Azərbaycanı vilayətlərə kimlər və niyə bölürlər?

Əli Əliyev: “Bu addım ciddi fəsadlara yol açacaq”

Əli Orucov: “Mərkəzdənqaçma prosesi başlaya bilər”

Ölkənin inzibati-ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin yaradılması təklif edilir. Milli Məclisin üzvü Tahir Rzayev də bildirib ki, Azərbaycanda vilayətlər yaradıla bilər. Azərbaycanın vilayətlərə bölünməsi hansı effekt verəcək? Bu sistem hansısa fəsadlara yol aça, etnik separatizmi gücləndirə bilərmi? Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev bildirib ki, Azərbaycanın vilayətlərə bölünməsi yalnız ölkənin ziyanına olacaq. Onun sözlərinə görə, bu həm separatçılığın genişlənməsinə, həm də idarəetməyə ciddi təsir göstərəcək: “Belə bir dövrdə avanturist bəyanatların verilməsi əsas məsələdən diqqəti yayındırmağa xidmət edir. Bu gün Azərbaycanın bir nömrəli problemi ərazi bölgüsü deyil, hökumətdir. Nə baş verdi ki, hökumət indi də ölkəni inzibati ərazilərə bölmək qərarı verdi? Belə qeyri-sabit, bacarıqsız hökumət dövründə ölkənin yenidən qayçılanması hesab edirəm ki, fəsaddan başqa heç nə verə bilməz. Çünki cəmiyyət çox narahatdır. İstisna etmirəm ki, gələcəkdə sosial, iqtisadi problemlər fonunda kənardan dəstək alan etnik qruplar ölkədə müəyyən təxribatlara əl atsınlar. Bir vilayətimiz var idi, onu da erməniyə təslim etdilər. Bu olduqca yanlış, ziyanlı bir fəaliyyət olar. Əgər Azərbaycan vilayətlərə bölünəcəksə Cənub və Şimal qonşularımız təsir imkanları genişlənəcək. Bu da separatçılığın artmasına səbəb olacaq. Çünki hökumət nəzarət imkanında deyil”.Ə
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) siyasi şurasının üzvü Əli Orucov da ölkənin vilayətlərə bölünməsinin təhlükəli olduğunu vurğulayıb. Ə.Orucov hesab edir ki, vilayətlər yaranarsa onların mərkəzdənqaçma ehtimalı böyük olacaq: “Əslində idarəçiliyin özünü təkmilləşdirmək lazımdır. Yoxsa hansısa inzibati ərazi vahidlərinin bölgüsü aparılmalı deyil. Bu variant mümkün ola bilər. Amma bölgünün hansı şərtlərlə aparılması məsələsi ortaya çıxacaq. Azərbaycanı vilayətlərə bölə bilməyəcəklər. Çünki bu qədər ştatları, strukturları, əməkdaşı ixtisara salmaq lazım gələcək. Hər halda vilayətlərə bölünmə rayonların statuslarından asılı olacaq. Onlara hansı status veriləcək, idarəetmə necə tənzimlənəcək, bütün bunlar müzakirə olunacaq məsələlərdir. Ona görə dəbu cür məsələləri gündəmə gətirməkdənsə ölkənin düşdüyü iqtisadi böhrandan çıxarmaq üçün təkliflər vermək lazımdır. Digər tərəfdən vilayətlərin yaradılmasından çox, yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini artırmaq lazımdır. İnsanlar da bu sistemdə özünü sərbəst, daha rentabelli apara bilsinlər. Qurumlar da xalqın maraqlarına xidmət eləsin. Vilayətlərin yaranmasında təhlükəli məqamlarda var. Onlar müstəqil fəaliyyət göstərmək üçün mərkəzdənqaçma prosesinə başlaya bilərlər. Əsas idarəetməni təkminləşdirmək və çevikləşdirmək lazımdır”.

Vilayət Muxtar
Cebhe.info

11:06