“Azərbaycanın xarici borcu ümumi daxili məhsulu ötüb keçə bilər”

 

 

“Bütün kredtorlar eyni zamanda vəsaitlərini çəkmək istəsə, onda qaytarmaq mümkün olmur və ölkənin xaricdə olan həmin valyuta ehtiyatlarına, daşınar və daşınmaz əmlaklarına həbs qoyula bilər. Dünya Bankı Azərbaycana ayırdığı 400 milyon dollar həcmində krediti təsdiqləyib. Beləliklə dövlətin götürdüyü kredit həcmi 11,5 milyard dollar olub. Dövlət zəmanəti ilə şirkətlərin götürdüyü borcla birlikdə isə xarici borcumuz 25 milyard dollara yaxınlaşır. ÜDM-in həcmi isə 35 milyard dollar civarındadır. Bu templə davam etsə, 2-3 ilə əlavə borclar və borc faizləri ÜDM-I keçəcək”. Bu haqda REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli qeyd edib.

“Bu, təhlükəli tendensiyadır”

Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli də Azərbaycanın xarici borcunun Ümumi Daxili Məhsulu keçəcəyi fikrini bölüşdüyünü açıqladı: “Əslində, son vaxtlar çox sürətlə borclar alınmağa başlayıb. Düzdür, vaxtilə uzunmüddətli infrasturktur layihələrinin həyata keçirilməsinə vəsait lazım idi. O zaman Azərbaycanın kredit reytinqi də yüksək idi və aşağı faizlə, uzun müddətə kreditlər verirdilər. Ancaq son zamanlar həm neftin qiymətinin kəskin ucuzlaşması ilə bağlı neftə təlabatın azaldığı dönəmlərdə, həm də Azərbaycanda bir neçə dəfə devalvasiya baş verməsi ilə bağlı Azərbaycanın kredit reytinqləri beynəlxalq agentliklər tərəfindən aşağı salınmağa başlandı. Bu da hökumətin daha bahalı kreditlər almağa məcbur olduğunu üzə çıxartdı. Çünki ölkənin öz daxilində problemləri həll etmək üçün vergi yığımı çox aşağı səviyyədədir. Bu da obyektiv, subyektiv səbəblərdən qaynaqlanır. Amma nəinki obyektiv, subyektv səbəblər daha çoxdur. Çünki iqtisadiyyatda monopoliya var və bu sahibkarların ölkədən öz vəsatlərini xaricə çıxartmasına gətirib çıxartdı və biznes dözümsüzlyü buna təkan verdi. Ona görə, mən o fikirləri tam bölüşürəm ki, bir neçə ildən sonra Azərbaycanın xarici borcu ümumi daxili məhsulu ötüb keçə bilər. Bu da təhlükəli tendensiyadır. Baxmayaraq ki, Azərbaycanın neft ehtiyatları təqribən 39-40 milyard civarında qiymətləndirilir. Azərbaycanın da öhdəlikləri var. Onları uzun müddətə xarici maliyyə institutlarına yerləşdirib, amma vaxtı çatan zaman onu götürə bilmirik. Azərbaycan oprerativ nəzarət həyata keçirə bilmir”.

 

“Bunların hamısı kadr islahatlarından keçir”

 

N.Bəydəmirli hesab edir ki, xarici borcun artdığı vəziyyətdə ən yaxşı çıxış yolu iqtisadi fəallığı artırmaq, sahibkarlara münbit şərait yaratmaq və Azərbycanın imicini möhkəmləndirməkdir: “Bu da, siyasi, iqtisadi, məhkəmə islahatları olmasa, eləcə də həm xarici, həm də daxili investorların Azərbaycana etibarını, inamını artırmasaq, baş verən deyil. Bunların da hamısı kadr islahatlarından keçir. Bu kadr islahatlarını aparmamış bunları həyata keçirmək mümkün deyil”.

“Azərbaycanla Amerikanı müqayisə etmək mümkün deyil”

 

Bəydəmirli onu da nəzərə çatdırdı ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycanı xarici borc baxımından müqayisə etmək çox qüsurludur: “Baxmayaraq ki, ABŞ-ın xarici borcu ÜDM-dən çoxdur, təqribən 20 trilyona yaxınlaşır, qeyd etməliyik ki, Amerika bu borcları qiymətli kağızlar ilə heç bir öhdəlik daşımadan həyata keçirib, ancaq borc alıb. Orada dövlətin defolt olması qeyri-mümkündür. Yeri gəlsə, Amerika bunu dollar ekvivalentində özü həll edə bilər. Əslində, kiçik dövlətlər Amerika Birləşmiş Ştatlarına bu vəsaitləri patronajlıq olmaq üçün qoyurlar, yəni o borcların verilməsi Amerikanın daxildə olan istehsalına, iqtisadi stabilliyinə olan etibardan irəli gəlir. Bəzən o borclar faizsiz verilir və qiymətli kağızlara yerləşdirilir. Heç onlara zəmanət belə yoxdur, bata da bilər. Bütün ölkələr də bunu bilirlər. Azərbaycan isə borcları götürdükdə qızıl, valyuta ehtiyatları və hökumətin özünün zəmanəti verilir. Azərbaycan dövlət şirkətlərinə, hansı ki, mülkiyyəti dövlətə aiddir, onlara da hökumət zəmanət durur. Ona görə, Azərbaycanla Amerikanı müqayisə etmək mümkün deyil. Necə ki, bu yaxınlarda Beynəlxalq Bankın məsələsi var idi, hökumət xarici borcun geri qaytarılması ilə bağlı presedent yaşamamaq üçün Amerika Birləşmiş Ştatlarında bir məhkəmə iddiası qaldırıldı və tələbin restruktrizasiya olunması üçün addım atıldı. Yəni bu o deməkdir ki, Azərbaycanın mövqeləri dəfələrlə zəifdir və bunu müqayisə etmək lazım deyil”.

“Büdcə gəlirləri azdır deyə, borcun qaytarılmağında problem yaşana bilər”

 

“Biz bir neçə il əvvəl öyünürdük ki, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 8-10 faizi civarındadır. Çox təəssüf edirəm ki, borclar çox sürətlə artmağa başladı və onun qaytarılması üçün hökumətin əlində böyük rıçaqlar yoxdur. Büdcə gəlirləri azdır deyə, borcun qaytarılmağında problem yaşana bilər. Təsəvvür edin ki, bütün kredtorlar eyni zamanda vəsaitlərini çəkmək istəsə, onda qaytarmaq mümkün olmur və ölkənin xaricdə olan həmin valyuta ehtiyatlarına, daşınar və daşınmaz əmlaklarına həbs qoyula bilər. Bu çox təhlükəli tendensiyadır. Ümid edirəm ki, vəziyyət bu həddə çatmayacaq və Azərbaycan hökuməti bu vəziyyətdən çıxacaq”, - dedi keçmiş millət vəkili.

Şamo, Hurriyyet.org

 

09:40