Avropa Məhkəməsi Ermənistanı təqsirli bildi – qatil olduğuna görə

 

Ermənistan dövləti polisin qətlə yetirdiyi vətəndaşın ölüm şəraitinin açılmamasının haqqını ödəyəcək. Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan Respublikasına qarşı qərar qəbul edərək onu Seyran Ayvazyanın yaşamaq hüququnun tapdalanmasında, qətl şəraitinin aydınlaşdırılmamasında təqsirli bilib.

Məhkəmənin qərarına görə, Ermənistan Ayvazyanın hüquqi varisi olan bacısına 15 000 avro məbləğində təzminat ödəməlidir. Qətlə yetirilənin bacısı Sirvard Ayvazyan beynəlxalq məhkəməyə ünvanladığı ərizəsində bildirib ki, onun şizofreniyadan əziyyət çəkən qardaşını tutmaq üçün Lori vilayətinə gələn polislər, onu özlərinin iddia elədikləri kimi özünümüdafiə məqsədilə yox, həmkarlarının aldığı yüngül xəsarətin intiqamını almaq üçün öldürüblər. Polislər müxtəlif növ silahlar və qumbara ilə silahlandıqları halda, Seyran Ayvazyanın əlində yalnız bıçaq varmış və o, polislərin həyatı üçün təhlükəli hesab edilə bilməzdi. Ayvazyan yazır: “Bunu həm də polisin onun ayağını yaraladıqdan sonra açdıqları 10 atəşin 6-nın onun kürəyinə tuş gəlməsi isbat edir. Bundan başqa, polislər Seyranın psixoloji pozğunluq keçirdiyini və dəfələrlə xəstəxanaya aparıldığını bilirdilər, ona görə də onu yaxamaq üçün psixiatr çağırmalı idilər”.

Şikayətçi Ermənistandakı məhkəmə orqanlarını ölümü araşdırmadığı üçün onlardan da narazılığını bildirib: “Bütün təhqiqatların hədəfi onun ölümü yox, ölənə qədər etdikləri olub. Ayvazyanı öldürənlərin kimlikləri bəlli olsa da, onlar məhkəmə qarşısına çıxmayıblar. Yeganə şahidlər polislər olublar, hakimiyyət isə faktların aşkara çıxarılması üçün zəruri tədbirlər görməyiblər”.

Hurriyyet.org

 

11:10