıjıltı ilə axıb, Həkərinin qolunu təşkil edən dağ çayı (Laçın rayonu) Ərdəşəvi kəndinin ərazisinin yaxınlığından keçir. Dağ çayının ləpələri hündür sal qayadan “asılı qalmış”, qara zolaq “İlanqaya”-nın ətəyini yalayır. Hündür sıldırım sal qayadan çaya bir “qara ilan” uzanıb. Çayın ləpədöyənindən isə iki-üç arşın (metr) yuxarı adamabənzər qara daş həkk olunub.

Deyilənlərə görə insanlar o vaxtlar da əməli o qədər saleh olubdur ki, Allah-təala onların istəklərini, arzularını daha tez eşidərmiş və daha tez imdadına çatarmış...

Bu yerlərin qırx incəbel qızları həmin çayda çimərmişlər. Birdən bir əjdahanın qayadan sallanıb onlara tərəf gəldiyini görürlər. Qızların içində bir dünya gözəli varmış, o isə çaydan adlayıb qayanın dibində özünə tumar verərək, saçlarına sığal çəkirmiş, daranırmış. Qızlar nə qədər səsləyirlərsə, çayın qıjıltısı qoymur ki, qoymur çağırış səsələrini eşitsin...

Qız şəlalə saçlarını arxaya yığıb sonsuz göylərə baxır, birdən bir əjdaha ilanın ona tərəf sallanıb ona tamaşa etdiyi görür. Əlacsız qalan qız əllərini sonsuz səmaya göylərin əngilliyinə tərəf qaldıraraq yalvarmağa başlayır ki, onların hər ikisi də daş olsunlar.

Hər ikisi də, ilanda, qızda daşa dönüb, hündür sal qayaya yapışırlar, qayaya həkk olunurlar...

Həkəri çayı o vaxtdan bu günə kimi həmin “İlanqaya” əfsanəsini öz nəğmələrinə qatıb insanlara “danışmaqdan doymur”...

Nemət Bəxtiyar

Mənbə:karabakhmedia.az
Xudaferin.eu

22:05